Sücəddin Şərifovun Cənub bölgəsinin “anklavı” haqqında qeydlərinə sözardı
Qarşımda 15 aylıq axtarışlardan qaynaqlanan “Boradigah tarixi qaynaqlarda” kitabıdır. Milli arxiv idarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, kitabxanalar, həmçinin Rusiya və Gürcüstan arxivləri, Boradigahda yaşayan və Boradigahdan çıxıb müxtəlif yaşayış yerlərində məskunlaşan insanlar, yerli əhali ilə təmaslar...
...İstedadlı jurnalist-publisist Sücəddin Şərifovun gərgin zəhməti, yüksək intellekti, spesifik fədakarlığı hesabına ərsəyə gəlmiş “Boradigah tarixi qaynaqlarda” kitabı çox zəngin məlumatlar mənbəyidir. Masallı rayonunun əsrlərlə məşhur Boradigah kəndi, son 60 ildə Boradigah qəsəbəsi kimi təkcə Azərbaycanda deyil, hələ SSRİ dönəmində paytaxt Moskvada, müstəqil Azərbaycan dönəmində isə az qala dünyanın hər bir nöqtəsində tanınan bu yaşayış, mədəniyyət və ticarət mərkəzi bir çox özəllikləri ilə həmişə diqqətlərdə olub. Biz – bu əraziyə daha yaxın yerlərdə yaşayan insanlar Boradigahı Masallı rayonunun içərisində sanki bir “anklav” kimi təsəvvür edirdik. Hətta Boradigah ətrafında salınmış Qəzvinoba, Şatıroba, Tüklə, Mollaoba, Babaser və başqa kəndləri qeyri-rəsmi statusda “Boradigahın kəndləri” kimi rayondan ayrıca təsəvvür edirdik. Düşünürdük ki, bu kəndlər bəlkə də elə Boradigahdan idarə olunur.
Sücəddinin araşdırmalarından bəlli olur ki, Boradigah və boradigahətrafı kəndlərə bu yanaşmamızın tarixi kökləri də varmış. O kəndlər əvvəlcə Boradigah üstündə artmağa başlayıb, bütün təfərrüatları ilə Boradigaha bağlı olublar, ancaq zamanla müstəqil yaşayış yerləri kimi öz adları ilə qeydiyyata alınıb, öz idarəçiliklərini, öz iqtisadi fəaliyyətlərini qurublar.
“Xəzərdən kənarlaşan Barigah”
Bir növ tarix üçün eksponat kimi yazılan “Boradigah tarixi qaynaqlarda” Xəzər dənizinin bu yerlərdən Şərqə doğru çəkilməsinin Boradigah və ətrafdakı kəndlərin yaranması, əhalinin bu ərazilərdə məskunlaşması kimi tarixi mənbələrə əsaslanan bilgiləri ictimailəşdirməklə start götürür. Müəllif müxtəlif mənbələrin üzərində araşdırma aparıb Xəzər dənizinin buralara qədər uzanması tarixi faktına əsaslanaraq qəsəbənin adının da elə “Barigah”, yəni “dəniz kənarı” ifadəsindən alındığı qənaətini bölüşür. Yeri gəlmişkən, bu yanaşmanı Cənub bölgəsində əhalinin əksəriyyəti də təsdiqləyir. Əhali əsrlər öncə Xəzər dənizinin öz səthindən bu ərazilərə qədər olan daha yüksək ovalıqları əhatə etdiyi haqqında məlumatlıdır. Bunu sübut edən ən böyük fakt hazırkı dənizdən üzü Talış dağlarına doğru təxminən 500-1000 metrdən bir aşkarlanan, yerdən bir qədər hündürlüklərdə olan uzununa yaranmış qum təpələridir. Yerli əhali onlara “köbər” deyir. Köbər dik yer, dikdir mənalarını ehtiva edir. Çox güman ki, dəniz çəkildikcə hər dəfə can atdığı ləpədöyənlərinə çırpınıb qumu bu yerlərə yığmaqla həmin köbərləri yaradıb və zamanla suyu azaldıqca oralardan da geriyə çəkilərək çala, yəni yerli əhalinin dilində səslənən Xəzərin qamışlıq, yulğunluq ərazilərinə tərəf uzaqlaşıb. Sonrakı dövrlərdə bizlər suyun yalnız qış aylarında ancaq qeyd etdiyim çalaya qədər qalxa bildiyini görürük. Ətrafları qaratorpaq, yağıntılı havalarda palçıqlı olsa da, qeyd etdiyim köbərlər yağışda da öz qumları hesabına palçıqlaşmırdılar. İndi bir qədər vəziyyət dəyişilib. Belə ki, əkinçilik, şumlamalar, qum daşıyıb-istifadə edənlərin sayının artması ilə onların bir çoxu ətraf torpaqlara qarışdırılaraq yoxa çıxmaqdadır. Amma köhnə yerləri yenə də dəniz qumunu özündə nisbətən də olsa saxlayır və dənizin buralara qədər uzandığı əlamətlərini bizlərə əyani şəkildə nümayiş etdirir. Ona görə də müəllifin tarixi qaynaqlara söykənərək dənizin buralardan uzaqlaşması fikrini bildirməsi məsələyə tamamilə düzgün istiqamətdən yanaşmadır.
