Modern.az

Vətən Müharibəsi Qəhrəmanının son ailə fotosu: Şəhid oldu, oğlunu görə bilmədi

Vətən Müharibəsi Qəhrəmanının son ailə fotosu: Şəhid oldu, oğlunu görə bilmədi

Qarabağ

Bu gün, 09:51

Hər bir fotoşəkil keçmişə açılan bir pəncərədir, amma şəhidlərimizin son fotoları gələcəyə qalan əmanətdir.

Modern.az-ın “Şəhidin son fotosu” rubrikası bu gün Camal Vidadi oğlu İsmayılova həsr olunub.

Şəhidin xanımı Fatimə İsmayılova həyat yoldaşının son fotosu barədə danışıb:

“Sizə təqdim etdiyim bu foto 2020-ci il sentyabrın 19-da ailəmizin birgə çəkdirdiyi son şəkildir. Həmin gün qızımın 11 yaşını qeyd edirdik. Camal son dörd il idi ki, qızımızın ad günündə bizimlə ola bilmirdi. Həmişə statusunda yazırdı ki, "Əsmər qızım, yenə ad günündə yanında ola bilmədim". Amma dörd il sonra, qızımızın 11 yaşı tamam olanda ad gününü birgə keçirdik və bizə bu foto qaldı”.

Fatimə xanım qeyd edib ki, onu ən çox yandırıb-yaxan məqam Camalın oğlu ilə birgə fotosunun olmamasıdır.

Çünki oğulları Camal şəhid olduqdan sonra dünyaya gəlib. Fatimə xanım deyib:

“Həmişə qızlarımla fotolara baxanda oğlum deyir ki, "Mən də atamla şəkillərimə baxmaq istəyirəm". Mən də son şəkilləri göstərib "Bax, Alparslan, sən də burda bizimləsən, amma görünmürsən", – deyirəm”.

Həyat yoldaşının sözlərinə görə, Camal İsmayılov çox gülərüz, danışqan insan olub. Ancaq son görüşlərində, kiçik bir kafedə ikisi oturarkən, çox səssiz və susqun olub.

“Elə ancaq mən danışırdım, o isə dinləyirdi. Bəlkə də müharibə olacağını bilirdi, ancaq mənə bunu necə söyləyəcəyini bilmirdi. Bu gün düşünürəm ki, bəlkə də elə buna görə susurdu. Gözlərimin içinə sakit və dərin baxışlarla baxırdı”.

Fatimə İsmayılova bildirib ki, bu gün ailənin bvirgə çəkdirdiyi son fotolara baxanda Camalın nə qədər xoşbəxt olduğunu görür:

“Camal uşaqları çox sevirdi. Biləndə ki, üçüncü övladımız olacaq, çox sevinirdi. Həmin gün həm qızının ad günü, həm də həyatındakı yeni dəyişikliklər onu xoşbəxt edirdi. Bunu hiss edirdim.

Elə həmin şəkillərin çəkilməsindən bir ay sonra, oktyabrın 19-da şəhid oldu. Qızımızın ad günündən, onunla çəkdirdiyimiz son fotolardan bir ay sonra şəhadətə ucalması xəbəri gəldi”, – deyə Fatimə İsmayılova bildirib.

Fatimə İsmayılovanın sözlərinə görə, Camalın şəhid olması xəbərini eşidəndə buna inanmayıb:

“İnanmadım. Camal o qədər bacarıqlı, bilikli, güclü və cəsarətli idi ki, dəfələrlə təhlükələrdən xilas olmuşdu. Düşünürdüm ki, bizi qoyub getməz”.

Həyat yoldaşı bildirib ki, ayın 19-da Camalla telefonla sonuncu dəfə danışıb. Həmin söhbət zamanı Camal sanki hiss edirmiş kimi ona uşaqlarına yaxşı baxmağı tapşırıb:

“Uşaqlarımıza yaxşı bax. Onları gözəl böyüt, təhsil ver. Mənsizliyi onlara hiss etdirmə. Dövlət sizi tək qoymaz”.

Fatimə İsmayılova deyib ki, bu gün həyat yoldaşının dediyi kimi, dövlətin dəstəyini hiss edir və onun tapşırdığı kimi, övladlarına yaxşı gələcək qurmaq üçün çalışır.


Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. 2001-ci ildə orta məktəbi bitirib. 2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.

Camal İsmayılov müxtəlif beynəlxalq hərbi təlimlərdə iştirak edib və diplomlarla təltif olunub.

O, 2016-cı ildə tarixə “Aprel döyüşləri” adı ilə düşən dördgünlük müharibədə iştirak edib. Cəbrayıl rayonu istiqamətində düşmənə qarşı döyüşüb.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Camal İsmayılov Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Cəbrayıl, Füzuli və Qubadlı rayonları, eləcə də Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Ümumilikdə, 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olub.

Camal İsmayılovun da daxil olduğu, 15 hərbi qulluqçudan ibarət Xüsusi Təyinatlı Qüvvələr qrupu və digər dəstələrdən olan 30 hərbi qulluqçu oktyabrın 19-da Qubadlı istiqamətində strateji əhəmiyyətə malik mövqelər uğrunda döyüşlərə qatılıb. Qeyri-bərabər döyüşlər zamanı Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olub.

Onun nəşi Neftçala şəhərində dəfn edilib.

Camal İsmayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Camal İsmayılov 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurub. Onların 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adlı qızları dünyaya gəlib. Camal şəhid olduqdan sonra, 2021-ci il fevralın 12-də oğlu anadan olub. Övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib