Modern.az

Nazir müşaviri: “Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - MÜSAHİBƏ

Nazir müşaviri: “Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - MÜSAHİBƏ

4 Avqust 2020, 09:17

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, hüquq elmləri doktoru Mehdi Abdullayev Modern.az saytına müsahibə verib.


- Mehdi müəllim, koronavirus pandemiyası ölkəmizdə yayılmağa başladığı gündən indiyə kimi sosial sahədə hansı təxirəsalınmaz tədbirlər həyata keçirilib?

- Bildiyiniz kimi, obyektiv səbəblərdən müəyyən çətinliklər yaşandı. Bu da dünyada tüğyan edən COVID-19 pandemiyası ilə bağlıdır. Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün bu günə kimi çevik və zəruri qabaqlayıcı addımlar atılıb. Dövlət başçaısının tapşırığına əsasən, Azərbaycanda iqtisadi sabitliyin təmin olunması, məşğulluqla bağlı problemlərin həlli, makroiqtisadi və maliyyə vəziyyətinin sabit saxlanılması məqsədilə maddi vəsait ayrılıb. Ancaq bu müddət ərzində Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi dəstək tədbirləri, qəbul edilən sosial proqramlar bir daha onu göstərdi ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Müxtəlif istiqamətlər üzrə dəstək tədbirləri həyata keçirildi. İqtisadi sahibkarlıq subyektlərinə, müvəqqəti olaraq işsiz və həssas təbəqənin nümayəndələrinə müxtəlif növ maliyyə yardımları edildi və edilməkdə də davam edir. Ahıl və imkanı məhdud olan şəxslərə yardımlar göstərildi. Xüsusilə pandemiya dövründə nazirliyin kollektivi də fədakarcasına çalışdı. Bundan başqa, Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevin tapşırığı ilə sosial xidmət sahəsində də böyük işlər görüldü. Cənab nazir tapşırılan və üzərinə düşən hər bir işi məsuliyyətlə və diqqətlə yerinə yetirir.


- Yeri gəlmişkən, hazırda bir neçə rayonda DOST mərkəzləri fəaliyyət göstərir. Bununla bağlı hansı yeniliklər gözlənilir?

- Artıq bir brendə çevrilmiş DOST mərkəzlərinin bütün regionlarda yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Əlavə olaraq qeyd edə bilərəm ki, nazirliyin tərkibində fəaliyyət göstərən bir sira xidmətlər statusu dəyişilərək yenidən təşkil olunur. Məsələn, Dövlət Məşğulluq Xidmətinin bazasında  Dövlət Məşğulluq Agentliyi təşkil edilir. Statusların dəyişilməsi onların qarşısına yeni vəzifələr qoyur və eyni zamanda  yeni perspektivlər, üfüqlər açır.

Eyni zamanda, özünüməşğulluq o dərəcədə inkişaf edib ki, bu ilin sonuna qədər 12 min ailənin həmin tədbirə cəlb olunması nəzərdə tutulub. Bu da o deməkdir ki, onlar nazirlik tərəfindən verilmiş müxtəlif avadanlıqlarla təmin olunacaqlar. Arzusunda olduqları, ancaq müəyyən səbəblərdən edə bilmədiklərini nazirliyin köməkliyi ilə həyata keçirəcəklər.



- Mehdi müəllim, söhbətə məmur kimi başladıq. Ancaq heç kimə sirr deyil ki, tanınmış ailədə böyümüsünüz.
(Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın övladıdır-red.)
Bəzən belə fikirlər səslənir ki, tanınmış ailələrdə böyüyən uşaqlar hamı kimi ola bilmir. Maraqlıdır, iki tanınmış akademikin ailəsində böyümək necə
hissdir?

- Başqalarının adından danışa bilmərəm. Ancaq mənim üçün böyük məsuliyyətdir. Bunu tam səmimi olaraq deyirəm.


