Modern.az

Deputatlığa namizəd Turabxan Turabxanlının həyat yoldaşı: “Ondan kömək istəyən adam əliboş qayıtmaz”

Deputatlığa namizəd Turabxan Turabxanlının həyat yoldaşı: “Ondan kömək istəyən adam əliboş qayıtmaz”

Müsahibə

30 Yanvar 2020, 14:23

Modern.az “Namizədlərin həyat yoldaşları” rubrikasına davam edir.

 

Rubrikamızın budəfəki qonağı 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa müstəqil namizəd Turabxan Turabxanlının həyat yoldaşı Səmayə Turabxanlıdır.

 

Səmayə xanım 19 iyul 1990-cı ildə Sumqayıt şəhərində idmançı ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra bakalavr təhsili almaq üçün Bakı Dövlət Universitetinin Tətbiqi  kimya fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra ailəli olduğundan övladları və onların təhsili ilə məşğul olub. Bir neçə il fasilədən sonra Sumqayıt Dövlət Universitetinin magistr pilləsinə qəbul olub. Hazırda isə doktorantura imtahanına hazırlaşır.

 

- Səmayə xanım, deputatlığa gedən yol o qədər də asan deyil. Bu yolda həyat yoldaşınızın nüfuzlu rəqibləri də var. Onun bu yolda uğur qazanması üçün ən vacib olan nədir?

 

- Deputatlığa gedən yol hər bir namizəddən çoxlu hövsələ, insanlarla ünsiyyət qabiliyyəti, dinləmə bacarığı tələb edir. Həyat yoldaşımı çox yaxşı tanıyıram. 13 ildir, evliyik. Əminliklə deyə bilərəm ki, Turabxan bəy çox səbirli, insanları dinləmə qabiliyyəti olan, müəyyən situasiyalarda təmkinlə addım atmağı bacaran bir insandır. O, insanların dərdinə, həqiqətən də, şərik ola bilən şəxsdir. İndiyə qədər əlindən gələni edib, çalışıb ki, insanlara faydası toxunsun. Bundan sonra da hər kəsə kömək edəcəyinə inanıram. Ondan kömək istəyən adam əliboş qayıtmaz.

Düzdür, onun bu dairədə rəqibləri var. Amma Turabxanın həm hüquq, həm də sığorta sahəsində geniş təcrübəsi var. Onun savadı və şəxsi keyfiyyətləri bu yolda ən böyük dayağıdır.

 

- Həyat yoldaşınız deputat olmaq istəyini sizə bildirəndə hansı reaksiyanı verdiniz, onu bu yoldan çəkindirməyə çalışdınız, yoxsa əksinə?

 

- Turabxan bəyin millət vəkili olmaq istəyi insanlara, seçicilərə daha çox kömək etmək üçün imkan qazanmaq məqsədi daşıyır.

Biz ailəmizdə həmişə bir-birimizə dəstək oluruq. 13 il ərzində mənim həmişə şükür edəcəyim məqamdir ki, biz onunla dost da ola bildik. Bir-birimizə həmişə dəstək oluruq. Bir-birimizin qərarına hörmətlə yanaşır, addımlarımızı anlayışla qəbul edirik. Mən də hər hansı qərarlarımda həmişə onun dəstəyini hiss etmişəm. Onun təcrübəsinə, savadına güvənib, məsləhətləşmişəm. Ona görə, Turabxan bəy deputat olmaq istədiyi barədə qərarını açıqlayanda buna sayğı ilə yanaşdım.

Onun bu qərarını eşidəndə mən onun qələbəsinə inandım. Yalnız ona dəstək oluram. Əlimdən gələni edəcəyəm ki, o bu yolda özünə güvənərək addımlasın. Ailəsinin arxasında olduğunu həmişə hiss etsin. Axıra qədər ona dəstəyəm. Çünki həyat yoldaşım bu dəstəyə layiq insandır.

