Modern.az

Geyim mədəniyyətini məktəbdən formalaşdırmalıyıq – Aşıq Samirə

Geyim mədəniyyətini məktəbdən formalaşdırmalıyıq – Aşıq Samirə

Ölkə

12 Oktyabr 2026, 15:25

Məktəblərdə vahid geyim qaydalarının tətbiqi cəmiyyətdə müzakirələrə səbəb olur. Bəziləri məktəbli formasını dəstəkləsə də, digərləri bu qaydaların zəruriliyini və şagirdlərin geyim seçiminə qoyulan məhdudiyyətləri müzakirə edirlər.

Mövzu ilə bağlı ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, aşıq Samirə Əliyeva Modern.az-a açıqlama verib.

O bildirib ki, orta məktəb şagirdlərə yalnız bilik və bacarıq qazandırmır, eyni zamanda onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Məktəb illərində uşaqlar ünsiyyət mədəniyyətini, davranış qaydalarını, yaşıdları, müəllimləri və digər insanlarla münasibət qurmağı öyrənirlər.

S.Əliyevanın sözlərinə görə, məktəbdə təlim-tərbiyə prosesi də xüsusi əhəmiyyət daşıyır. Şagirdlərin bilik və bacarıqları yüksək səviyyədə mənimsəməsi üçün onların diqqətini yayındıran amillərin minimuma endirilməsi vacibdir. O, bu baxımdan mobil telefonlardan istifadə ilə bağlı qəbul edilən qərarları da müsbət qiymətləndirib.

Aşıq vahid məktəbli geyim qaydalarının tətbiqini də əhəmiyyətli hesab edir. Onun fikrincə, bütün şagirdlərin eyni geyim qaydalarına riayət etməsi ailələrin sosial vəziyyətindən asılı olmayaraq, məktəbdə bərabərliyin qorunmasına kömək edir. Şagirdlər arasında geyimə görə fərqləndirməyə və ayrı-seçkiliyə yol verilməməlidir.

Samirə Əliyeva valideyn kimi də vahid məktəbli formasını dəstəklədiyini vurğulayıb. O qeyd edib ki, övladları da illərdir bu qaydalara əməl edirlər.

Onun sözlərinə görə, məktəb uşaqlara biliklə yanaşı, davranış və geyim mədəniyyəti də aşılayır. Tərbiyə yalnız geyimlə ölçülməsə də, məktəbli formasının bu prosesdə özünəməxsus rolu var.

“Geyim mədəniyyətini məktəbdən formalaşdırmalıyıq ki, övladlarımız harada və necə geyinməyin qaydalarını kiçik yaşlarından öyrənsinlər. Sərbəst geyim üçün əyləncə məkanları, valideynlərlə gəzinti yerləri və məktəbdənkənar digər imkanlar var. Ancaq məktəbin öz geyim qaydaları mövcuddur və uşaqlar bu qaydalara riayət etməyi öyrənməlidirlər.

Çünki bu gün məktəb qaydalarına əməl edən övladlarımız gələcəkdə dövlətin müəyyən etdiyi qanunlara riayət etmək bacarığı da qazanacaqlar. Övladlarımızın gələcəyi hamımız üçün önəmli olmalıdır”, – deyə S.Əliyeva bildirib.

Nicat Rüstəm

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı