Ölkəmizdə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, o cümlədən dəmir yollarının yenidən qurulması cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir və bu gün bura biz bu uğurlu siyasətin daha bir bəhrəsini – Kürdəmir stansiyasının, belə demək mümkünsə, dəmiryol xəritəsinə qayıdışını qeyd etmək üçün toplaşmışıq. Təxminən 6 il sonra buraya qatarla ilk rəmzi səfərimiz baş tutdu.
Modern.az xəbər verir ki, bu fikirləri Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavini Arif Ağayev deyib.
O bildirib ki, bu stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir.
“Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir. Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq.
Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Küralakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək”.
ADY rəsmisi əlavə edib ki, buradan həm Bakıya, həm şimal və qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək olacaq.
Müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq
"Daha bir ilk kimi Kürdəmirə müasir Stadler qatarları ilə səfərlərin təşkil olunacağını qeyd etmək istərdim. Komfortlu qatarlarla artıq həftənin bütün günlərində sərnişinlərə xidmət göstəriləcək”. - deyə qurum rəsmisi bildirib.