Azərbaycan millisi Tacikistanla oyunda qələbə qazanmaq istəyir.
Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis sabahkı matça ciddi hazırlaşdıqlarını bildirib:
"Bizi qarşıda 4 oyun gözləyir. İlk dəfədir ki, milli səviyyəsində qısa müddət ərzində 4 matç keçirəcəyik. Bunun üçün geniş heyət yığmışıq. Rəqib komanda 2026-cı ildə məğlub olmayıb. Tacikistanla matçda yaxşı oynayaraq qələbə qazanmaq istəyirik. Futbolçularımız əllərindən gələnin ən yaxşısını edəcəklər".
O, bəzi oyunçuların düşərgəyə gec qoşulduğunu söyləyib:
"Cəlal Hüseynov və Anton Krivotsyuk hələ ki, məşq etməyiblər. Heyətə yeni cəlb olunan futbolçuların milli komandanın ab-havasını hiss etmələrini istəyirik. Hazırlığımızı Millətlər Liqasının 3 oyununa görə quracağıq".
A.Abbasov Nəriman Axundzadənin Türkiyənin "Ərzurumspor" klubunda əsas heyətə düşə bilməməsi barədə danışıb:
"Başqa çempionatlarda yerlilərdən legionerlərin bir baş üstün olmasını istəyirlər. Bizdə isə əksinədir. Nərimana oyun praktikası lazımdır. Buna görə də düşündük ki, Nəriman U-21 millisinə kömək etsin, həm də oyun praktikası artsın. Təəssüf ki, o son matçlarda 1 dəqiqə belə olsun meydanda olmayıb".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.