- Gözünüzü açıb özünüzü fərqli mühitdə tapmısız. Uşaq ikən tanınmış şairlərin, yazıçıların, akademiklərin söhbətlərinə  şahidlik etmisiz.  

- Böyüdüyüm və içində olduğum mühitin ancaq müsbət təsiri  olduğunu söyləyə bilərəm. Özümü dərk edəndən kitabın, ədəbiyyatın əsl mahiyyətini qavramışam. Mütaliənin insan həyatında vacibliyi fikri mənə lap uşaq yaşlarımdan aşılanıb. 


- Ancaq sizdə bədii yaradıcılığa nə həvəs, nə də maraq oldu.

- Ədəbiyyata maraq oldu və o maraq bu gün də davam edir. Ancaq bu maraq daha çox seyrçi, oxucu marağıdır. Yazmaq marağı olmasa da, elm sahəsinə maraq güclü oldu. Çünki valideynlərimin elmi potensiala sahib olması məni daha çox özünə çəkdi.


- İstər elmi, istərsə də bədii ədəbiyyat olsun. Hər ikisində yaxşı oxucu olmaq mümkündür. Bu baxımdan bir övlad kimi ailədə yaxşı tənqidçi ola
bilirsinizmi?

- Elm sahəsi üzrə valideynlərimə tənqidçi ola bilməsəm də, bədii sahədə oxucu olaraq öz fikrimi bildirirəm.  Hələ də alimlər arasında belə bir tərəddüd var ki “insanı formalaşdıran mühitdi, yoxsa genlərdir?!” Mənim fikrimcə, formalaşmağıma həm genlər, həm də böyüdüyüm mühit təsir edib. Ona görə də uşaqlıqdan nələri görmüşəmsə, o cür də davam etmişəm. Atam şahmat oynayıbsa, mən də 5 yaşımda şahmatla məşğul olmağa başlamışam. 5 yaşımda oxumağı, yazmağı mənə öyrətdilər. Yadımdadır ki, oxuduqlarımı atamla müzakirə edirdik.


- Adətən 5 yaşında olan uşaqlar daha çox eşitdiyi nağılları danışır. Maraqlıdır, siz 5 yaşınızda nə oxumusuz?

-Yadımdadır ki, atam kitablar üzrə bir ardıcıllıq tərtib etmişdi mənim üçün. Şerlok Xolmsdan başlayaraq Don Kixota qədər. İlk oxuduğum Artur Konan Doylun Şerlok Xolmsun macəraları olub.  5-6 yaşlarımda Orxon Yenisey abidələrinin bizim üçün bir dəyər olduğunu  mənə öyrətmişdilər. Hesab edirəm ki, uşaq yaşlarında əsası qoyulan fundament sonradan bizim düzgün istiqamətlənməyimizə yardımçı olur. Uşaq yaşlarımda dünya ədəbiyyatını daha çox oxumuşam. Sovet dövründə yaşayanlar bilər. Bir çox evdə dünya ədəbiyyatı dərgisi olurdu. Bizim də evimizdə həmin dərgi vardı. Tolstoy, Balzak, Dostoyevski, Çexov və  digər klassikləri oxuyurdum.


- Dünya klassiklərini övladına sevdirən ailədə milli ədəbiyyatımıza, folklorumuza münasibət necə idi?

 - Yadımdadır ki, yay tətillərinin birində atam sual-cavabında hardasa milli ədəbiyyat sahəsində biliklərimdən bir o qədər də razı qalmadı. Və mənim bütün tətilim Nəriman Nərimanovun, Əbdürrəhman bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun yaradıcılığını tam olaraq oxumaqla keçdi. Düşünürəm ki, millilik genlə gələn məsələdir.  Bu da mütləqdir. Hesab edirəm ki, uşaqlara ədəbiyyatı sevdirəndə bunu paralel formada həyata keçirtmək vacibdir. Milli köklərini dəyərləndirməyi bacarmayan insana sonrakı həyatı qavramaq çətin olur. Milliyyətindən asılı olmayaraq klassikləri sevə-sevə oxuyuram.


- Klassik ədəbiyyatda nəyi daha çox bəyənirsiz? Məsələn, adamlar var ki, aşıq yaradıcılığı, folklor janrı sanki qanına hopub.

İnsanın şəxsiyyət kimi formalaşdırılmasında klassiklərin rolu böyükdür. Məsələn, Balzakın “Bəşəri komediya” silsilə əsərlər toplusu var ki, dünyadır.  Məşhur bir deyimdəki kimi, ay işığında heç nə yeni deyil. Bu mənada klassik ədəbiyyat insanın şəxsiyyət kimi formalaşmasına, onun dünyagörüşünün zənginləşməsinə kömək edir.

Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanı möhtəşəmdir. Korçaqın öz mübarizliyi ilə, Çernışevskinin Raxmetovu, Ovod əsərindəki Artur bizim uşaqlıq qəhrəmanlarımız idi.  Çexov, Tolstoy, Dostyevski, Cek London yaradcılığı hər dövr üçün aktualdır.


- Hər halda ən çox bəyəndiyiniz şairlər və şeirlər də var.

- Təbii ki, Nizami, Füzuli, Nəsimi və Xətai titanlardır. Onların yaratdıqları artıq bizim təhtəlşüurumuzdadı, bizi biz edəndi.  Bundan əlavə şairlərdən ən çox Almas Yıldırımı, Müşviqi, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni , Lermontovu, Yesenini, Mandelstamı və Brodskini bəyənirəm. Ən çox bəyəndiyim parça Almas  Yıldırımın “Əsir Azərbaycan” şerindədi:

Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən… 
Azərbaycan, mənim tacım, taxtım oy!..
Oyanmazmı kor olası baxtım oy!..

- Sovet dövründə bir ənənə vardı. Tanınmış ailələr övladlarını rus bölməsinə qoyurdular. Ancaq siz Azərbaycan bölməsində təhsil almısız. Hər halda bunun bir səbəbi var.

- Məktəbə getməyə başlayanda rus dilində danışmağı bacarırdım. Ailəmizdə belə fikir vardı ki, Azərbaycan bölməsində oxuyum. Mənim üçün xarici dillər bir vasitədir, məqsəd deyil. Xarici dil bilmək həmin dildə olan ədəbiyyatı orijinaldan oxumaq, həmin dildə danışan insanlarla ünsiyyətdə olmaq deməkdir. Daha artığı yox.


- Bu gün bəzi ailələr elə hesab edir ki, ana dilini öyrətmədən uşağı rus ya da  ingilis, fransız bölməsinə qoyanda hər şey daha yaxşı olacaq. Siz necə düşünürsüz?

- Təbii ki, bu yaxşı hal deyil. Dünya dillərini uşaqlarımıza öyrətməyimizin heç bir ziyanı yoxdur. Bu üstünlükdür. Ancaq hər bir azərbaycanlı ilk növbədə ana dilini  bilməlidir. Çünki Azərbaycan dili ətrafında Azərbaycan milləti formalaşır. Bizim vətənimiz Azərbaycan, doğma dilimiz isə Azərbaycan dilidir. Bunları heç zaman unuda bilmərik. Eyni zamanda, nə qədər xarici dil bilsək, o da başucalığıdır.


- Bir qisim gənclərimiz var ki, onların uşaqlığı və məktəb illəri Sovet İmperiyasının dağılması dövrünə təsadüf edib. Hətta bir çox məktəblilər imperiya süquta uğrayan kimi pioner qalstuklarını çıxarıb atmışdılar
.


- Yadımdadır ki, 5 ay pioner qalstuku taxmışam. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra o qalstukları çıxarıb atdıq.



- Nələrin baş verdiyini dərk edə bilirdinizmi?

- Əlbəttə dərk edirdik. Ailədə bu barədə eşidirdik. Uşaqlığı o dövrün hadisələrinə düşən  biri kimi deyə bilərəm ki, Azərbaycan çox mürəkkəb bir dövrdə ikinci dəfə müstəqilliyini əldə etdi. 20 Yanvar hadisələri yadımdadır. Təbii ki, mürəkkəb dövr idi. Ardınca ölkədə hərc-mərclik baş qaldırdı, Dağlıq Qarabağ müharibəsi başladı və sairə. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda hərc-mərcliyə son qoyuldu, siyasi sabitlik yaradıldı, Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu.

Belə bir fikir var: “Tarix keyfiyyətli zamandır. O zaman tarix yazılır ki, orada hadisə olur”. Tarixdə keyfiyyət yükü olmasa, o tarix olmur. Məhz bu baxımdan bizim uşaqlıq dövrümüz mürəkkəb hadisələrlə dolu əsl tarixdir.


 - O dövrün özünəməxsus məişət çətinlikləri də vardı. Məsələn, indiki kimi çeşid-çeşid mağazalar, dükanlar yox idi. Necə xatırlayırsız o çətinlikləri?

 - Təbii ki, bizim uşaqlığımız üçün “hər şey əlçatan idi” demək olmaz. İndiki dövrün uşaqları hər şeyə sahib ola bilirlər. Çünki zaman fərqlidir.  Daha çox oynadığımız əşyaları özümüz düzəldirdik.  Arada tələbələrimizə adi qələmi misal çəkib deyirəm. “Hansı biriniz qələmin mürəkkəbini dəyişib yenidən istifadə etmisiz?!”. Təəccüblə mənə baxırlar. Sovet dövründə qələmi birinci dəfədən atmaq söhbəti yox idi.


- Sizcə, bu qədər tarixi proseslərin içərisində konfliktlər dəyişirmi?

- Bəli, zamanın müəyyən tələblərinə uyğun dəyişkənliklər olur. Ancaq fundamental fikir ayrılığı öz yerindədir. Məsələn, rus siyasi təhlilçisi Duginə görə, dünya tarixi proqressizm, emprizm, müasirlik kimi ideyalara əsaslanan "dəniz sivilizasiyası" (Qərb) ilə konservatizm, ənənəvi cəmiyyət, mistitizm kimi ideyalara əsaslanan "quru sivilizasiyası" (Şərq) arasında gedən mübarizədən ibarətdir.

Daha dərinə getsək, sakrallığın və idealizmin çıxarıldığı protestantizim etikası ilə ənənəyə söykənən, özündə  Ellinizm ruhunu yaşadan Bizans ənənəsi arasında olan fikir və təcrübə ayrılığından söhbət gedir. 


- Dağlıq Qarabağın işğalı prosesi də sizinlə həmyaşıd olanların uşaqlığına təsadüf etdi. Bakıda böyüsəniz də, əslən qarabağlısız. Maraqlıdır, Dağlıq Qarabağ münaqişəsi o dövrün uşaqları üçün hansı mənanı kəsb edirdi?


- Bizim üçün Qarabağ məsələsi çox ağır məsələ idi. Şuşada baba evimiz qalıb. Bir müddət Dağlıq Qarabağ icmasında təmsil olunmuşam. Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi bir millət olaraq  həll etməli olduğumuz ən vacib məsələdir. İnanıram ki, yaxın zamanlarda Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.


- Münaqişə hələ də uzanır. 2007-ci ildə qəbul edilən “Madrid prinsipləri” bir nəticə vermədi. Ardınca “Medvedev planı” işə salındı. O da nəticəsiz oldu. Bir sözlə, ermənilər işin sonuna yaxın təxribata əl atırlar. Sizcə
bunun kökündə nə dayanır?

