Modern.az

Kraudfandinq operatorları üçün ali təhsil tələbi ləğv edilməlidir - Vüqar Bayramov

Kraudfandinq operatorları üçün ali təhsil tələbi ləğv edilməlidir - Vüqar Bayramov

Parlament

17 İyun 2026, 15:14

“Kraudfandinq haqqında” qanun layihəsi müasir yanaşmaya əsaslansa da, onun daha effektiv tətbiqi üçün bir sıra müddəalar dəqiqləşdirilməli və yumşaldılmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, kraudfandinq hazırda dünyada kütləvi sərmayənin cəlb edilməsində əsas alətlərdən birinə çevrilib və qlobal bazarın həcmi artıq 20 milyard dolları ötür. Onun sözlərinə görə, müzakirə olunan qanun layihəsi əsasən startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə xidmət etsə də, beynəlxalq təcrübədə benefisiarlar daha genişdir.

V.Bayramov qeyd edib ki, layihədə operatorların nizamnamə kapitalı və məcmu kapitalının minimum məbləğinin Mərkəzi Bank tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Onun fikrincə, bu göstəricilərlə bağlı əsas meyarlar birbaşa qanunda əksini tapmalıdır.

"Layihədə nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın məbləğinin Mərkəzi Bank tərəfindən müəyyən ediləcəyi göstərilir. Daha məqsədəuyğun olardı ki, bununla bağlı konkret meyarlar qanun layihəsində öz əksini tapsın və qaydalar da həmin meyarlar əsasında hazırlansın".

Deputat, həmçinin operatorların adlandırılması ilə bağlı müddəaların da dəqiqləşdirilməsini vacib sayıb. Onun sözlərinə görə, "dövlət", "milli", "mərkəzi", "hökumət", "zəmanətli" və "sığortalı" sözlərinin istifadəsinə qadağa qoyulursa, digər oxşar adlardan istifadənin mümkün olub-olmaması da qanunda aydın göstərilməlidir.

Vüqar Bayramov operatorların idarəetmə funksiyalarını yerinə yetirən şəxslər üçün ali təhsil və maliyyə sektorunda ən azı üç il iş təcrübəsi tələblərinə də yenidən baxılmasını təklif edib.

"Bu gün qlobal kraudfandinq və iri investisiya şirkətlərinin təsisçiləri arasında ali təhsili olmayan şəxslər də var. Ona görə də ənənəvi tələblərdən daha çox innovativ və keyfiyyət meyarlarına üstünlük verilməsi daha məqsədəuyğun olardı. Maliyyə sektorundan kənarda çalışan peşəkarların da bu sahəyə cəlb edilməsi mümkün olmalıdır".

Deputat bildirib ki, operatorların reyestrdə qeydiyyatı üçün müəyyən edilmiş 90 günlük baxılma müddəti də uzun hesab edilməlidir.

"Elektronlaşmanın ciddi inkişaf etdiyi şəraitdə bir müraciətə üç ay baxılması məqsədəuyğun deyil. Hesab edirəm ki, bu müddət əhəmiyyətli dərəcədə azaldılmalıdır".

V.Bayramov əlavə edib ki, borc əsaslı kraudfandinqin yalnız onlayn platformalar vasitəsilə həyata keçirilməsi qanun layihəsində ayrıca qeyd olunmalıdır. O, həmçinin investisiya limitləri, risklərin idarə olunması və investorlar üçün çevik mexanizmlərin yaradılması ilə bağlı beynəlxalq təcrübənin daha geniş tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu