1983-cü il idi. Orta məktəbi bitirmişdim. Azad həyata atılmışdım. Özümü çox azad hiss edirdim. Pul qazanmaq istəyirdim. Çünki cavan idim. Gənc yox e.., uşaq idim. Atam isə deyirdi ki, universitetə girməlisən! Ali təhsil almalısan! Sonra evlənməlisən! Uşaqların olmalıdır!
Bir il sonra universitetdə oxuya-oxuya, sonu leytenant rütbəsiylə yekunlaşan hərbi kafedra ola-ola əsgərlik məsələsi ortaya çıxanda (1941-45-ci il müharibəsində ölənlərin nəvəsi yerində olduğumuzdan 18 yaşlı kişilərin qıtlığı idi. Məcbur olub institutda oxuyan 1965-1968-ci il təvəllüdlüləri də aparırdılar) – əsgərliyə getməlisən! – deyən atama qarşı gedə bilməzdim. Bilməzdim yox! Əleyhinə çıxmadım da... Çünki tək idim. Eksperimenti çox uşaq olanda edirdilər. Həm də bütün dediklərinin sonunda “nida” işarəsi vardı, “sual” işarəsi qoyub mənim fikrimi soruşmaq ağıllarından da keçmirdi. Mən isə oxumağın yox, Lenin babamın Azərbaycancaya tərcümədə yanlışlığa yol verildiyi “Oxumaq, oxumaq, yenə də oxumaq” yox, “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” kəlamının tərəfdarıydım. İnsan isə ölən günə qədər öyrənir. Öləndə isə ölməyi öyrənir.
Orta məktəbi bitirən kimi atam – hələ o vaxt Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı laureatı – başladı hərəkətə. Çox çətin idi o vaxt Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmaq. 10 yerə 1 nəfər. Öz gücünə yalnız qızıl medalistlər (onlar bir imtahandan “5” qiymət alanda daxil olurdular), ya da gərək əmək kollektivlərində işləyib, əsgərlik keçib, kommunist olaydılar. Necə? Bir il qabaq gəlib ərizə verib xalq arasında “RABfak”, (Qullar gakültəsi yox a...) yəni raboçi fakültəyə (fəhlə fakültəsi) ərizə verib, imtahan verəndən, yüksək nəticə qazanandan sonra nail olmaqla. Mənim isə işim sapdan asılı idi. Bunu başa düşmürdüm. Girərəm də... Girməsəydim heç vecimə də deyildi...
Bax burda STOP. Davamının dostum-qardaşım, atamın da böyük hörmətlə yanaşdığı, böyük jurnalist həmkarım Rəşad Məcidə heç bir aidiyyatı yoxdur. İmtahanlara qədərki dövrdə atamın yaşadığı bir hadisə yadıma saldı– Jurnalistlərin bu gün keçirilən qurultayı və bu qurultayda Rəşad Məcidin sədrliyə namizədliyini irəli sürməməyindən sonra. Baxmayaraq ki, Vüqar Zifəroğlu da sədrliyə layiq və dostumuz-qardaşımızdır. Təbrik edirəm.
Nə isə, qayıdaq 1983-cü ilə. Elə ki, attestatı əlimə aldım, atamın qara günləri başladı. Hamı – Universitetin rektoru Faiq Bağırzadədən üzüaşağı – məni tanıyırdı. Hamı bilirdi ki, mənim imtahan nömrəm 28-dir. Gizlin şriftim də vardı – 28 Aprel. Açıq danışmağa qorxurdular. 28 Aprel isə müqəddəs rəqəm idi – 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyətinin qurulduğu gün. Bunların da Rəşad Məcidə dəxli yoxdur.
O vaxt alim, professor, Yəhya Məmmədov Universitetin prorektoru idi. Sonralar isə rektor, akademik, Ali Sovetin deputatı oldu. O həm də Xalq şairi Cabir Novruzun qudası idi. Atamla münasibəti gözəl idi. Onu da deyim ki, mənim ali məktəbə daxil olmağımda onun bir kəlməsinin rolu olub: “Faiq müəllim, keçməyə də bilər”. Bunun da Rəşad Məcidə heç bir dəxli, aidiyyatı yoxdur. (Kaş ki, deməyəydi.)
Dəxli yoxdu deyə-deyə gəlim mətləbə. O ərəfə – atamın da beynində yalnız tələbə Mahir görmək arzusundan başqa bir şey olmayan bir vaxtda – Qabillə Yəhya Məmmədov indiki “Speys”lə üzbəüz olan şüşəli bazarın qabağında rastlaşırlar. Salam-əleykdən sonra Qabil soruşur ki, “ay Yəhya, necəsən? Kefin necədir? ”
53 yaşlı, qoz kimi Yəhya müəllim də başlayır göz qaytarmağa ki, “ay Qabil, necə olacağam? Qan təzyiqi kəllə çarxda. Şəkər kəllə-çarxda. Ürək sancır. Dərmanların ümidinə bir təhər... Ölürəm, Qabil, ölürəm...”

İmtahan həyəcanını yaşayan Qabil də dönüb nə desə yaxşıdır: “Alə, vaxt tapdın ölməyə? Qoy uşaq qəbul olsun, sonra ölərsən də...”
İndi deyəcəksiniz ki, “ay Mahir, bunun da Rəşad Məcidə və ya onun Mətbuat Şurasının sədri seçilib-seçilməməyinə nə dəxli?” Sizə də danışım, agah olun.
Bu il dekabrın 4-ü 60 yaşım tamam olur. Bu vaxtacan imkanlarım çox idi. Amma heç kimə ağız açmamışdım. AzTV-nin də 100 illik yubileyinin bu yubileyimə təsadüf etməsindən ruhlanıb, utana-utana yaxınlaşdım özümə yaxın bildiyim Mətbuat Şurasının sədri, həm də Yazıçılar Birliyinin katibi Rəşad Məcidə. Ədəb-ərkanla söz alıb dedim ki, əgər mümkünsə mənim “Əməkdar jurnalist”liyə təqdimatımı verin. AzTV-də, “Space”də, “Xalq qəzeti” qəzetində redaktor, baş redaktorun müavini, informasiya şöbəsinin müdiri, Redaksiya Heyətinin üzvü olmuşam. Modern.az saytında 13 ildir köşə yazarı kimi külüng vururam. 13 kitabım çıxıb. Jurnalist, kolumnist, publisist, nasir, Xalq şairi Qabilin 7 cildlik külliyatının tərtibçisi, redaktoru, korrektoru, naşiriyəm (sonuncunu Nizami adına Ədəbiyyat institutu etməliydi). Həm də tərcüməçiyəm. Sonda da əlavə etdim ki, əgər layiqəmsə ha...
Rəşad müəllim də qulaq asdı və geniş tərcümeyi-halımı ona göndərməyimi söylədi. Söz verdi ki, əlindən gələni edəcək.
Bu gün isə görürəm ki, Mətbuat Şurasının sədrliyindən çıxıb. Daha doğrusu, namizədliyini irəli sürməyib. Bu zaman atamın o vaxt Yəhya Məmmədovla Şüşəli bazarın qabağındakı dialoqu yadıma düşdü. Qabilin təbirincə desək:
“Alə, Rəşad Məcid, vaxt tapdın vəzifədən çıxmağa? Qoy uşaq “Əməkdar jurnalist” olaydı, sonra çıxardın da...”