- Hər bir millətin milli özünüdərki var. Biz tariximizə, mədəniyyətimizə ədəbiyyatımıza bağlıyıq ki, burada ön plana idrak məsələsi çıxır. Biz keçmişə əsaslanaq  gələcəyə baxış sərgiləyirik ki,  bu da Azərbaycançılıq ideyasıdır. Albert Kamyunun “alman dostuma məktublar” adlı əsərində belə bir fikir var -  “Hər bir söz vadar etdiyi əməlin rəngini alır. Sizin üçün vətən ideyası al qana bürünüb. Bizim üçün vətən idrakın işıqlı zəkalarına boyanıb”. Bizim üçün bu prinsiplər önəmlidir. Ermənilərdə isə milli özünüdərk məsələsi qarşısındakını inkar etməkdən keçir. Bu inkarın obyekti kimi biz və türklər götürülüb. Onlar həyatlarının mənasını işğalçılıqda, yeni torpaqlar ələ keçirtməkdə görürlər. Dünya deyir ki, inkişaf edək, yeni texnologiyalar yaradaq.  Bunlar isə XXI əsrdə “böyük Ermənistan quraq” deyirlər. Bu fikirlər absurddur. Bayaqkı sualınızla paralel aparmaq istərdim: məsələn, Çexovu sevən adam işğalçı ola bilər? Məncə yox. Ya da Dostoyevskini – “dünyanın bütün səadəti bir körpənin göz yaşlarına dəymir” fikrini əxz etmiş adam... Bu sualın da cavabı aydındır məncə.

Bu yaxınlarda ermənilər Tovuz istiqamətində təxribata əl atdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Növbəti məkrli addımlar həyata keçirmək istəyirdilər. Milli Ordumuzun qətiyyətli addımı nəticəsində təxribatların qarşısı alındı. Burada bir məqam var. Bu bir daha bütün dünyaya onu göstərdi ki, heç bir halda Dağlıq Qarabağın müqəddəratını təyin etməkdən söhbət getmir. Münaqişə Ermənistan və Azərbaycan arasındadır. Münaqişə təkcə Dağlıq Qarabağ ətrafında deyil. Burada bir daha sübut olundu ki, bir dövlətin digər dövlətin ərazisinə iddiası var. Tovuz hadisələri bunu bir daha göstərdi.


- Münaqişənin həlli üçün bir ara xalq diplomatiyası işə salındı. Ancaq o plan da birmənalı qarşılanmadı. Bu məsələdə subyektiv
fikirləriniz nədən ibarətdir?

- Təbii, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Sülh dediyimiz anlayışın müəyyən mərhələli planı olmalıdır. Bu zaman çərçivəsində nəbzin yoxlanılması, müəyyən gediş-gəlişin bərpası məsələsi müzakirə olunurdu. Ancaq düşmən tərəfi bunu pozdu. Biz isə bir daha xoşniyyətli olduğumuzu göstərdik. Xalq diplomatiyası deyirsinizsə, buna da getdik. Hesab edirəm ki, münaqişənin həlli kompleks şəkildə olmalıdır.

Gerçəklik odur ki, Ermənistan heç də münaqişənin qalib tərəfi deyil. Düzdür, Dağlıq Qarabağı işğal edib orada məskunlaşıblar. Ancaq  bütün regional layihələrdən özlərini məhrum ediblər. Ermənistan daxilində insanların sosial durumu çox bərbaddır. Bütün bunlar onu göstərir ki,  münaqişə uzandıqca, Ermənistan hakimiyyəti bəşəri dəyərlər, humanizm, insanlıq, maddiyyat baxımından uduzur. Hətta xaricdəki soydaşlarımıza qarşı da erməni təxribatları davam edir. Xaricdə məskunlaşan soydaşlarımız dinc aksiya keçirərkən ermənilər aqressiv formada milli rəmzlərimizə hörmətsizlik nümayiş etdirdilər. Dünya bir daha erməni vəhşiliyinin şahidi oldu.


- Bir qədər də pedaqoji fəaliyyətinizə toxunaq. Elmlər doktorusuz. Auditoriyada tələbələrə dərs keçirsiz. Maraqlıdır, hansı fərqləri müşahidə
edə bilirsiz?

- Bizim dövrümüz fərqli idi. Əgər biz kitabxanaya gedirdiksə, bu gün “Google” kitabxanaları əvəz edir. Düşünürəm ki, indiki gənclərin maraq dairələri daha genişdir. Bu da zamanın tələbidir. Kompüter, sosial şəbəkələr bu məsələdə öz sözünü deyir. Biz imperiyanın şinelindən çıxmışdıq. Bizim üçün müəllim sözü qanun idi. İndiki gənclərdə pis anlamda qəbul olunmasın, az-maz asilik olur. Bunları müsbət səmtə yönəldəndə hər şey daha yaxşı olur. Bu bütün dünyada belədir. Eyni zamanda, tələbələrimizdə vətənpərvərlik hissi çox yüksəkdir.


- Tələbələrlə auditoriyada anlaşa bilirsiz?

- Çalışıram. Onlardan da nələrisə öyrənməyə çalışıram. Biliklərimi onlarla bölməyə çalışıram. Çünki indi dərsləri auditoriya ilə qarşılıqlı əlaqə olmadan qurmaq fikrimcə düz deyil.


- Neçə övladınız var?

- Bir qızım var. 10 yaşındadır.


- Ata-ananızla anlaşa bilirsiz, auditoriyada tələbələrlə də anlaşa bilirsiz. Bəs qızınızla necə bunu bacarırsız?

- Əlbəttə, qızımla çox yaxşı anlaşa bilirik. Çalışıram ki, tərbiyə prosesində qızımla yaxın dost olum.

- Xarakterinizi qızınızda görə bilirsizmi?

- Oxşar xüsusiyyətlərimiz çoxdur. Dərslərini yaxşı oxuyur, əlaçıdır. Nənəsinin adını daşıyır. Gələcəkdə dizayner olmaq istəyir. Hətta babasının son kitabının dizaynını düzəldib.


- Bəs bədii yaradıcılığa marağı varmı?

- Ədəbiyyata marağı var. Babası ilə nəsə yazıb müzakirələr aparırlar. Kiçik yaşlarında nağıllar yazırdı. Bu sahədə həvəslidir. Əgər istəyi varsa, zamanla üzə çıxacaq.


- Son olaraq koronavirus pandemiyası ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Proqnozlara görə, ilin sonuna qədər dünya pandemiya ilə mübarizə aparacaq. Siz bu barədə hansı düşüncədəsiz?  Pandemiyadan sonrakı dünya
sizcə necə olacaq? 

- Maraqlı və aktual sualdır. İndiyə qədər dünyada bir neçə pandemiya olsa da, bunlardan ən ağırı 1346-cı ildə başlayan taun pandemiyası hesab olunur. Bəzi iqtisadçıların fikrinə görə, bu pandemiya dünya nizamına təsir edib. Belə ki, feodalizm quruluşunun əsaslarını sarsıdan bu pandemiyadan sonra Qərbi Avropanın  və Şərqin inkişafı tam fərqli istiqamətlərdə gedib. Taun başlanana qədər bu cəmiyyətlər arasında olan kiçik fərqlər - Şərqdə feodallar daha güclü, şəhərlər daha kiçik, kəndlilər daha az mütəşəkkil idilər, taun bitəndə tam fərqli cəmiyyətələr ortaya qoydu. Qərbi Avropada azad işçilər, Şərqdə isə təhkimçilik.  Görsəndiyi kimi pandemiyanın hətta dünya nizamına təsiri də olub. 

Ümid edirəm ki, yaşadığımız pandemiya tezliklə bitəcək və cəmiyyətimiz bu sınaqdan daha da güclü və həmrəy çıxacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi