Son aylarda sosial şəbəkələrdə maraqlı, lakin elmi əsası olmayan bir iddia sürətlə yayılır. Guya 12 avqust 2026-cı ildə Yer kürəsi 7 saniyəlik cazibə qüvvəsini itirəcək, insanlar və əşyalar həmin anda havaya qalxacaq və hətta 40 milyon insanın həyatla vidalaşacağı iddia edilirdi.
Modern.az xəbər verir ki, bəzi paylaşımlarda hətta bunun NASA-nın “Project Anchor” adlı gizli layihəsi ilə əlaqəli olduğu və hadisənin əvvəlcədən məlum olduğu iddia edilir.
İddianın daha da diqqətçəkən tərəfi odur ki, guya hadisə 12 avqust saat 14:33 UTC-də, yəni Bakı vaxtı ilə 18:33-də baş verəcək.
Lakin bütün bunların arxasında heç bir etibarlı elmi sübut yoxdur. NASA-ya istinad edən fakt-yoxlama araşdırmalarında belə bir sənədin və ya Yerin cazibəsini 7 saniyəlik söndürəcək hər hansı mexanizmin mövcudluğuna dair sübut tapılmayıb.
Bəs niyə məhz 12 avqust?
Çünki həmin gün həqiqətən də möhtəşəm astronomik hadisə — tam Günəş tutulması baş verəcək. Ay Günəşlə Yer arasından keçərək kölgəsini Yer səthinə salacaq. Tam tutulma zolağı Qrenlandiya, İslandiya, Şimali Rusiya, Atlantik okeanı, İspaniya və Portuqaliyanın kiçik bir hissəsindən keçəcək. Dünyanın daha geniş ərazilərində isə tutulma qismən müşahidə olunacaq.
Tam tutulmanın başlaması:
16:58 UTC → 20:58 Bakı vaxtı
Maksimum tutulma:
17:46 UTC → 21:46 Bakı vaxtı
Tam tutulmanın başa çatması:
18:34 UTC → 22:34 Bakı vaxtı ilə baş verəcək.
Bəs “7 saniyəlik çəkisizlik” haradan çıxdı?
Görünür, real astronomik hadisə — Günəş tutulması saxta bir hekayə ilə birləşdirilib. Sosial şəbəkələrdə əvvəlcə “Yer 7 saniyəlik cazibəsini itirəcək” iddiası yayılıb, daha sonra buna guya NASA-nın gizli sənədi və “Project Anchor” kimi detallar əlavə edilib.
Əslində isə Günəş tutulması zamanı Yerin cazibə qüvvəsi yox olmur. Ayın Yerə və Günəşin Yerə göstərdiyi cazibə qüvvələri daim mövcuddur. Tutulma sadəcə Ayın Günəş diskinin qarşısından keçməsi nəticəsində yaranan həndəsi hadisədir.
Deməli, 12 avqustda qeyri-adi bir şey həqiqətən baş verəcək — Günəş tutulması. Amma insanların havaya qalxmasına səbəb olacaq 7 saniyəlik “qravitasiya itkisi” baş verməyəcək.
Astronomiya