Modern.az

Azərbaycan D liqasına layiq deyil - baş məşqçi

Azərbaycan D liqasına layiq deyil - baş məşqçi

İdman

Bu gün, 20:00

Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycanla keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Modern.az xəbər verir ki, o, Bakıda keçiriləcək qarşılaşma ilə bağlı komandasının hazırlığından danışıb:

"Burada olduğum üçün şadam. Azərbaycan bizim üçün bütün şəraiti yaradıb. Oyuna hazırlaşmaq üçün lazım olan hər şeyimiz var. Sabah rəsmi yoldaşlıq oyunu keçiriləcək və biz buna hazırıq. Tacikistan millisində gördüyüm işdən razıyam. Yaxşı nəticələrimiz var və Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanmışıq".

Mütəxəssis Azərbaycan millisinin səviyyəsini də qiymətləndirib:

"Baş məşqçi kimi bütün komandalara hörmət etməliyəm. Altı il əvvəl Şimali Makedoniya millisində çalışarkən Azərbaycanla iki dəfə qarşılaşmışam. Sizin yüksək səviyyəli futbolçularınız var. Azərbaycan D liqasında olmağa layiq deyil. Hazırda bütün fikrimiz Azərbaycan üzərindədir. Daha sonra digər rəqibləri düşünəcəyik".

Angelovski yoldaşlıq oyunlarında nəticənin də önəmli olduğunu vurğulayıb:

"Nəticə həmişə vacibdir. Yığma üçün yoldaşlıq oyunları əhəmiyyətlidir. Mən həmişə futbolçularıma deyirəm ki, milli komandada oynayırsansa, Tacikistan səninlə fəxr etməlidir. Güclü futbolçularımın olmasına şadam. Sabah yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".

O, “Turan Tovuz”un qapıçısı Oleq Baklovun sabah start heyətində olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib:

"Bu, son məşqdən sonra məlum olacaq. Hələ deyə bilmərəm. Oyundan öncə mesaj vermək istəmirəm".

Angelovski “Sabah”ın Çempionlar Liqasındakı çıxışını da dəyərləndirib:

"Sabah"ı və baş məşqçisi Valdas Dambrauskası təbrik etmək istəyirəm. Onlar yaxşı futbol nümayiş etdirirlər. Ötən mövsüm Qurban Qurbanovun “Qarabağ”ı da yaxşı futbol oynayırdı. Qurbanov Şimali Makedoniya millisində çalışdığım dönəmdə Azərbaycan yığmasının baş məşqçisi idi. Təəssüf ki, milli komandada klub futbolundakı kimi nəticələriniz yoxdur. Futbolçulara gəlincə, mən Tacikistan millisinin baş məşqçisiyəm və öz oyunçularıma fokuslanmışam".

Baş məşqçi altı il əvvəlki Azərbaycan millisi ilə indiki komanda arasında müqayisə aparmaq istəmədiyini də bildirib:

"O vaxt yoldaşlıq oyunlarının birində 3:1 hesabı ilə qalib gəlmişdik, Türkiyədə isə 1:1 hesablı heç-heçə etmişdik. Həmin komandadan cəmi 1-2 futbolçu qalıb. Müqayisə etməyin mənası yoxdur".

Angelovski vaxtilə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlərdən biri olması ilə bağlı suala isə qısa cavab verib:

"Düşünürəm ki, hazırda bu barədə danışmağın vaxtı deyil. Milli komandaların ətrafında həmişə çoxlu namizədlər olur. Mən Tacikistan millisinin baş məşqçisiyəm və bununla fəxr edirəm".

Qeyd edək ki, sentyabrın 23-də "Neftçi" arenada keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

(Qol.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı