Dünyanın ən mötəbər idman yarışlarından biri hesab olunan futbol üzrə Dünya Çempionatı yenidən milyonlarla azarkeşin diqqət mərkəzindədir. Turnir yaxınlaşdıqca, azarkeşlərin hansı milli komandaları dəstəklədiyi barədə müzakirələr də qızışır. Budəfəki Dünya Çempionatı 11 iyun - 19 iyul aralığında ABŞ, Meksika və Kanadada keçiriləcək. Bu çempionatda Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən Türkiyə və ilk dəfə Özbəkistan da iştirak edəcək.
Modern.az saytı media nümayəndələrindən Dünya Çempionatında hansı milli komandaya azarkeşlik edəcəklərini və favoritlərinin kim olduğunu soruşub.
"Report" İnformasiya Agentliyinin baş redaktor müavini Emil Quliyev bildirib ki, o, ilk dəfə 1982-ci ildə Dünya Çempionatına baxıb:
"O zaman favoritim olmayıb. Favoritim 1986-cı ildə formalaşıb: Argentina. O da Maradonaya görə. O zamandan mən yalnız Argentinaya azarkeşlik edirəm və arzu edirəm ki, əvvəlki çempionatda olduğu kimi, bu dəfə də Argentina qalib olsun".
APA İnformasiya Agentliyinin baş redaktoru Fərid Mirzə: "Düz 28 ildir İspaniya yığmasına azarkeşlik edirəm. Bu, Fransa-98-ə təsadüf edirdi. Nigeriya ilə dramatik oyun, Subisaretta kimi əfsanənin kobud səhvi hələ də xatirimdədir. Məni belə desək, Raul-Morientes tandemi “naxoş” elədi. Çünki “Qırmızı Furiya”ya azarkeşlik etdiyim vaxtlar onlar heç Dünya Çempionatının ¼ final mərhələsindən o yana keçə bilməmişdilər, aktivlərində isə cəmi bir Avropa çempionluğu var idi ki, onu da uzaq 60-cı illərdə qazanmışdılar. İncəvara, heyətləri o qədər də kasad deyildi: Raul, Morientes, Qvardiola, Luis Enrike, Kasilyas və s. Amma di gəl ki, bəxtləri gətirmirdi. Nəhayət, 2010-cu ildə “şeytanın qıçını qırdılar”, ədalət təcəlla etdi. Bu mundialda da favoritim İspaniya millisidir. Gənc, enerjili, atletik İspaniya yığmasının dünya kubokunu ikinci dəfə başı üzərinə qaldırması üçün qarşılarında heç bir maneə yoxdur".

"Teleqraf" İnformasiya Agentliyinin redaktoru Qurban Yaquboğlu: "Təbii ki, qardaş Türkiyənin milli komandasına azarkeşlik edəcəm. Vaxtın imkan verdiyi dərcədə oyunlarını izləyəcəm".
"Globalinfo.az" saytının rəhbəri Azər Ayxan xüsusi futbol həvəsinin olmadığını vurğulayıb:
"Amma qlobal yarışlara baxmağı sevirəm. Dünya və Avropa çempionatlarının oyunlarının əksəriyyətini izləyirəm. Bu dəfə də elə olacaq. Düzdür, çempionat Amerika qitəsində keçirildiyi üçün saat fərqi yaranacaq, bəzi oyunlar uyğunsuz zamana düşəcək. Amma bizim saat qurşağı ilə uyğun olanları izləyəcəm. Sağlıq olsun. Hansı komandalara azarkeşlik etməyə gəlincə, mən yaxşı oyuna azarkeşlik edirəm əsasən, komandalara yox. Yalnız Türkiyə millisi oynayan çempionatlarda qardaş ölkənin tərəfini tuturam. Bu dəfə də belə olacaq. Üstəlik Özbəkistan millisi də bu yarışda iştirak edəcək, onun oyunlarını da izləməyə çalışacam".

Modern.az saytının redaktoru Əfqan Qafarlının sözlərinə görə, iyunun 11-də başlayacaq futbol həyəcanı milyonlarla azarkeş kimi, onu də öz təsiri altına alıb və mundialı səbirsizliklə gözləyir:
“Bu çempionatda mənim xüsusi dəstəyim iki komandaya olacaq: qardaş Türkiyə millisinə və futbol tarixinin ən böyük oyunçularından biri hesab etdiyim Kriştiano Ronaldonun çıxış etdiyi Portuqaliya yığmasına.
Türkiyə millisinə azarkeşlik etməyimin səbəbi təkcə futbol deyil. Ortaq tariximiz, mədəniyyətimiz, dilimiz və “bir millət, iki dövlət” anlayışı bu komandaya qarşı xüsusi rəğbət yaratmağa kifayət edir. Türkiyə meydanda uğur qazandıqca, sanki öz komandamızın sevincini yaşayırıq. Düzdür, 2002-cilin Dünya Çempionatı ilə müqayisədə bu dəfə ay-ulduzlu komandanın heyəti zəifdir, amma futbol sürprizlərlə doludur, bəlkə Türkiyə millisi bu dəfə bir möcüzə göstərdi... Kaş ki, belə olaydı...
Portuqaliya isə mənim üçün ilk növbədə Kriştiano Ronaldo deməkdir. İllər keçsə də, onun futbola sevgisi, əzmkarlığı, peşəkarlığı və qalibiyyət ruhu heyranlıq doğurur. 40 yaşlı Ronaldo artıq futbol dünyasında bir əfsanəyə çevrilib.
Bu çempionatda arzum Türkiyənin uğurlu çıxışı və Ronaldolu Portuqaliyanın gözəl futbol nümayiş etdirməsidir. Futbolun gözəlliyi bundadır ki, müxtəlif ölkələri, fərqli insanları eyni sevinc və həyəcan ətrafında birləşdirir. Ümid edirəm ki, bu turnir bizə unudulmaz oyunlar, möhtəşəm qollar və illərlə xatırlanacaq emosiyalar bəxş edəcək”.

"Yenisabah.az" saytının baş redaktoru İmdad Əlizadə iki komandaya azarkeşlik edəcəyini deyib: "Türkiyə və Almaniya. Almanlar mənim uşaqlıqdan tərəfdarı olduğum komandadır və necə gözəl oynadıqları hamıya məlumdur. Türkiyə isə qardaş ölkədir. Düzdür, bu milli komanda da əla oyun göstərir. Bu iki komandanın finalda qarşılaşmasını arzulayıram. Bilmirəm, bu nəzəri cəhətdən mümkündür yoxsa deyil. Amma reallaşsa, əla olar".
"AzEdu Təhsil Platforması"nın icraçı direktoru Elmin Nuri bildirib ki, bu Dünya Çempionatında onun favoriti təbii ki, qardaş Türkiyə yığmasıdır:
"Türkiyə milli komandasının hazırkı heyəti, komanda ruhu və sərgilədiyi praqmatik futbol azarkeşlik gözləntisini daha da artırır. Odur ki, onların yarımfinal mərhələsinədək irəliləməsini çox istərdim. Arda Gülər, Kənan Yıldız, Barış Alper kimi futbolçuların dünya çapında özlərini daha yaxşı göstərmək və futbolun TOP ulduzlarına çevrilmək şansları az deyil. Yetər ki, komandada emosional çöküş, taktiki boşluqlar və komandalara qarşı strateji hazırlıq səviyyəsi azalmasın. Baş məşqçi Montelladan bu məsələdə daha çox şey asılıdır.
Türkiyə yığmasından sonra oyunlarını səbirsizliklə izləyəcəyim ikinci ölkə Argentina olacaq. Futbol dahisi Messinin son akkordlarını görmək, onu oyun zamanı artıq "müdrik və qoca dirijor" missiyasında müşahidə etmək çox maraqlı olardı. Düşünürəm ki, baş məşqçi Skolani də, meydandakı bütün futbolçular da məhz bu missiyanın arxa fonu olacaq. Son dünya çempionlarına uğurlar, amma bu il çox güman titulu qorumaq mümkün olmayacaq. Hər bir halda, bizi çox böyük bir futbol bayramı gözləyir. Hamıya xoş seyirlər".
"Redaktor.az" saytının baş redaktoru Aqil Aslan uşaqlıqdan Argentina millisinə azarkeşlik etdiyini söyləyib:
"Buna da səbəb Maradona idi. 1986-cı ildə Argentina dünya çempionu oldu. 1990-cı ildə də Argentinaya azarkeşlik edirdim. Amma finalda Argentina Almaniyaya məğlub oldu. Maradona kimi mən də üzülmüşdüm. Növbəti çempionatlarda daha Maradona oynamasa da, mən yenə də Argentinaya azarkeşlik etmişəm. 2002-ci ildəki çempionatda qardaş Türkiyə millisi də var idi. Argentina o zaman səhv etmirəmsə qrupda qaldı. Təbii ki, o zaman Türkiyəyə azarkeşlik edirdim. Türkiyənin möhtəşəm heyəti var idi. Çox güclü idilər, birinciliyə layiq idilər. Qarşıdakı çempionatda da qardaş ölkə millisi iştirak edəcək. Hətta Özbəkistan da.
Türkiyənin dünya çempionu olmasını çox arzulayıram. Lakin hazırkı heyət 2002-ci ilin heyəti ilə müqayisədə çox zəifdir. Baxmayaraq ki, Arda Gülər, Hakan Çalhanoğlu, Kənan Yıldız kimi ulduz futbolçular var, amma komandanın hansı mərhələyə qədər gedəcəyi sual altındadır. O da var ki, Türkiyə millisinin üzvləri döyüşkəndirlər. Əlbəttə ki, bir türk kimi Türkiyə, o cümlədən Özbəkistan millilərinin finala qədər irəliləmələrini çox istərdim. Finalda isə təbii ki, Türkiyənin qalib olmasını istərdim. Lakin Türkiyə buna müvəffəq olmasa, o zaman futbol tarixinin ən yaxşısı olan Lionel Messi və komandasının yenidən dünya çempionu olmasını görmək istəyirəm".
"MediaTürk" TV-nin baş redaktoru Heydər İsmayıl deyib ki, futbol üzrə Dünya Çempionatı idmansevərlərin hər zaman böyük maraq və həyəcanla gözlədiyi ən nüfuzlu yarışlardan biridir:
"Bu dəfəki turnir isə bir çox qeyri-adi məqamlarla yadda qalacaq. Əvvəlki illərdən fərqli olaraq qarşılaşmalarda iştirak edəcək milli komandaların sayının 32-dən 48-ə çatdırılması rəqabəti daha da gücləndirir. 39 yaşı bu yaxınlarda tamam olacaq Lionel Messi, 41 yaşlı Kriştianu Ronaldo, 40 yaşlı Luka Modriç kimi dünya ulduzlarını yeni-yeni məşhurlaşmaqda olan futbolçularla eyni sırada, mübarizə içərisində görməyin istənilən futbol tamaşaçısına bir-birindən həyəcanlı anlar yaşadacağını düşünürəm. Bir çox göstəricilərə görə diqqətçəkən nüanslarla zəngin Dünya Çempionatının oyunlarında qardaş Türkiyənin də 2002-ci ildən sonra ilk dəfə bu yarışda iştirak etməsini nəzərə alsaq, mən də bir futbol azarkeşi kimi matçları və qeydə alınacaq nəticələri səbirsizliklə gözləyirəm.
Qardaş Türkiyə ilə yanaşı başqa bir türk dövləti olan qardaş Özbəkistan kollektivinin də tarixində birinci dəfə olaraq Dünya Çempionatının final mərhələsinə gəlib çıxması heç şübhəsiz bizi daha çox sevindirir, inşallah, nə vaxtsa çox tezliklə Azərbaycan millisinin də belə bir nəticə qazanmasını arzu edirəm. Dünya Çempionatı ərzində bizə daha doğma olduqları üçün ilk növbədə Türkiyə, Özbəkistan komandalarını dəstəkməklə birgə, digər ölkələr sırasından Lionel Messiyə - Argentina yığmasına azarkeşlik edəcəm. Kubokun sahibinin isə qardaş Türkiyə olmasını, əgər bu baş verməsə, Argentina və ya Ronaldonun dünya çempionluğu olmadığı üçün Portuqaliya komandasının qazanmasını istəyirəm".
"Mətbuat.az" saytının rəhbəri Ramil Mirzəyev builki Dünya Çempionatında qardaş Türkiyə milli komandasına azarkeşlik edəcəyini deyib:
"“Bir millət, iki dövlət” olduğumuzu nəzərə alaraq Türkiyənin uğurlarını hər zaman öz sevincimiz kimi qarşılayırıq. Bildiyimiz kimi, Türkiyə millisinin heyətində gənc və istedadlı futbolçular çoxluq təşkil edir. Son illərdə formalaşan komandanın böyük potensiala malik olduğunu düşünürəm. Futbolda sürprizlər hər zaman mümkündür və hesab edirəm ki, Türkiyə bu çempionatın sürpriz komandalarından biri olacaq. Qardaş Türkiyə millisi favoritlər arasında göstərilməsə də, Dünya Çempionatında uğurlu çıxış edəcəyinə və futbolsevərlərə yaddaqalan oyunlar bəxş edəcəyinə inanıram".

"Oxu.az" saytının redaktoru Təhməz Əsəd deyib ki, budəfəki Dünya Çempionatında 24 il əvvəl olduğu kimi, yenə də Türkiyə millisini dəstəkləyəcək. Onun sözlərinə görə, buna səbəb iki dövlət, bir millət olmağımızdır:
"Türkiyədən sürpriz nəticələrə ümid edirəm. Amma qardaş ölkə təmsilçisi dəstəkləyəcəyim millilər arasında yeganə olmayacaq. İspaniya millisi planetin ən böyük futbol turnirinin favoriti olmaqla yanaşı, dəstəkləyəcəyim komandalar sırasındadır. Çünki, bu milli öz oyun üslubu ilə futbola bir başqa gözəllik qatır, futbolu daha da gözəlləşdirir, sevdirir.
Bu Dünya Çempionatının da əsas favoritləri demək olar ki, artıq eşitməyə alışdığımız millilərdir - Fransa, Portuqaliya, Argentina, Braziliya, İspaniya. Amma nədənsə finalda Argentina, Portuqaliya duelini görmək çox möhtəşəm olardı. Karyeralarının son dönəmlərini yaşayan Messi və Ronaldo finalını görmək çox gözəl olardı".