Modern.az

Deputat Rüstəm Xəlilov: “Məni mənəvi cəhətdən sındıra bilməyiblər” - MÜSAHİBƏ

Deputat Rüstəm Xəlilov: “Məni mənəvi cəhətdən sındıra bilməyiblər” - MÜSAHİBƏ

17 İyun 2014, 14:06

“İndi yaltaqlıq hörmətdən düşüb”

O, parlamentdə təmsil olunan deputatlardan biridir. Sadəcə,  onun mətbuata açıq olduğunu söyləmək çox çətindir. Səbəbini isə bilmədən nəsə iddia etmək doğru olmaz. Çünki bir insanı tanımaq üçün onunla ünsiyyətdə olmaq mütləqdir.

Düşünürəm ki, sizin kimi mənə də maraqlı idi. Söhbət əsnasında hər şey aydın oldu. Məncə, onunla birbaşa tanış olmağın əsl məqamıdır. Beləliklə, Modern.az saytına “Pəncərə” layihəsinin budəfəki qonağı deputat Rüstəm Xəlilovdur. 

- Rüstəm müəllim, sovet dövründə hansı vəzifələrdə çalışmısınız?

- O dövrdə partiya işində işləmişəm. Bu işimə xitam veriləndən sonra doğma kəndimizə (atam o kənddə 40 ilə yaxın kolxoz sədri işləyib) getmişəm. Atam  Sosialist Əməyi Qəhrəmanı olub. Bir neçə çağırış parlamentə deputat seçilib. SSRİ vaxtı “Lenin” ordeni ən yüksək mükafat sayılırdı. Azərbaycanda 3-4 nəfərdə həmin ordendən var idi. O vaxtlar “Lenin” ordeni almaq Sosilist Əməyi Qəhrəmanına bərabər idi.  Atam da zamanında “Lenin” ordeni ilə təltif edilib.

- Bəs, kolxoz dağılandan sonra harada çalışmağa başladınız?

- Gömrük sisteminə üz tutdum. Ulu öndər 15 dəfə Sabirabadda olub. 14 dəfə sovet dövründə, 1 dəfə müstəqillik dönəmində. Hər dəfə Sabirabada gələndə bizim kəndimizdə olub. Heydər Əliyev əmək fəaliyyətinə görə şəxsi təsərrüfatçı kimi atamı şəxsən tanıyırdı. Digər vəzifələr istisna olmaqla, atam ömrünün sonuna kimi kolxoz quruculuğunda çalışıb.

- İndi doğulduğunuz Sabirabad rayonuna tez-tez gedirsiniz?

- Əlbəttə. Həm doğulduğum yurdumdu, həm də dost- tanış, qohum-əqrəba orada yaşayır. Sabirabadla həmişə əlaqədə olmuşam. Sabirabada gedəndə müəyyən hisslər baş qaldırır, keçmişi vərəqləyirəm, hardasa uşaqlıq, gənclik illərim yadıma düşür. Əvvəllər Sabirabadda komsomolun binası vardı, indi yerində yenisi tikilib. Ordan keçəndə həmin komsomol gənclər təşkilatı ilə bağlı xatirələr yadıma düşür. Uşaqlıq dostlarımın çoxu müxtəlif yerlərdə məskunlaşıb. Buna baxmayaraq, tez-tez bir yerə yığışanda məktəb illərimizi xatırlayırıq. Müəyyən qədər kövrəlirəm. İl ili keçəndə insanda nostaljı hisslər də baş qaldırır. Doğum günümüzü qeyd edib yaşımızın üstünə yaş gələndə sevinirik. Eyni zamanda, illərin üstünə il gəlir və biz qocalırıq. Hər yaşın da öz gözəlliyi var.

- Nə zaman özünüzü yaşlı hiss etməyə başlamısınız?

- Səmimi deyəcəyəm. Orta məktəbi bitirəndən sonra yaşlanmağa doğru getdiyimi hiss etmişəm. Məsuliyyət hissi daha da artıb. Komsomolda işləyəndə Ali Partiya məktəbi vardı. Sonralar adı dəyişdi Bakı Sosial  İdarəetmə  və Politologiya İnstitutu oldu, oranı bitirmişəm. Vəzifədə olduğumdan oranı qiyabi oxumuşam.  Parta arxasında əyləşəndə müəllim mənə deyirdi: “Tələbə olsan da, yaş öz işini görür. Tələbələr kimi şıltaqlıq etmirsən”. Doğrudan, insanın elə yaş dövrü var ki,  mühit buna imkan vermir. Ona görə də məndə universitet dövründən məsuliyyət hissi yarandı. Onu da deyim ki, dostlarım həmişə yaşda məndən çox-çox böyük olub. Onlardan çox şeylər öyrənmişəm.  

- Dost çevrəniz geniş olsa da, sanki insanlardan qaçırsınız. Buna səbəb nədir?

- Çünki hamıya açıq insan ola bilmirəm. 9 ildə heç bir hökumət üzvlərinin qapısını döyməmişəm. Bunu özüm üçün qəbul etməmişəm.  Deputat olduğum rayondakı müəyyən məsələlərlə bağlı deputat sorğusu yazıb göndərirəm. Elə bir insan yoxdur ki,  həyatda səhvi olmasın. Məsələn, mən xarakercə belə insanam. Bir insanla bir dəqiqənin içində anlaşmaya bilərəm. Amma kobud deyiləm. Valideynlərimdən aldığım tərbiyəyə görə insanlara yuxarıdan aşağı baxmağı bacarmamışam. Bu gün də bacarmıram. Düzünü deyəcəyəm, bu gün mənim cəmiyyət içində olmağım çoxlarına qəribə gəlir. Bəziləri hansısa vəzifəyə təyin olunanda hamıya qapısını bağlayır. Amma mən nə qədər yüksək pillədə qərar tutsam da,  qapım qohum -əqrəba, dost-tanış üzünə açıqdır. İnsanlar arasında heç vaxt fərq qoymamışam. Çünki özümü həmin insanların yerinə qoymağı bacarmışam.

- Cəmiyyətimizdə  varlı və kasıb təbəqəsinin olduğu sirr deyil.  Maraqlıdır,  siz özünüzü hansı cəmiyyətdə daha rahat hiss edirsiz?

- İnsanlara var-dövlətinə görə qiymət vermirəm. Çünki görə-görə gəlmişəm. 24 yaşımda kolxozun ilk sədri olmuşam. O dövrdə həmin yaş üçün vəzifə çox böyük etimad idi. Sabirabad rayon Partiya Komitəsinin birinci katibinin və onun komandasının ətrafında 9 nəfər büro üzvündən biri olmuşam. Amma heç vaxt çaşmamışam. Sovet dövründə də yaltaqlıq vardı. İndi isə yaltaqlıq hörmətdən düşüb. İnsan nəyəsə görə sınmamalıdır. İnsanın özünə qiymət vermək lazımdır, tutduğum vəzifəyə görə yox. Özümü mənəvi cəhətdən çox zəngin hesab edirəm. Maddi zənginliyi görə-görə gəlmişəm. İnsanlara obyektinə, şadlıq sarayı olduğuna görə qiymət verilməməlidir.

- Sizin Sabirabadda da heç bir obyektiniz yoxdur?

- Sabirabadda və burada heç bir obyektim yoxdur. Ona görə də özümü xoşbəxt hiss edirəm. Obyektim olsaydı, kiminsə qabağında mütləq əyilməli idim. 

- Bayaq dediniz ki, insan həyatda nəyəsə görə sınmamalıdır. Amma insanı özündən asılı olmadan sındımağı bacarırlar. Bəs, sizi nə vaxtsa sındırmağı bacarıblar?

- Xeyr, elə insanın obyekti olanda sındırırlar da. Məni hətta mənəvi cəhətdən də sındıra bilməyiblər. Ona görə də özümü xoşbəxt hiss edirəm. İnanıram ki, bundan sonra kimsə məni sındıra bilməz. Çünki ağlım bir az da artıb. Həyat təcrübəsi bir az da məndə o hisslərə qalib gəlib. Mənim öz yolum, öz dəsti-xəttim var. Əqidəm birdir. Ulu öndərin siyasətinə, cənab İlham Əliyevin fəaliyyətinə xidmət edirəm. Deputat seçsələr də, seçməsələr də, məndən imtina etsələr də, seçicilərim yenə əzizlərimdir. Yaşadığım ölkənin vətəndaşları mənim üçün doğmadır. Obyektim olsaydı mütləq kiminsə qarşısında aciz qalmalı idim.

- Obyekt sahibləri özlərindən çox övladlarını fikirləşirlər. Onların xoş gələcəyi üçün çalışırlar. Buna münasibətiniz necədir?

- Övladını hamı fikirləşir. Amma həyatda övladıma görə özümü alçaldıb, cılızlaşdırıb nəsəyə nail olmaq mənə lazım deyil.

- Neçə övladınız var?

- Dörd qızım var.

- Allah saxlasın, o zaman sizin yeriniz cənnətlikdir...

- Artıq cənnəti bu dünyada qazanmışam. Üç qızım artıq ailə sahibidir. Biri qalıb. Amma övladlarımın gələcək həyatını formalaşdırmaq üçün heç vaxt qürurumu sındırmamışam.  

- Deyirlər ki, siyasətin iki sifəti var. Siz bir sifətlə necə qala bilmisiz?

- Siyasətin iki yox, min sifəti var. Mən özümü siyasətçi hesab etmirəm. İnsan təkəbbürlü olmamalıdır.

- Dostluğa sadiq olduğunuzu deyirlər. Maraqlıdır, dostlarınızdan xəyanət görmüsünüzmü?

- Kifayət qədər dost xəyanəti ilə rastlaşmışam ki... Xəyanət gördüyüm dostlarımdan bağışladıqlarım da olub. Amma elələri də olub ki, sadəcə üzünə demişəm: “Sən artıq mənim üçün heç kimsən. Vəzifə tapa bilərsən, amma yaxşı dostu yox”. Həyat elə gətirib ki, həmin dırnaqarası dost vəzifədən də azad olunub.

- Bayaq qızlarınızdan danışdıq. Növbəti sualım tipik azərbaycanlı kişisi üçün aktualdır. Azərbaycan ailəsində qız uşaqlarının doğulmasını, xüsusilə kişilər qəbul edə bilmirlər. Allah saxlasın, sizin 4 qızınız var. Maraqlıdır, siz nə vaxtsa tipik azərbaycanlı kişilərdən olmusunuzmu? Amma səmimi cavab verin?

- Düzdür, Azərbaycanda gənc ata həmişə istəyir ki, övladı oğlan olsun. Təbii ki, gənc olanda belə bir arzu mənim də ürəyimdən keçib. Amma heç vaxt oturub oğlum olmadığı haqda düşünməmişəm. Birincisi, Allah verən paydır. İkincisi, qızlarımın hər biri mənim üçün bir oğuldur. Qızlarımla qürur duyuram. Xoşbəxt ailə həyatı qurublar. Nəvələrim var. Belə söhbətlər olmasa inanın ki, oğlumun olmaması heç yadıma  da düşmür. Ataya qalan qızdır. Bizim ailədə də bacı-qardaş olmuşuq. Bacılarımız bizdən daha çox ataya-anaya yaxın olub. Düzdür, mən də valideynlərimi başqa cür sevirəm. Övladlarımı götürüb ata-anamın məzarını ziyarət elətdirirəm. Sadəcə, sizə ümumi fərqi dedim.

- Səhv etmirəmsə, atanıza  doğulduğunuz rayonda abidə qoyublar.

- Sabirabadın Nizami kəndində atamın şərəfinə büst ucaldılıb.  Sovet dövründə ad vermək çətin olsa da, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə həmin kolxozu atamın adına qoydular. Sabir Xəlilov adına kolxoz adlanırdı. Kolxoz ləğv olunsa da, büst durur. Doğulduğum kənddə ailə quranların çoxu atamın büstünü ziyarət edir.  Kənddə belə qayda var. Onu da deyim ki,  heç kimi atamın büstünü ziyarət etməyə məcbur edə bilmərəm. Seçim insanların öz əlindədir.

- Gənclərin ailə qurmasında sevgi faktoru nə dərəcədə rol oynayır? Sizin ailəniz sevgi üzərində qurulubmu?

- Bəli, mən də sevib ailə həyatı qurmuşam. Seçimimə kimsə müdaxilə etməyib. Onu da deyim ki, ailə quranda da yüksək şan-şöhrət axtarmamışam. Bundan uzaq adamam. İndi də uşaqların hansısa formada ailə qurmağa təhrik edilməsinin əleyhinəyəm. Təəssüf ki, indi ailəni “filankəsin oğlu və ya qızı imkanlı ailədəndir” kimi sözlərin üzərində qurmağa məcbur edirlər. Bunun axırı yoxdur. Sevgi iki gəncin arasında olmalıdır. Boşanmaların sayı ona görə çoxalır ki, düzgün ailə modeli tətbiq olunmur. Ailələrin çoxu pis məqsədli qurulur. Ümumiyyətlə, məqsədli həyata keçirilən bəzi məsələlərin  sonu olmur.

- Bir deputat kimi 2010-cu ildə Kür çayı ətrafı ərazilərdə baş verən fövqəladə vəziyyəti necə xatırlayrsınız?

- Təbii ki, çox çətin dövr idi. Bildiyiniz kimi,  Sabirabadda Kür çayı  Araz çayı ilə qovuşur. Adətən, yaz aylarında Kür çayı öz məcrasından çıxaraq ətraf əraziləri su basır. 2010-ci ildə Kür çayı öz məcrasından çıxanda daha gərgin vəziyyət yarandı.  Cənab prezident fövqəladə vəziyyət yaradaraq hökumət üzvlərinə öz tapşırığını verdi. Kür çayının daşması nəticəsində insanlara həm maddi, həm də mənəvi ziyan vurdu. Cənab prezidentin əmri ilə bütün ziyan çəkən insanlara təmənnasız evlər  tikildi. Bundan sonra Kür nə qədər dəlicəsinə daşsa da, o fəlakətin yenidən yaşanacağına inanmıram. Çünki köklü bir iş görülüb. Bəndlər hamısı yenidən qurulub.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı