Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Modern.az xəbər verir ki, İstanbul təmsilçisi keçmiş futbolçu Emre Belözoğlu ilə bütün məsələlərdə razılığa gəlib.
Tərəflər arasında bu gün keçirilən görüş müsbət nəticələnib və 1,5 illik müqavilə imzalanıb.
Əvvəlcə son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda işləyən portuqaliyalı mütəxəssis Serxio Konseysao ilə danışıqlar aparılıb. Hətta onunla 1,5 illik müqavilə üzrə ilkin razılıq əldə olunub.
Lakin portuqaliyalı məşqçinin müqavilə şərtləri ilə bağlı tələblərini dəyişməsi və maaş gözləntisini artırması danışıqlarda problemlərə səbəb olub.
Bundan sonra “Fənərbağça” rəhbərliyi Emre Belözoğlu ilə razılığa gəlib.
Belözoğlunun “Fənərbağça”ya keçidi ilə əlaqədar “Kasımpaşa” klubu da onunla vidalaşıb.
“Fənərbağça” baş məşqçi vəzifəsinə Emre Belözoğlu ilə razılıq əldə edildiyini İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlayıb.
Klubun məlumatında deyilir:
“Əsas futbol komandasının baş məşqçisi vəzifəsi üçün Emre Belözoğlu ilə razılıq əldə olunub. Bu barədə investorlarımıza və ictimaiyyətə hörmətlə məlumat veririk”.