ABŞ Prezidenti Donald Tramp İranın ABŞ hərbçilərinin həlak olması və ağır yaralanmasına görə kompensasiya ödəməsini tələb edəcəyini bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, İran rəsmiləri son beş ay ərzində davam edən hərbi münaqişə nəticəsində ölkəyə dəymiş zərərin kompensasiya edilməsini tələb edirlər. Tramp isə buna cavab olaraq Tehran qarşısında qarşılıqlı tələblər irəli sürmək niyyətində olduğunu açıqlayıb.
ABŞ Prezidenti bildirib ki, bu tələblərə müxtəlif münaqişələrdə həlak olan və yaralanan amerikalı hərbçilərlə bağlı kompensasiya məsələsi də daxildir.
Tramp, həmçinin son 50 il ərzində İranda keçirilən etiraz aksiyalarının iştirakçılarının ailələrinə kompensasiya ödənilməsinin vacibliyini vurğulayıb.
O, nümayəndələrinə Tehranla gələcək danışıqlarda bu tələbləri qəti şəkildə gündəmə gətirməyi tapşırdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl, avqustun 9-da Tramp ABŞ-nin İranla danışıqlar apardığını açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton bu danışıqları “yarım güclə” aparır və eyni zamanda İranda iqtisadi vəziyyəti izləyir.