Kanadanın analitik onlayn platforması “Visual Capitalist” hansı ölkələrdə vergilərin ən yüksək və ən aşağı olduğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparıb.
Modern.az xəbər verir ki, hesablamalar sadə prinsip əsasında həyata keçirilib: ölkənin ÜDM-ində vergi daxilolmalarının payı nə qədər yüksəkdirsə, həmin ölkədə vergitutma səviyyəsi də bir o qədər yüksək hesab olunur. Araşdırmada dünyanın 192 dövlətinin göstəriciləri qiymətləndirilib.
Tədqiqat və qlobal reytinq üçün istifadə olunan məlumatlar Beynəlxalq Valyuta Fondunun (BVF) illik hesabatlarından götürülüb.
Vergilərin ən yüksək olduğu ölkələr
Öz vətəndaşlarını yüksək səviyyədə vergiyə cəlb edən ölkələr, bir qayda olaraq, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdir. Bu baxımdan, hazırda dünyada vergi daxilolmalarının ÜDM-də payının 45,3 faiz təşkil etdiyi Danimarka birinci yerdədir.
Bu göstərici üzrə dünyada ikinci yeri Bolqarıstan tutur. Burada vergilərin ölkənin ümumi ÜDM-ində payı 38,8 faizdir. Üçüncü yerdə isə 38,7 faiz göstərici ilə İsveç qərarlaşıb.
Dünyada vergilərin ən yüksək olduğu ilk on ölkəyə həmçinin aşağıdakılar daxildir:
Namibiya — ÜDM-in 35,3 faizi;
İslandiya — 33,4 faiz;
Yeni Zelandiya — 32,6 faiz;
Norveç — 31,3 faiz;
Esvatini — 30,7 faiz;
Lüksemburq — 30,7 faiz;
Finlandiya — 30,4 faiz.
Hazırda İtaliyada vergilərin ÜDM-də payı 29,6 faiz, Kanadada 29,5 faiz, Avstraliyada 29,4 faiz, Fransada 28,7 faiz, Böyük Britaniyada 28,5 faiz, Ukraynada 27,4 faiz, Gürcüstanda isə 24,9 faiz təşkil edir.
MDB ölkələrində vergilərin vəziyyəti
MDB ölkələri arasında ən yüksək göstərici Belarusda qeydə alınıb. Vergi daxilolmalarından asılılıq səviyyəsinə görə bu ölkə dünyada 24-cü yerdədir. Vergilərin ÜDM-də payı 27,2 faizdir.
Bu göstərici üzrə MDB ölkələri arasında ikinci, dünyada isə 56-cı yerdə Ermənistan qərarlaşıb. Burada vergilərin ÜDM-də payı 22,4 faizdir.
MDB ölkələri arasında üçüncü, dünya üzrə isə 63-cü yerdə Qırğızıstan gəlir. Ölkənin ÜDM-ində vergi daxilolmalarının payı 21,8 faizdir.
Sonrakı yerlərdə aşağıdakı ölkələr qərarlaşıb:
Rusiya — dünyada 83-cü yer, ÜDM-in 19,2 faizi;
Tacikistan — 99-cu yer, 17,1 faiz;
Qazaxıstan — 106-cı yer, 16 faiz;
Özbəkistan — 125-ci yer, 13,6 faiz.
Vergilərin ən aşağı olduğu ölkələr
Dünyada vergi daxilolmalarından ən az asılı olan və bu göstəriciyə görə vergitutma səviyyəsi ən aşağı hesab edilən ölkə Liviyadır. Burada vergilərin ÜDM-də payı cəmi 1,2 faizdir.
Bu istiqamətdə göstəriciləri nisbətən yüksək olsa da, vergilərin ÜDM-də payının aşağı olduğu digər ölkələr bunlardır:
Küveyt — 1,4 faiz;
İraq — 1,7 faiz;
Sudan — 2 faiz;
Yəmən — 2 faiz;
Somali — 2,2 faiz;
Qətər — 3,8 faiz;
Bəhreyn — 4,4 faiz;
Oman — 4,5 faiz;
Cənubi Sudan — 4,8 faiz.
Qeyd: Bu reytinq vergi daxilolmalarının ÜDM-dəki payını müqayisə edir. Bu göstərici ayrı-ayrı vətəndaşların ödədiyi vergilərin dərəcəsini birbaşa əks etdirmir.