Modern.az

“Ana, quş kimi gedirəm...” – Muradın Hadrutla bağlı yarımçıq qalan arzusu

“Ana, quş kimi gedirəm...” – Muradın Hadrutla bağlı yarımçıq qalan arzusu

Qarabağ

Bu gün, 16:40

Bəzi xatirələr var ki, illər keçsə də, unudulmur. Övladının səsi, gülüşü, gələcəklə bağlı arzuları bir ananın yaddaşında daim yaşayır. Hər xatirə həm qürur, həm də sağalmaz həsrət gətirir. Şərqiyyə xanım üçün oğlu Murad Məmmədovun xatirəsi də belədir. O, oğlunu Vətənini sevən, ali təhsil alan, gələcəklə bağlı böyük arzuları olan bir gənc kimi xatırlayır. Muradın cəbhədən anasına dediyi “Mən quş kimi gedirəm...” sözləri isə illər keçsə də, yaddaşlardan silinmir.

Şəhid Murad Elşən oğlu Məmmədovun anası Şərqiyyə xanım Modern.az-a müsahibəsində oğlu ilə bağlı xatirələrini bölüşüb, onun Vətən müharibəsinə yollanmasından, cəbhədən etdiyi zənglərdən və Hadrutla bağlı yarımçıq qalan arzularından danışıb.

Muradın uşaqlıqdan başlayan təhsil yolu

1554097

Murad Elşən oğlu Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub. 2002–2013-cü illərdə 272 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra Türkiyənin Ərciyəs Universitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə ali təhsil alıb, təhsilinin bir ilini isə Bolqarıstanın Sofiya şəhərində davam etdirib.

Magistratura təhsilini davam etdirmək imkanı qazanan Muradın gələcəklə bağlı planları vardı. Lakin 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərindən sonra hərbi xidmətə yollanmaq qərarına gəlib. Sentyabrın 20-də hərbi təlimlərə qatılıb, sentyabrın 27-də başlayan Vətən müharibəsində isə Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

“Mən quş kimi gedirəm, quş kimi...”

Şərqiyyə xanım oğlunun cəbhədən etdiyi zəngləri bu gün də xatırlayır. Murad Cəbrayılda olarkən anasına zəng edərək həmin əraziyə gedib qayıtdıqlarını söyləyib. Hadrutdan danışanda isə oranın gözəlliyindən söz açıb. Onun üçün Vətən torpaqlarının azadlığı hər şeydən üstün olub.

Anası bir dəfə Muradın ağır hərbi çantasını necə daşıdığına təəccüblənərək ondan soruşub:

“Ay Murad, sən özün 50 kilosan, 70 kiloluq çantanı necə daşıyırsan?”

Muradın cavabı isə Şərqiyyə xanımın yaddaşına əbədi həkk olunub:

“Mən quş kimi gedirəm, quş kimi gedirəm...”

Şərqiyyə xanım deyir ki, oğlunun bu sözləri onun Vətən uğrunda mübarizəyə necə böyük inamla yanaşdığını göstərirdi. Ana oğluna torpaqlar azad ediləndən sonra onu Hadrutun ən gözəl yerlərinə aparacağına söz vermişdi. Lakin bu arzu yarımçıq qaldı. Hadrut azad edildi, amma Murad anası ilə birlikdə həmin torpaqları gəzmək üçün geri qayıtmadı.

“Oğlunun biri qazi, biri şəhid ola...”

1554098

Şərqiyyə xanımın yaddaşında qalan ən təsirli söhbətlərdən biri də Muradın müharibə ilə bağlı ona dediyi sözlərdir. Bir gün oğullarından könüllü yazılıb-yazılmadıqlarını soruşub. Onlar könüllü olmadıqlarını desələr də, əslində, hər ikisi könüllü yazılmışdı.

Murad həmin söhbət zamanı anasına belə deyib:

“Sən elə gözəl ana olasan ki, oğlunun biri qazi, biri şəhid ola... Ən gözəl analardan biri olarsan”.

Bu sözləri eşidən Şərqiyyə xanımın ürəyi ağrıyıb. Oğluna küsərək bildirib ki, övladlarından başqa heç kəsi yoxdur və belə bir arzunu diləmələrini istəmir.

Ana ürəyi övladını itirmək ehtimalını belə qəbul etmək istəmir. Muradın həmin vaxt söylədiyi sözlər isə sonradan acı həqiqətə çevrilib: oğullarından biri şəhid olub, digəri isə qazi.

Magistratura arzusu yarımçıq qaldı

1554099

Murad ali təhsilini başa vurduqdan sonra magistratura təhsilini davam etdirmək imkanına malik idi. Ancaq Vətən müharibəsi başlayanda gələcəklə bağlı planlarını kənara qoyaraq cəbhəyə yollandı. Onun qarşısında qurmaq istədiyi həyat, əldə etmək istədiyi uğurlar vardı. Lakin Murad Vətənin müdafiəsini hər şeydən üstün tutdu.

Azərbaycan Ordusunun əsgəri Murad Məmmədov 2020-ci il oktyabrın 15-də şəhid olub. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Həmçinin Xocavənd rayonunun azad olunması uğrunda göstərdiyi igidliyə görə 25 dekabr 2020-ci il tarixli sərəncamla “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.

Murad cəmi 24 yaşında şəhid oldu. Onun magistratura təhsili almaq, gələcəyini qurmaq və sevdikləri ilə daha çox vaxt keçirmək arzuları yarımçıq qaldı. Ancaq Vətən uğrunda göstərdiyi fədakarlıq onu ailəsinin və xalqımızın yaddaşında əbədi yaşadacaq.

Hadrut azad edildi, ana arzusu yarımçıq qaldı

1554100

Hadrut 2020-ci il oktyabrın 9-da işğaldan azad edilib. Murad isə altı gün sonra, oktyabrın 15-də şəhid olub. Onun azad görmək istədiyi torpaqlar Vətənə qovuşsa da, bu sevinci anası ilə bölüşmək ona qismət olmayıb.

Şərqiyyə xanım deyir ki, hələ də Hadruta getməyə özünü hazır hiss etmir. Çünki həmin ərazi onun üçün sadəcə bir məkan deyil. Hadrut oğlunun səsi, cəbhədən etdiyi zənglər və birlikdə gerçəkləşdirə bilmədikləri arzularla bağlı xatirələri yaşadır.

Bəlkə də bir gün ana oğlunun ayaq basdığı torpaqlara gedəcək. Ancaq həmin səfərdə Muradın yanında olmaması onun yoxluğunu daha dərindən hiss etdirəcək. Şərqiyyə xanım üçün oğlunun “Mən quş kimi gedirəm...” sözləri isə hər zaman yaddaşında yaşayacaq.

Murad Məmmədov geri qayıtmadı. Ancaq onun Vətən sevgisi, qəhrəmanlığı və anasının qəlbində yaşayan xatirəsi zamanla silinməyəcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər