Modern.az

“Turan Tovuz”da şok qərar - Ehtiram Quliyev futboldan gedir: “Onu bezdirdilər!

“Turan Tovuz”da şok qərar - Ehtiram Quliyev futboldan gedir: “Onu bezdirdilər!

İdman

Bu gün, 10:03

“Turan Tovuz” klubunun prezidenti, iş adamı Ehtiram Quliyevin futboldan getməyə hazırlaşdığı barədə xəbərlər yayılıb.

Modern.az xəbər verir ki, iddialara görə, Ehtiram Quliyev AFFA hakimlərinin “Turan Tovuz”a qarşı qərəzli mövqeyinə etiraz əlaməti olaraq futboldan – klub prezidentliyindən getməyə hazırlaşır.

Məlumatı idman jurnalisti – Matc.az saytının rəhbəri, əslən tovuzlu İxtiyar Əsgərov da təsdiqləyib:

“Çox təəssüf ki, Ehtiram bəyi də iyrəndirdilər. Adam dəfələrlə haqsızlıqla üzləşdi, artıq dözə bilmir. Ehtiram Quliyev futbol üçün nələr etmədi? Şəxsi vəsaiti ilə akademiya tikdi, komanda üçün Kürdəxanıda  məşq meydançası inşa etdirdi, Tovuzda da həmçinin.

27 ildir mətbuatdayam, ola bilər yanılım, amma gəlin açıq danışaq: Ehtiram bəyin futbolun inkişafı üçün elədiklərini bu ölkədə hansı biznesmen etdi? Evsiz-eşiksiz “İmişli”, “Araz-Naxçıvan”, yoxsa digərləri?

Məndə olan məlumata görə, hazırda “Turan Tovuz” daxilində hansısa gərginlik və ya fikir ayrılığı yoxdur. Amma Ehtiram bəyin komandadan gedəcəyi barədə yayılan xəbərlər tamamilə gerçəkdir. Bəs bu adam niyə bu ağır qərara gəldi?

Çünki adamı hakimlər bezdirdi, iyrəndirdi! Əliyar Ağayevin, Elçin Məsiyevin qərəzli qərarlarından boğaza yığıldı. Hələ cəmi 6 tur oynanılıb, amma “Turan”ın haqqı olan 4 xalını açıq-aşkar oğurlayıblar”, - sayt rəhbəri deyib.

“Adam futbolun başını buraxıb, övladları və biznesi üçün daha çox işlər görərdi. O, futboldansa, işğaldan azad olunmuş torpaqlarda bina tikdirib qat-qat çox qazana bilərdi. Bildiyim qədərilə, Ağdamda yüzə yaxın çoxmərtəbəli bina tikdirmək şansı olub. Amma futbol sevgisi, “Turan” sevgisi onu bu bataqlıqda saxladı...
Gəlin səmimi olaq: Azərbaycan futboluna Elçin Məsiyev lazımdır, yoxsa Ehtiram Quliyev? Elçin Məsiyevin “Araz-Naxçıvan”ın lehinə təyin etdiyi həmin o biabırçı penalti vacib idi, yoxsa Ehtiram Quliyevin futbolda qalması? “Araz-Naxçıvan”a haram yolla 1 xal qazandırmaq vacib idi, yoxsa Ehtiram Quliyev? Hansı birini deyəsən?

Kaş yalan olsun, böyük ehtimalla noyabrda “Turan”ın İdarə Heyətinin iclası olacaq. Yəqin ki, həmin iclas Ehtiram bəyin doğma komandasında son iş günü olacaq", -  İ.Əsgərov deyib.

Ehtiram Quliyev tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən "Huner Group" şirkətini quraraq qısa müddətdə böyük uğurlara imza atıb.
Şirkət Bakıda müasir yaşayış komplekslərinin inşası və innovativ idarəetmə modelləri ilə tanınıb.

E.Quliyev 2023-cü ildən etibarən doğulub boya-başa çatdığı bölgənin təmsilçisi olan "Turan Tovuz" klubunun rəhbərliyini (İdarə Heyətinin sədrliyini) öz üzərinə götürüb.
Onun rəhbərliyi dövründə klubun infrastrukturunun yaxşılaşdırılması, akademiyanın inkişafı və komandanın Premyer Liqada iddialı mövqeyə gəlməsi istiqamətində ciddi investisiyalar qoyulub.

Ehtiram Quliyev həmçinin xeyriyyəçilik fəaliyyətləri və sosial layihələrə verdiyi dəstəklərlə də tanınan sahibkarlardandır.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı