Modern.az

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” - MÜSAHİBƏ

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” - MÜSAHİBƏ

Müsahibə

14 May 2020, 14:33

Azər Kərimli: “Sənəddə Azərbaycanın haqlı mövqeyini, maraqlarını ifadə edən prinsiplərin yer alması Ermənistanın diplomatik fiaskosu kimi də qiymətləndirilə bilər”

 

Milli Məclisin deputatı Azər Kərimli Avropa İttifaqı Şurasının qərarı ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.


- Azər müəllim, öncə sizi Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin edilməniz münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Bu qərarı necə qarşıladınız və Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasındakı fəaliyyətinin prioritetlərini necə görürsünüz?



- Təbrikə görə təşəkkür edirəm. Təbii ki, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri seçilməyimi ilk növbədə Milli Məclis rəhbərliyinin, deputat həmkarlarımın mənə göstərdikləri yüksək etimad kimi qəbul edirəm və buna görə onlara minnətdarlığımı bildirirəm.
Məlum olduğu ki, məndən öncə Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinə Milli Məclsin sədri hörmətli Sahibə Qafarova rəhbərlik edib və bu təşkilatda ölkəmizin maraqlarının qorunması ilə bağlı uğurlu fəaliyyət göstərib. Sahibə xanımdan sonra belə bir missiyanı yerinə yetirməyim, şübhəsiz ki, üzərimə böyük məsuliyyət qoyur. Bu məsuliyyəti yaxşı başa düşürəm və nümayəndə heyətinin üzvü olan bütün dəyərli deputat həmkarlarımla birlikdə bu missiyanı layiqincə davam etdirməyə çalışacağıq.



- Bildiyiniz kimi mayın 11-də Avropa İttifaqı Şurası 2020-ci ildən sonra Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasəti ilə əsas istiqamətlərini müəyyənləşdirən sənədi təsdiqləyib. Sənəddə Azərbaycanın maraqlarını ifadə edən bir çox mühüm, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından strateji hesab edilə biləcək məqamlar yer alıb. Bir çoxları Avropa İttifaqı Şurasının qərarını Prezident İlham Əliyevin yeni qələbəsi kimi dəyərləndirirlər. Siz necə düşünürsünüz?



- Şübhəsiz ki, Avropa İttifaqı Şurasının qərarı Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti qələbəsi və onun rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların nəticəsidir. Qeyd edim ki, Avropa İttifaqı Şurasının təsdiqlədiyi bu sənəd Aİ-nin Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini müəyyənləşdirir və Aİ üzv ölkələrlə münasibətlərini məhz bu sənəddə yer alan prinsiplər əsasında davam etdirəcək.



- Sənədin, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın maraqları və ərazi bütövlüyümüzün təmin olunması baxımından əhəmiyyəti nədən ibarətdir?

 

- Qeyd edim ki, Qərarın 2-ci bəndində ŞT-nin siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsipləri əks olunur. Şura Avropa Qonşuluq Siyasətinin spesifik regional “ölçüsü” olan ŞT-nin strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edir. Aİ Şurası ŞT məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında “Helsinki Yekun Aktının və ATƏT-in Paris Nizamnaməsinin prinsiplərində də qeyd olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatına dair” Aİ-nin ortaq öhdəliklərini təsbit edir.

Göründüyü kimi, Aİ Şurası yekun qərarının bu bəndində Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan prinsipləri yenidən vurğulayır. Yəni, bundan öncəki sənədlərindən fərqli olaraq, Aİ Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ortaq öhdəlik” kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyərlər”lə bir siyahıda qeyd edir. Bu isə o deməkdir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə münasibəti beynəlxalq hüquqa hörmət, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, müstəqillik və suverenlik prinspləri müstəvisində qurulacaq. Bu prinsiplər artıq Avropa İttifaqı üçün “qırmızı xətt” xarakteri daşıyır və bütün prioritet prinsiplərin önündə gəlir. Bu isə Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə ciddi təsir göstərəcək və sənəddə Azərbaycanın haqlı mövqeyini, maraqlarını ifadə edən prinsiplərin yer alması işğalçı ölkənin diplomatik fiaskosu kimi də qiymətləndirilə bilər. Çünki rəsmi İrəvanın son bir neçə il ərzində saxta “demokratik imic” təqdimatı vasitəsilə beynəlxalq hüququn prinsipləri ilə manipulyasiya etmək cəhdləri də bu sənədlə iflasa uğrayıb.



- Azər müəllim, sənədin diqqət çəkən istiqamətlərindən biri də hərbi münaqişələr və onların həlli ilə bağlıdır. Bu istiqamət üzrə Azərbaycan üçün önəmli olan məqamlar hansılardır?

 

- Bəli, yekun sənədin 17-ci bəndində hərbi münaqişələr məsələsinə yenidən toxunulub, iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün hərbi münaqişələrin həllinin, etimadın yaradılmasının və yaxşı qonşuluq əlaqələrinin əhəmiyyəti vurğulanıb. Qeyd olunan bənddə Şura Şərq Tərəfdaşlığı regionunun bəzi ölkələrində beynəlxalq hüquq pozuntularının davam etməsindən dərin narahatlığını ifadə edib. Həmçinin münaqişələrin qarşısının alınması, etimadın yaradılması və razılaşdırılmış danışıqlar formatları və prosesləri çərçivəsində münaqişələrin danışıqlar vasitəsilə sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Məlum olduğu kimi, Ermənistanın bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib və rəsmi İrəvan uzun illərdir ki, müxtəlif bəhanələrlə, qoşunlarının təmas xəttində və sərhəd bölgəsində törətdiyi təxribatlarla danışıqlar prosesini “0” nöqtəsinə qaytarmağa, danışıqlar formatının dəyişilməsinə nail olmağa və problemin sülh yolu ilə tez bir zamanda həllinə mane olmağa çalışır.
Aİ Şurasının sözügedən çağırışı həmin institutun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ hərbi münaqişəsinin mövcud Minsk Qrupu danışıqlar formatına əvvəlki dəstəyini ifadə edir. Bu isə separatçıların danışıqlar prosesinə daxil olması ilə bağlı Ermənistan yürütdüyü siyasətin növbəti dəfə uğursuzluğa düçar olması deməkdir. 

 

- Azər müəllim, məlum olduğu kimi, sənəddə həm Şərq Tərəfdaşlığı ölkələri arasında ikitərəfli əlaqələrin inkişafı, həm də yeni çərçivə Sazişi ilə bağlı Aİ və Azərbaycan arasında davam edən danışıqlarda mövcud olan proqress alqışlanır. Bu yanaşmanı necə qiymətləndirirsiniz?


- Öncə onu qeyd edim ki, belə bir yanaşmanın Avropa İttifaqı Şurasının sənədində əks olunması mühüm əhəmiyyətə malikdir. Çünki Avropa İttifaqı üçün prioritet təşkil edən bu məqam, bir tərəfdən, Aİ ilə Azərbaycan Respublikası arasında yeni Sazişin İttifaqa üzv dövlətlərin diqqət mərkəzində saxlanılmasını, digər tərəfdən isə Aİ-nin həmin Saziş üzrə danışıqlar prosesinin davam etdirilməsi və yekunlaşdırılması ilə bağlı marağını əks etdirir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Aİ və Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlərin inkişafı Azərbaycan üçün prioritet təşkil edən istiqamətlərdəndir və ölkəmiz bu yolda xeyli məsafə qət edib. Bu kontekstdə, hesab edirəm ki, Azərbaycanın Avropa İttifaqına üzv olan 9 dövlətlə ikitərəfli qaydada strateji tərəfdaşlıq haqqında saziş imzaladığını xatırlatmaq da yerinə düşər.  Bu baxımdan, Aİ-nin ikitərəfli münasibətlərin inkişafını alqışlaması isə, dolayısıyla Azərbaycanın Avropa İttifaqına və Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələrlə bü günə qədər bütün platformalarda qarşılıqlı əlaqələrin inkişafı baxımından irəli sürdüyü ikitərəfli əməkdaşlıq formatlarının da dəstəklənməsi anlamına gəlir.

 

- Azər müəllim, sənəddə Azərbaycanın maraqlarına cavab verən daha hansı məqamlar var?

- Düşünürəm ki, ölkəmizin maraqlarına cavab verən önəmli məqamlardan biri də  yekun qərarın 12-ci bəndində yer alan istiqamətlərlə bağlıdır. Bu bənddə Avropa İttifaqı Şurasının nəqliyyat, enerji və rəqəmsal texnologiyarlar baxımından, keyfiyyətli infrastrukturun təşviq edilməsi daxil olmaqla qayda-qanuna əsaslanan, açıq və etibarlı bağlantıların dəstəklənməsinin həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadi inkişafı, regional inteqrasiya, ticarət və mobillik üçün əsas elementlərdən biri olması vurğulanır.

Bu yanaşma Aİ Şurası tərəfindən İttifaqın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində prioritet layihələrinin, o cümlədən Aİ-nin prioritet dəhlizlərlə bağlı 2020/389 saylı 11 mart 2020-ci il tarixli Qaydalarında müəyyən olunduğu kimi Cənub Qaz Dəhlizinin, həmçinin Azərbaycan Respublikasının dünyanın bir sıra istiqamətləri üzrə beynəlxalq bağlantılarının, loqistik-nəqliyyat-tranzit şəbəkəsinin fəaliyyətinin təmin edilməsi baxımından oynadığı vacib rolun dəstəklənməsi kimi qəbul olunmalıdır. Və təbii ki, bu da Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizi layihələrinin Aİ tərəfindən yüksək qiymətləndirildiyi və bu yanaşmanın bundan sonra da davam edəcəyi deməkdir.



- Sənədin 6-cı bəndində ŞT-nin 2017-ci il Birgə Bəyannaməsində və bu tipli sənədlərində olduğu kimi, Şərq Tərəfdaşlığının “heç kimə qarşı yönəlməməsi” ilə bağlı siyasi xarakter daşıyan ifadə əks olunur. Digər tərəfdən, yekun qərarın 10-cu maddəsində dezinformasiya ilə mübarizənin gücləndirilməsi istiqamətində Aİ, Aİ üzv dövlətləri və ŞT ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çağırış edilir. Bütün bunları Azərbaycanın xarici və daxili siyasətinin prioritetləri baxımından necə dəyərləndirmək olar?



- Məlum olduğu kimi, Azərbaycan üçün həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq münasibətlərdə ölkənin milli maraqlarını ifadə edən müstəqil siyasət yürütməsi prioritet təşkil edir. Azərbaycan heç bir beynəlxalq platforma çərçivəsində özünün bu platformadan kənar ikitərfli və çoxtərəfli münasibətlərinə məhduduyyətlərin qoyulmasına imkan vermir və verməyəcək də. Aİ-nin Şərq Tərəfdaşlığının heç kimə, yəni üçüncü bir tərəfə qarşı yönəlməməsini açıq və birmənalı şəkildə ifadə etməsi isə üzv dövlətlərin xarici siyasətlərinin prioritetlərinə və maraqlarına uyğun şəkildə qurmalarına heç bir süni əngəl yaradılmadığını ifadə edir.

Sənəddə ölkəmiz üçün əhəmiyyət kəsb edən digər məqam isə, COVİD-19 pandemiyasının yaratdığı problemlərin - iqtisadi, tibbi və humanitar böhranın aradan qaldırılması üçün əməkdaşlığın gücləndirilməsi, səhiyyə sistemlərinin qorunması, hökumət və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin, effektiv mülki müdafiənin və kiçik və orta sahibkarlığın dəstəklənməsi, o cümlədən vətəndaşların vaxtında məlumatlandırılması kimi məsələlərin vacibliyi ilə bağlıdır. Göründüyü kimi, Aİ-nin bu prioritetləri də Azərbaycanın elan etdiyi prinsiplərlə, ölkəmizdə həyata keçirilən islahatların mahiyyəti ilə tamamilə üst-üstə düşür.
Son olaraq, bir daha sənədin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını və Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun daha da artmasının, ölkəmizdə həyata keçirilən islahatların nəticəsi olduğunu qeyd etmək istəyirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir