Amerika Birləşmiş Ştatları (ABŞ), İran və vasitəçilər Anlaşma Memorandumunun imzalanmasının cümə günü şəxsən deyil, çərşənbə günü uzaq məsafədən (distant) keçirilməsini müzakirə edirlər.
Modern.az xəbər verir ki, bu barədə “Axios” vasitəçi ölkələrdən birinin diplomatı və müzakirələrlə tanış olan digər mənbəyə istinadən yazıb.
“Əgər bu baş verərsə, Anlaşma Memorandumu elektron şəkildə imzalanacaq, müqavilənin Hörmüz boğazı ilə bağlı hissələri qüvvəyə minəcək və ABŞ sazişin mətnini dərc edə biləcək”, - deyə məlumatda vurğulanıb.
Diplomatik mənbə bildirib ki, prosesin sürətləndirilməsi ilə bağlı müzakirələr boğazın cümə günündən daha tez açılması üçün nəzərdə tutulur, çünki hər iki tərəf bu məsələdə artıq razılığa gəlib.
Digər bir amil kimi Anlaşma Memorandumunun mətnini dərc etmək üçün Ağ Evə siyasi təzyiqin olduğu ehtimal edilir. Müzakirələrlə tanış olan mənbə bildirir ki, mətnin rəsmi imzalanmaya qədər dərc olunmamasını tələb edən İran olub.
Diplomatik mənbə mətnin çərşənbə günü dərc ediləcəyini bildirib.
Bildirildiyinə görə, vaxt dəyişsə belə, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens və İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş planlaşdırıldığı kimi cümə günü İsveçrədə keçiriləcək. Onların İranın nüvə proqramı ilə bağlı danışıqların başlanması məsələsini müzakirə etmələri gözlənilir.