 

- Təşviqat kampaniyası başlayandan Turabxan bəyə dəstəyinizi necə göstərdiniz?

 

- Turabxan bəy valideynləri üçün mükəmməl övladdır. Mənim üçün mükəmməl həyat yoldaşıdır. Və övladları üçün mükəmməl atadır. İnanıram ki, seçilərsə, millət vəkili kimi də mükəmməl olacaq və xalqın sevgisini qazanacaq. Bu qədər müsbət xarakterləri özündə toplayan insan millətin problemlərini həll etməyi, parlament işlərini də bacaracaq.

Mən onu bütün ev, ailə qayğısından azad etmişəm. Dediyim kimi, 3 övladımız var. Onların tərbiyəsi, təhsili, istiqamətləndirilməsi, baxımı ilə bağlı hər şeyi birlikdə edirik. Məktəb və bağçada bayram tədbirlərinə həmişə birlikdə qatılırıq. Onu kampaniya başlayandan bəri hər şeydən azad etmişəm.

 

- Övladlarınızın bu məsələdə fikirləri necədir? Atalarının qələbəsinə özlərini hazırlayırlar?

 

- Turabxan bəy övladları üçün nümunəvi ata olub. Hər zaman şükür edirəm ki, övladlarımın onun kimi ataları var. Onun səhv qərar verdiyini, yanlışını görməyiblər. Ona görə, ataları nə deyirsə, uşaqlar da onun reallaşacağına inanırlar. Uşaqlar atalarının fanatıdırlar. Biz ona dəstəyik.

 

- Seçkiqabağı təşviqat kampaniyası zamanı seçicilərlə görüşlərə həyat yoldaşınızla birlikdə qatılmısınızmı?

 

- Təşviqat kampaniyası başlayandan ev, ailə, uşaqların qayğılarından vaxt tapıb, Turabxan bəylə birlikdə seçicilərlə görüşlərə qatıla bilmirəm. Amma sosial şəbəkələrdə təbliğatı, səhifəsinin idarəsi, fotolarının və paylaşımlarının qüsursuz olması üçün əlimdən gələn köməkliyi göstərirəm.

 

- Sizcə, Turabxan Turabxanlını digər namizədlərdən, rəqiblərindən fərqləndirən hansı keyfiyyətidir? Onun şansı hansı məqamlara görə daha çox ola bilər?

 

- Dediyim kimi, həyat yoldaşım insanları dinləyə bilir, onların dərdinə şərik olur və bütün bunları həqiqətən ürəkdən edir. O hər bir insanın dərdini özününkü kimi qəbul edir. İstər məişət problemləri, istərsə də ümumi narahatlıqlar – hər məsələdə ona müraciət edənlərə kömək etməyə çalışır.

Fərqli sahələrdə əhatəli təcrübəsi ona bu məsələdə kömək edir. Hüquq, turizm və sığorta sahəsində böyük təcrübəsi var. Türkiyədə, Rusiyada təcrübələr keçib. Artıq 10 ildir ki, sığorta sahəsində çalışır. Hesab edirəm ki, bütün bunlar ona dəstək olacaq. Çünki o həmişə insanlarla çalışıb.

 

- Həyat yoldaşınız deputat seçilərsə, 5 illik Milli Məclis fəaliyyətində ona necə dəstək olmağı düşünmüsünüz?

 

- Bu yolda uğuru ona ancaq seçiciləri qazandıra bilər. Ona olan sevgi, inam və güvəni hiss etdirsələr, Turabxan bəyə olan dəstəyini ifadə edib, seçki günü də dəstək olsalar, sonrakı yolda o güvəni doğrulda biləcəyinə əminəm. Hər zaman olduğu kimi, bu işdən də alnıaçıq çıxacaq.

Deputat seçiləndən sonra da çox güman ki, işlərinin çoxluğundan evə, uşaqlara daha az vaxt ayıracaq. Mən bu prosesdə, məmnuniyyətlə, onun əlindən tutacağam.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi