Modern.az

Salyanda icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Salyanda icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Aktual

Bu gün, 16:55

Salyan rayonunda taxıl biçini mövsümü uğurla davam edir.

Modern.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Sarvan kəndində yerli fermer və toxumçu Mərdan Cəlilovun təsərrüfatında aparılan arpa biçini prosesi ilə tanış olub.

Məlumata görə, baxış keçirilən sahə 5 hektar ərazini əhatə edən, "Qarabağ-22" sortundan ibarət toxumluq arpa sahəsi olub. Fermer Mərdan Cəlilov bildirib ki, təsərrüfatında 35 hektar sahədə yüksək reproduksiyalı toxumluq arpa, 152 hektar sahədə isə toxumluq buğda əkilib.

Tarla şəraitində keçirilən görüşdə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev, Aqroservis ASC-nin Salyan rayon bölməsinin rəisi Elnur Xancanov, mərkəzin əməkdaşları, yerli icra nümayəndələri, fermerlər və mexanizatorlar iştirak ediblər.

Rüstəm Xəlilov taxılçılığın ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayaraq fermerlərə bol məhsul arzulayıb.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev rayonda taxıl sahələrinin vəziyyəti, məhsuldarlıq göstəriciləri və aqrotexniki tədbirlər barədə məlumat verib. Bildirilib ki, biçin prosesinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün zəruri tədbirlər görülür.

Aqroservis ASC-nin rayon bölməsinin rəisi Elnur Xancanov və Texniki Nəzarətin Təşkili sektorunun müdiri Avdı Həsənov isə sahələrə cəlb olunmuş kombayn və digər kənd təsərrüfatı texnikalarının saz vəziyyətdə olduğunu, fermerlərin texnika ilə təminatının nəzarətdə saxlanıldığını qeyd ediblər.

Daha sonra rayon rəhbəri Pagro MMC-nin Salyan filialı ilə müqavilə bağlamış fermer Amil Ələmovun pambıq sahəsinə baxış keçirib. Burada III kultivasiya işlərinin aparıldığı, əkin zamanı "Bəyaz Altun 1010 R1" pambıq sortundan istifadə olunduğu bildirilib.

Səfərin sonunda Rüstəm Xəlilov biçin kampaniyasının yanğın təhlükəsizliyi qaydalarına tam əməl edilməklə, optimal müddətdə və itkisiz başa çatdırılması, həmçinin pambıq sahələrində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı aidiyyəti qurum rəhbərlərinə tapşırıq və tövsiyələr verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