ABŞ Prezidenti Donald Tramp Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı təzyiqlərin artırılmasına hazır olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bununla yanaşı, o, Avropa müttəfiqlərinin Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatına dəstək verməsini vacib şərt kimi irəli sürüb.
Nəşrin məlumatına görə, Tramp bu mövqeyini G7 sammiti çərçivəsində keçirilən qapalı görüşlərdə səsləndirib. “Böyük yeddilik” ölkələrinin liderləri Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına yardım göstərməyə hazır olduqlarını bildirsələr də, bunun müəyyən şərtlər daxilində mümkün ola biləcəyini vurğulayıblar.
Fransa Prezidenti Emmanuel Makron qeyd edib ki, minalardan təmizləmə əməliyyatı yalnız ABŞ-ın rəsmi müraciəti və prosesdə iştirak edən tərəflərin, xüsusilə İran və Omanın razılığı əsasında həyata keçirilə bilər.
Məsələ ilə bağlı yekun razılıq əldə olunmasa da, Almaniya kansleri Fridrix Merts Trampla keçirdiyi görüşdən sonra danışıqların nəticələrinə nikbin yanaşdığını bildirib.
Politico yazır ki, sammit öncəsi Avropa liderləri Trampın Ukraynanı ərazi güzəştlərinə razı salmağa çalışacağından ehtiyat edirdilər. Bu narahatlıqlar onun Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığından sonra daha da güclənmişdi.
Lakin ABŞ Prezidenti gözlənilmədən Rusiyanın neft sektoruna qarşı sərt sanksiyaların yenidən tətbiq edilə biləcəyini açıqlayıb.
“Rusiya razılaşmaya gəlməlidir”, – deyə Tramp vurğulayıb.
G7 liderləri görüşün yekununda Rusiyaya qarşı təzyiqlərin artırılmasını nəzərdə tutan birgə bəyanat qəbul ediblər. Sənəddə Rusiyanın neft-qaz sektoruna qarşı əlavə məhdudiyyətlərin tətbiqinin nəzərdən keçiriləcəyi qeyd olunur.
Bununla yanaşı, tərəflər Ukraynaya hava hücumundan müdafiə sistemləri, raket əleyhinə vasitələr və uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəliblər. Həmçinin bu silahların Ukrayna ərazisində istehsalı üçün lisenziyaların verilməsi imkanları da müzakirə olunacaq.
G7 ölkələri qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsinə də dəstək ifadə ediblər.
Birgə bəyanatda bildirilir ki, ABŞ və İran arasında Hörmüz boğazının açıq saxlanılması ilə bağlı əldə olunmuş razılaşma Rusiyanın enerji sektoruna qarşı təzyiqlərin artırılması üçün əlverişli şərait formalaşdırıb.