st1:*{behavior:url(#ieooui) }
Qaynana-gəlin münasibətləri barədə söz-söhbətlər bəlkə də yüz illərdi dilimizdədir. Bu klassik mövzudan həyatımızda o qədər sıx bəhs olunub ki, onun haqqında yüzlərlə lətifə və hekayə yaranıb. Gəlin-qaynana problemləri bəzən kiçik gərginliklərlə müşahidə olunmur, bir sıra hallarda boşanmalarla, hətta tərəflərdən birinin ölümü ilə nəticlənir. Xüsusilə gəlin və qaynana eyni evdə yaşayırlarsa, problem daha qabarıq şəkildə özünü göstərir. Amma gəlin və qaynananın birlikdə yaşamadığı vəziyyətlərdə də tərəflər arasında problemlər yaşanmaqdadır. Gəlin və qaynana arasında yaşanılan problemlərin mərkəz nöqtəsi olaraq, evin idarə edilməsi, qarşılıqlı ünsiyyət məsələləri sayıla bilər.
“Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır”. Yəqin bir çoxumuz “Qaynana” filmindən olan məşhur ifadəni xatırlayırıq. Bu film gəlin-qaynana münasibətlərindəki problemləri özündə əks etdirən ən yaxşı nümunədir.
Qaynana gəlin arasındakı xoşagəlməyən münasibətlər bəlkə də azərbaycanlılar qədər digər millətlərdə yoxdur. Hər halda, bizdə vəziyyət daha kəskin xarakter alır. Hətta son illər Azərbaycanın hansısa rayonu və ya şəhərindən qaynananın gəlinini döyməsi, öldürməsi, gəlinin isə öz qaynanasını qətlə yetirməsi kimi kriminal xəbərlər eşidirik.
Ortada acı bir həqiqiət var. Nə gəlinlər qaynanalardan, nə də qaynanalar gəlinlərdən tam razıdır. Bütün hallarda özlərinin heç bir səhvi yoxmuş kimi, gəlinlər qaynanalardan, qaynanalar da gəlinlərdən şikayətçidirlər. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.
Xanım millət vəkili gəlin-qaynana münasibətlərindəki gərginliyi klassik problem adlandırıb:
“Bu problem indi yaransa klassik “Qaynana” əsəri ərsəyə gəlməzdi. Gəlin-qaynana münasibətləri çılpaqlığı ilə həm “Qaynana” pyesində, həm də filmində qabarıq formada öz əksini tapıb. Bu problem əzəldən olan bir problemdir və həyat davam etdikcə həmişə qalacaq. Səbəb bəzi insanların bir-birləri ilə yola getməmələri və ailə münasibətlərindəki qalmaqallar, konfliktlərdir”.
E.Axundova hesab edir ki, son dövrlər gəlin-qaynana problemlərinin aktivləşməsinin səbəbi telekanallarda bu məsələlərin tez-tez işıqlandırılması, bununla bağlı verilişlərin mütəmadi olaraq efirə verilməsidir.
“Hətta mən o verilişlərin bəzilərinin əleyhinəyəm. Çünki orada bizə, milli adət-ənənələrimizə, mentalitetimizə xas olmayan tipajlar ekrana çıxarılır. Deməzdim ki, bu bütövlüklə Azərbaycan xalqına xas olan cəhətlərdir. Çünki yüzlərlə, minlərlə ailə tanıyırıq ki, onlar çox rahat, əmin-amanlıqla yaşayır, bir-birinə hörmət və izzətlə rəftar edirlər”.
Elmira Axundovanın fikrincə, gəlin-qaynana problemlərinin birinci səbəbi cavanların evlənəndə müstəqil olmamalarıdır.
“Evli insanların çoxu ata-analarından asılıdırlar. Ata-ana qızı və ya oğluna ev, cehiz alır, nəticədə onlar valideyinlərin əlinin üstündə olurlar. “Əgər mən sizi saxlayıramsa, oğul, gəlin siz mənim sözümə qulaq asmalısınız” fikri qaynanalı gənc ailələrdə mövcuddur.
İkinci problem işsizlik problemidir”-deyə millət vəkili bildirib. Onun sözlərinə görə, bəzi gənclər ya iş tapa bilmirlər, ya da işləmək istəmirlər. Bununla da onlar müstəqil deyil, maddi və mənəvi cəhətdən qaynana və qaynatadan asılı olurlar. ”Qaynana isə gərək demokratik, svilizasiyalı, humanist insan olsun ki oğlu və gəlininin çətinliklərini üzə vurmasın. Belə qayınanalar var. Amma ağıllı olmayanlar da var və onlar bəhanələrlə yeni evlənən gənclərin həyatına qarışırlar”-deyə E.Axundiva söyləyib.
Xanım millət vəkili özü də qaynanadır və heç vaxt gənclərin həyatına qarışmadığını bildirib.
“Özüm qayınanayam, nəvəm də, gəlinim də var, amma heç vaxt gənclərin həyatına qarışmamışam. Tövsiyyələr və ya hansısa məsləhətlər verə bilərəm ki, bunu belə etməyin, belə edin, hətta acıqlana bilərəm. Amma gəlinimə yox, oğluma acıqlanıram. Eyni cür də mənim qudam kürəkəninə yox, öz qızına acıqlanır. Biz belə edirik ki, bununla ailəni möhkəmləndirək. Gəlinimi qayınana kimi mən ancaq yumşaq formada danlaya bilərəm ki, “ay qızım sən bunu belə etmisən, amma gərək başqa cür edərdin”. Amma qışqırmaq, söymək, oğluna demək ki, “bu sənin üçün yaramadı, get boşan”, mən belə rəftarın əleyhinəyəm”.
“Valideyinlər cavanların həyatına nə qədər az qarışacaqlar, həmin ailə bir o qədər möhkəm olacaq” deyən Elmira xanımın sözlərinə görə, bir çox ailələr məhz belə böyüklərin işə qarışması nəticəsində dağılır.
Millət vəkili gəlin-qaynana arasında problemlərin yaranmasının üçüncü səbəbinin evsizlik olduğunu qeyd edib.
“Ən mühüm problemi mən bunda görürəm. Ona görə ki, bir millət vəkili kimi Milli Məclisdə iki ildir ki, mübarizə aparıram ki, gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi haqqında bir qanun layihəsi hazırlansın. Həmin qanunun hazırlanmasında biz mənzil problemini qabarıq şəkildə qoyaq ki, gənc ailələr üçün ucuz qiymətlərə və ya növbə ilə pulsuz ev verək. Çünki deputat olduğum dairədən və başqa yerlərdən bir neçə dəfə mənə məktub gəlir ki, hansısa ailədə üç əkiz uşaq doğulub, evə ehtiyacları var. Sovet dövründə belə ailələrə həmin gün ev verilirdi. Amma təəssüf ki, bu gün icra başçıları bu məsələyə biganə yanaşırlar. Halbuki, onlar bu ailələrə istənilən şəkildə köməklik göstərə bilərlər”.
Millət vəkili əsas problemin bir yerdə yaşamaq olduğunu deyib: “Bu üç problemin nəticəsində belə xoşagəlməz hallar yaranır. Bu təkcə o ailənin yox, cəmiyyətin, dövlətin problemidir, sosial, mənəviyyat problemidir. Tək ailə bu problemi həll edə bilməz, gərək bütün cəmiyyət mübarizə aparsın. Mən bu problemin həllini cavan ailələrin dövlət tərəfindən sosial müdafiəsinin gücləndirilməsində görürəm”.
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Mövsümova bildirib ki, gəlin-qaynana münasibətlərinə bir neçə aspektdən yanaşmaq lazımdır.
“Çünki hansı şəraitdə, hansı münasibətlərdə hadisələrin baş verməyi çox vacibdir. Ümumiyyətlə, bu problem hazırda Azərbaycan cəmiyyəti üçün təəssüf ki, çox aktual məsələdir. Son vaxtlarda təkcə Azərbaycanda yox, dünya praktikasında gənclərin müstəqilliyə meyl etməsi çox güclənib. Valideynlər nə qədər onları qapalı şəraitdə saxlamağa çalışsa da, gənclərin müasir dövrün tələblərinə uyğunlaşma prosesləri gedir”.
V.Mövsümova ailələrdə övladlara verilən tərbiyədə də problemlərin olduğunu qeyd edib.
“Azərbaycan ailəsində hər şeyi gənclərin üzərinə atmaq düzgün olmazdı. Ailələrdə verilən tərbiyə məsələsində problemlər mövcuddur. Uşaqları müstəqil böyütmə meylimiz yoxdur. Valideyinlər övladlarını 20, hətta 30 yaşına qədər öz nəzarəti altında saxlamaq istəyirlər.
Həm də öz istəklərinin həyata keçməsi üçün onlara təzyiq göstərirlər. Əslində bu düzgün deyil”.
Komitə rəsmisi deyir ki, valideyn övladını 18 yaşa qədər tərbiyə etməli, doğru, düzgün şəkildə onları müstəqil həyata hazırlamalıdır. ”18 yaşından sonra isə bu tərbiyə daha yumşaq formada nəzarət xarakteri daşımalıdır. Tam öz nəzarətində, təzyiqi altında saxlamaq düzgün deyil, bu zaman gəncin - istər gəlin, istərsə də oğulun daxilində narazılıq yaranır. Bu narazılıqlar gün getdikcə daha da böyüyür və nəticə də məişət zəminində zorakılıq hallarına, ailə münaqişələrinə gətirib çıxarır. Ona görə problemə köklü yanaşmaq lazımdır”
Vəsilə Möhsümova onu da vurğulayıb ki, Azərbaycan qanunvericiliyində gəlin-qaynana münasibətləri, ailədə kiminsə rolunun tənzimlənməsi məsələləri hələ öz əksini tapmayıb.
“Ailə bərabərlik prinsipləri əsasında qurulur və bərabərlik prinsipləri əsasında da idarə olunmalıdır. Kişinin kişi, qadının qadın yeri var, bu prinsipə mütləq əməl olunmalıdır. Ailədə rolların düzgün və ədalətli bölünməsi, gənclərə istədikləri azadlıqları doğru şəkildə vermək vacibdir. Bu məsələlərlə bağlı cəmiyyətin mariflənməsi lazımdır. Biz də komitə olaraq bu işlə bağlı böyük layihələr həyata keçirmişik. Belə layihələri həyata keçirəndə QHT-ləri, ictimai ekspertlər də bura cəlb edirik ki, bu məsələləri ictimaiyyət üçün açıq diskussiyaya çıxara bilək”.
Psixoloq İlhamə Əhədova deyir ki, iki tərəf arasında münasibətlərin sərtləşməsinə komplekslər və qısqanclıqlar da səbəb olur. Analar hər zaman istəyirlər, oğlanları daima onların nəzarəti altında olsun. Gəlinlər də ərinin bütün diqqətinin öz üzərində olmasını arzulayırlar.
Psixoloq deyir ki, bir sıra hallarda qaynanalar, bir çox hallarda gəlinlər günahkardırlar. Bəzi gəlinlər öz hərəkətlərinin ölçüsünü bilmir, böyüklərə hörməti unudur, fikirləşir ki, qaynana evdə hər şeyə qarışır. Psixoloq bu fikirdədir ki, burada müxtəlif ailə dəyərləri də öz rolunu oynayır. Hər ailənin özünəməxsus mühiti, qayda-qanunları var. Ona görə də gəlin-qaynana münasibətlərinin tam həllini tapması çətin məsələdir. Digər psixoloq Dəyanət Rzayev gəlinlərin qaynanalara qarşı eyni kompleksləri olduğu üçün bu məsələnin heç zaman bütünlüklə çözülmədiyini düşünür. Gəlinin qaynanaya nisbətən daha gənc və dünyagörüşünün az olmasını nəzərdə tutan psixoloq belə vəziyyətlərdə qaynanaların daha anlayışlı olmasının vacibliyini vurğulayır: “Odur ki, gərək gəlinlər həyat yoldaşına, evinə, ailəsinə, uşaqlarına sevgi dolu münasibətini, fədakarlığını mümkün qədər qabarıq formada ifadə edə. Bu, qaynanada ona inam hissi, güvənmə duyğusu yaradacaq, gəlini də öz övladı kimi qəbul edə biləcək. Qaynanalar isə gəlinlərini sevdiyini, qiymətləndirdiyini bildirməkdən çəkinməməlidir. Xüsusilə də dost-tanış arasında, qohum- əqraba içində onların gözəl və xoşxasiyyət olduğunu söyləməlidir. Bu halda gəlin-qaynana münasibətlərində müsbətə doğru əsaslı dönüş yarana bilər”.
Aytən ƏLİYEVA