Modern.az

3 yaralını xilas etdi, 4-cünü qoruyarkən şəhid oldu - Hərbi həkim Turqut Xəlilbəyli

3 yaralını xilas etdi, 4-cünü qoruyarkən şəhid oldu - Hərbi həkim Turqut Xəlilbəyli

Qarabağ

Bu gün, 18:09

Bu gün şəhid həkim Turqut Xəlilbəylinin anım günüdür. Turqut həmişə hər kəsin sevimlisi olub.
Modern.az-ın məlumatına görə, bunu şəhidin valideynləri deyib. Onların sözlərinə görə, Turqut o qədər gülərüz insan olub ki, bütün şəkillərində gülümsəyir. Şəhidin anası Almas xanım deyib ki, oğlu onun yuxularına gələndə də gülümsəyir.

Şəhidin atası Nadir Hüseynov oğluna Turqutun adının qoyulmasından danışıb:

“Bacım ona Turqut, atam isə Xəlil adının qoyulmasını istəyirdi. Mən də hər ikisinin könlü xoş olsun deyə,  soyadını dəyişdirib Xəlilbəyli, adını isə Turqut qoydum”.

Hərbçi olmaq Turqutun uşaqlıq xəyalı olub.

“Turqut uşaqlığından hərbçi olmaq istəyirdi. Amma anasının arzusu idi ki, Turqut həkim olsun. O da vaxtı gələndə iki xəyalı da birləşdirərək, hərbi həkim ixtisasına yiyələndi. Ümumiyyətlə o, böyüklərinin sözündən çıxmazdı. Hətta son dönəmlər deyirdim ki, iki qardaşsınız, artıq biriniz evlənin. Razı salmışdıq, Turqut şəhid olduğu il evlənməyi planlaşdırırdı”, - şəhid atası deyib.

Nadir Hüseynov oğluyla son dəfə oktyabrın 4-də görüşüb.

“Turqut həmin vaxt ön cəbhədəymiş. Amma bunlardan xəbərimiz yox idi. Mən dərmanların daşındığı maşında sürücü idim. Bilmirdi ki, mən oralara gələcəm. Bir yoldaşı məni görcək dedi ki, "əmi, Turquta söyləyin ki, bronjilet geyinsin". Əvvəlcə anlamadım, öz-özümə düşündüm ki, belə yerdə nə bronjilet... Amma sonradan başa düşdüm ki, Turqut fəaliyyətini təhlükəli zonalarda davam etdirir”.

Həkim yoldaşları da Turqutdan danışıblar:

“Ön cəbhə istiqamətinə yola düşəndə dedi ki, sən düş, mən gedəcəyəm. Dedim ki, mən də səninlə gedəcəyəm. Dedi yox, sən evlisən, ailən səni gözləyir. Mən maşından düşmədim, sakitcə yaxınlaşıb mənə 2 yumruq atdı. Huşumu itirdim, oyananda isə həkim dəstəsi getmişdi...

... Turqut peşəsinə,vətəninə aşiq bir igid idi”.

Turqut Xəlilbəyli Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralılara yardım edib. 3 nəfəri xilas edib, 4-cünü qorumaq üçün üzərinə atılanda şəhid olub.

Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də  Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerində yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı