Modern.az

““Kopenhagen” çox güclüdü, “Qarabağ”a yaxşı bir hücumçu lazımdı” - Ağasəlim Mircavadov

““Kopenhagen” çox güclüdü, “Qarabağ”a yaxşı bir hücumçu lazımdı” - Ağasəlim Mircavadov

Aktual

4 Avqust 2017, 14:57

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
“Qarabağ”ın da rəqibinin bəlli olduğu püşkatma mərasimi  Bakı vaxtı ilə saat 14:00-da başlayıb. 20 komandanın iştirak etdiyi püşatmada “Qarabağ” səpələnməmişlər səbətində yer almışdı. 

Komandamız pley-off mərhələsində “Kopenhagen” (Danimarka) ilə  qarşılaşacaq.

İlk oyun avqustun 15-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra rəqib meydadında keçiriləcək.

Bir zamanlar “Qarabağ”ın baş məşqçisi olmuş tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov Modern.az-a açıqlamasında Ağdam təmsilçisinin şanslarını dəyərləndirib. Onun fikrincə, klubun oturuşmuş heyəti olsa da, növbəti mərhələlərdə uğur qazanmaq üçün “Qarabağ”a bir hücumçu lazımdır:

““Qarabağ” iki mərhələni keçərək, pley-off mərhələsinə vəsiqə qazanıb. Hal-hazırda da növbəti mərhələyə  ciddi hazırlaşır. Amma mən deyərdim ki, bu gün “Qarabağ”a hücumçu lazımdı. Təbii ki, hazırki heyət oturuşmuş heyətdi. Gör, neçə illərdi, birlikdə oynayırlar. Bir-birilərini əla başa düşürlər.

Biz çox zaman deyirik ki, püşk asan olsun. İndi Avropada zəif klub yoxdu. Uzağa getməyək, “Qəbələ”nin dünənki rəqibi “Panatinaikos”u götürək.

Biz indi Çempionlar Liqasında  qrup mərhələsinin bir addımlığındayıq. Bizi qrupdan iki oyunun nəticəsi ayırır. Təbii ki, bu mərhələdəki rəqib  bundan qabaqkı “Samtredia” və “Şerif”dən güclü olacaqdı. Amma biz qrup mərhələsini istəyiriksə, məcburuq ki, udaq və ora çıxaq. Hazırda “Qarabağ” çox işlər görüb. Ən azından fakt olaraq AvroLiqanın qrup mərhələsindədir”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın potensial rəqiblərindən də danışıb:

“Bu mərhələdə zəif komanda yoxdu. “Qarabağ”ın potensial rəqibləri də futbolu olan ölkələrin klublarıdı. Mənim fikrimcə, 5 potensial klubdan “Qarabağ” üçün ən uyğunu “Apoel” idi. Bu, mənim şəxsi fikrimdi. Çünki onlar “Qarabağ”a uyğun futbol oynayırlar; topla çox işləyirlər. Texniki və fiziki cəhətdən çox hazırlıqlıdırlar. “Seltik” bilirik ki, tamam başqa futbol oynayır. Cinahlardan, havadan oynamağa üstünlük verir, əsl Britaniya futbolu göstərir. “Kopenhagen”in oyununun canlı şahidi olmuşam. Çox güclü klubdu”.

N.Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır