Modern.az

“Erməni bayrağının altında uzana bilmərəm...” – Şəhid Səidin son döyüşü

“Erməni bayrağının altında uzana bilmərəm...” – Şəhid Səidin son döyüşü

Qarabağ

Bu gün, 21:30

Vətən müharibəsində Hadrutun azadlığı uğrunda döyüşən baş leytenant Səid Rəşidzadə 2020-ci il oktyabrın 11-də Şişqaya yüksəkliyinə Azərbaycan bayrağını sancarkən şəhid olub. Birinci Qarabağ müharibəsində iştirak edən atası Nofəl Qasımov illər əvvəl azad edə bilmədiyi yüksəkliklərə bu dəfə oğlunun çatdığını görüb.

Şəhidin atası Nofəl Qasımov Modern.az-a müsahibəsində oğlunun hərbi xidmət yolundan, müharibəyə könüllü qayıtmasından və son döyüşündən danışıb.

“Polad şəhid ola bilməz”

1554106

Nofəl Qasımovun sözlərinə görə, Səid 2012-ci ildən Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu mövqedə xidmət etmək arzusunda olub. Beş il həmin səngərdə xidmət edən Səid 2016-cı ilin Aprel döyüşlərində Polad Həşimovla birlikdə vuruşub. Daha sonra Bakı qarnizonunda, Nasosnıdakı hərbi hissədə mühafizə rəisi işləyib. 2019-cu ildə isə hərbi xidmətdən tərxis olunub.

Atası bildirib ki, Səid dəfələrlə yenidən orduya qayıtmaq istədiyini deyib. Polad Həşimovun şəhid olması xəbəri isə ona ağır təsir edib.

“Polad Həşimovun şəhid olması xəbərini mənə verdilər. Mən telefonda danışanda anası eşidib Səidə dedi ki, ‘Polad Həşimov kimdir? Atana zəng gəldi, şəhid olduğunu dedilər’.

Mən bilmirdim ki, Səidlə Polad yaxın olublar. O xəbəri eşidəndən sonra Səid üç gün yemək yemədi. Yatanda tez-tez ayılır, su içirdi. Deyirdi: ‘Polad şəhid ola bilməz, Polad şəhid ola bilməz’”.

“Səfərbərliyi sən özün öyrədirsən ki, məni çağırmasınlar?”

Nofəl Qasımovun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Səid ona müharibəyə getmək istədiyini bildirib. Hərbi xidmətdən tərxis olunduğuna görə yenidən orduya qayıtması ilə bağlı çətinliklər yaranıb.

“Füzuli Səfərbərlik İdarəsi ilə əlaqə saxladım. Oradan mənə dedilər ki, ‘Nofəl müəllim, gəlməsin, çünki əmr olmalıdır. Biz onu çağıra bilmərik, uyğunsuzluqla tərxis olunub’.

Səid əsəbiləşdi, mənə dedi ki, ‘Səfərbərliyi sən özün öyrədirsən ki, məni çağırmasınlar?’”

Atasının sözlərinə görə, səhəri gün Səid çantasını hazırlayıb Füzuliyə yola düşüb. Sonradan məlum olub ki, o, könüllü olaraq döyüşlərə qatılmaq üçün sənədlərini özü hazırlayıb.

Atasının topladığı taborun sıralarında döyüşdü

Səidin hansı hərbi hissəyə qoşulması Nofəl Qasımov üçün xüsusi məna daşıyıb. Belə ki, 1991-ci ildə atasının topladığı taborun tərkibində bu dəfə oğlu döyüşə yollanıb.

“Səid özünün topladığı 56 nəfərlik həmlə qrupu ilə Kənd Horadizin üstündən müharibəyə qoşuldu. 702-ci hərbi hissənin 3-cü taboruna daxil oldu. Bunu eşidəndə şoka düşdüm. Çünki 1991-ci ilin fevralından həmin taboru özüm toplamışdım”.

“Hadrut görünür” – atanın yaddaşında qalan son söhbətlərdən biri

1554112

Nofəl Qasımov bildirib ki, oktyabrın 9-da oğlu ilə danışarkən Səid ona Hadrutun göründüyünü deyib. Bu xəbər atasında Birinci Qarabağ müharibəsi illərinin ağır xatirələrini canlandırıb.

“Gözümün qarşısına 1992-1993-cü illərdə özümün ala bilmədiyim yüksəkliklər gəldi: Şişqaya və Ərgünəş dağı. Bu mövzu mənim üçün çox ağır idi. Çünki vaxtilə üç dəfə hücum etmişdik, hər dəfə də 25-30 şəhid verərək geri çəkilmişdik. O dağları ala bilmirdik, mən də həmin yüksəkliklərə həsrətlə baxırdım”.

Atasının sözlərinə görə, Səid Şişqaya yüksəkliyinin alınmasını öz üzərinə götürüb və döyüşçüləri seçərək əməliyyata hazırlaşıb.

“Orada bir post vardı. Biz 1993-cü il avqustun 15-də həmin ərazidə 35 şəhid vermişdik. Səid həmin postu 7-8 döyüşçü ilə birlikdə aldı.

Sonra 15-20 dəqiqə kömək gəlməsini gözləmək lazım idi. Səid deyib: ‘Mən Azərbaycan zabitiyəm, erməni bayrağının altında uzana bilmərəm. Bayrağı dəyişməliyəm’.

Beyləqandan götürdüyü bayrağı sinəsində gəzdirirmiş. Bayrağı öpüb. Döyüş yoldaşları ona ‘Komandir, səni vuracaqlar’ deyiblər. Səid isə ‘Bilirəm, vuracaqlar, amma qorxmayın, 15 dəqiqəyə kömək gələcək’ cavabını verib.

Dirəyə yaxınlaşıb bayrağı sancmaq istəyəndə qarşı tərəfdən atılan snayper gülləsi Səidin gözünə dəyib. Daha sonra kömək gəlib, döyüş yoldaşları bayrağı sancaraq üzərinə Səidin adını yazıblar”.

“Öz oğlum da 126-cı şəhiddir”

1554111

Nofəl Qasımov deyib ki, gənc yaşlarında 125 şəhidin dəfnində iştirak edib. İllər sonra öz oğlunu da şəhid kimi torpağa tapşırıb.

“Mənim 30-31 yaşım olanda 125 şəhid dəfn etmişəm. Öz oğlum da 126-cı şəhiddir. Mən sevinc hissi keçirirdim. Çünki illərlə torpaqlarımızın azad olunmasını istəyirdik, onlar da azad etdilər.

Sevinclə yanaşı, özümü günahkar da hiss edirəm. Çünki 1992-ci ildə o torpaqları azad etsəydik, indi balalarımız 30 il sonra orada şəhid olmazdı. Düzdür, 1992-1993-cü illərdə övladlarımızın, atalarımızın, əmilərimizin tökdüyü bünövrənin üstündə bu günkü övladlarımız quruculuğu davam etdirdilər. Onları heç vaxt unutmaq olmaz. Mən hər dəfə Füzulidə Səidin yanına gedəndə həmin şəhidləri də ziyarət edirəm”.

Şəhid atasının sözlərinə görə, oğlunun ölüm xəbərini alanda ilk olaraq onun rəhbərlik etdiyi bölüyün taleyini soruşub.

“Komandir bu xəbəri mənə verəndə ilk sualım o oldu ki, bəs bölüyü kim idarə edir? Çünki 1992-ci illərdə belə hadisələr çox olurdu. Komandirlər vurulanda bölük dağılırdı, uşaqların hərəsi bir tərəfə qaçırdı. Dedim ki, ‘Əzizim, mən səni başa düşdüm, Səid şəhid olub. Bəs bölüyü kim idarə edir? Bölük başsız qalmayıb ki?’”

Nofəl Qasımov altı il ərzində bir dəfə də olsun ağlamadığını deyib. O, oğlunun atasının ağlamasını istəməyəcəyinə inanır.

“Daha anaların gözündə göz yaşı, qorxu olmayacaq. Onlar bu gün torpağın altında, müqəddəs yerdədirlər, biz də torpağın üstündə. Düşünürəm ki, onların ziyarətinə gedəndə ruhlarımız qovuşur”.

Səid Rəşidzadə kimdir?

1554109

Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. 1996-2007-ci illərdə S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Səid Rəşidzadə 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Hərbi xidmətdən tərxis olunduqdan sonra Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb.

Baş leytenant Səid Rəşidzadə 2020-ci il oktyabrın 11-də Hadrutun azadlığı uğrunda döyüşlərdə şəhid olub. Füzuli rayonunda dəfn edilib.

O, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları, həmçinin “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...