Eksponatların nişan verdiyi Boradigah
Araşdırmaçı-müəllif Boradigah ərazisində tapılmış, hazırda Masallı-diyarşünaslıq muzeyində qorunan Tunc, Midiya dövrlərinə aid tarixi eksponatlar, abidələr barədə də izahlı məlumatları oxucularla bölüşüb. Boradigahın qədim yaşayış məskəni olduğunu sübut edən şir heykəli, bu heykəlin üzərində aslanın günəşlə birgə təsvirinin güc, hakimiyyət rəmzi olduğunu, eləcə də günəşin təsvirlərini özündə ehtiva etmənin ucalığa sitayiş rəmzi kimi hazırlanması ehtimalları, oda sitayiş, Zərdüştilik əlamətləri ilə bağlılıqlar üzərində maraqlı paralellər aparıb. O, həmçinin Boradigahdakı “Ağbaba”, “Mehti” təpəsi, “gül təpəsi” mənasını verən “Viləbutə” kurqanları barədə də təfsilatlı bilgiləri ictimailəşdirib.
Sücəddinin xüsusi vurğuladığı dənizin sahilində qayıqları, gəmiləri, barkasları bərkidib saxlamaq və ya qasırğalar zamanı dəniz nəqliyyatının aşmaması, istiqamətdən uzaqlaşmaması məqsədilə suyun səthində torpağa bərkitmək üçün istifadə edilən dəmir lövbərlərin bir çox nümunələrinə Masallının başqa kəndlərində də rast gəlmişik. Xatırlayıram ki, biz uşaq olanda artıq öz yerində istifadə olunmayan bu alətlərin niyə hazırlandığını dəqiq bilmirdik, niyə icad olunduğunu isə sonradan öyrəndik. Bəzi evlərdə saxlanılan o “caynaqlı” lövbərlərdən ipi qırılıb quyulara düşmüş vedrələri, digər qabları qulplarından ilişdirməklə sudan çıxarmaq üçün istifadə edərdilər. Amma niyə o lövbərlər bu ərazilərdə yaşayan insanlarda daha çox idi, bunları yaşa dolduqca təxmin edirdik...
Səfəvilər, Nadir şah, Talış xanlığı və boradigahlılar
Müəllif həmçinin Boradigah ətrafında baş verənləri əlində tutarqa etməklə bu coğrafiyada ayrı-ayrı dövrlərdə yaşanan prosesləri də kitabda əhatə etmək, oxucuları mümkün qədər çox maarifləndirmək kimi bir tendensiyaya fokuslanıb və tapa bildiyi tarixi mənbələrin hesabına bu ideyasını da müfəffəqiyyətlə gerçəkləşdirə bilib. Nəticədə indinin və gələcəyin araşdırmaçıları və ümumiyyətlə bölgənin tarixi ilə maraqlanmaq istəyənlər üçün sanballı bir vəsaiti ortaya qoyub. Onun Boradigah coğrafiyasında Səfəvi idarəçilik üsulu, hazırda qəsəbə ərazisindəki maddi-mədəniyyət abidələrində Səfəvi izləri, Səfəvilərə bağlı ocaqlar, ziyarət yerləri barədə fikirləri də çox maraqlıdır.
Kitabda həmçinin Nadir şahın hakimiyyəti dövründəki Boradigah haqqında müfəssəl məlumatlar yer alıb. Nadir şahın sui-qəsd nəticəsində1747-ci ildə öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqların, o cümlədən Qara xanın sayəsində Talış xanlığının yaranması, 1786-cı ildə Qara xanın ölümündən sonra onun oğlu Mir Mustafa xanın hakimiyyətə gəlməsi, Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacarın Lənkərana aramsız hücumları bərədə də müfəssəl məlumatlar qeyd edilir, Boradigahın 79 il Talış xanlığının Uluf mahalının, 77 il Lənkəran qəzasının tərkibində olduğu konkret faktlarla oxucuya çatdırılır. Həmçinin XVIII əsrin 20-ci illərindən rusların bu əraziyə gətirilməsi, azərbaycanlıların müxtəlif səbəblərdən onları sevməməsi, nəticədə ruslara qarşı mübarizələr və əhalinin İran şahından imdad diləməsi kimi faktlar da kitabda böyük ölçüdə yer alır. Oxucuya o da aydınlaşır ki, 1870-ci ilədək Boradigah kəndi 10 böyük obadan ibarət olub. 1859-cu ildə Şamaxıda baş vermiş zəlzələdən sağ qurtulanların da bir hissəsi Boradigah ərazisinə köç edib.
Molokanların qətliamları – bölgədə azalan əhali
Kitabda təkcə Boradigah haqda deyil, ümumiyyətlə bölgədə baş verən ictimai-siyasi proseslər, o cümlədən çar Rusiyasının Gülüstan və Türkmənçay müqavilələrindən sonra “ucqarlara köçürmə” adı altında Azərbaycanda, özəlliklə cənub bölgəsində məskunlaşdırdığı molokan-rusların öz dövlətlərinə arxalanaraq və ermənilərin fitnə-fəsadına uyaraq törətdiyi qırğınlar barədə də məlumatlar yer alır. 1918-ci ildə molokan-rusların yaşadıqları Nikolayevka (sonradan Kalinovka, indiki Viləş kəndi) kəndinin qonşuluğundakı Qədirli kəndindən başlayaraq Xallıcallı, Qarğalıq, Şəhriyar, Dəlləkli, Eminli, Mollahəsənli və Muğanın başqa yaşayış məntəqələrini yandırmaları, ümumiyyətlə bölgədə baş verən bu qanlı olaylardan sonra Lənkəran qəzasında müsəlman əhali və ev saylarının kəskin şəkildə azalması faktların dili ilə ətraflı şərh edilir. O da bəlli olur ki, bölgənin ayrı-ayrı yerlərində mütəmadi təşkil edilən lokal xarakterli hücum və qətliamlar nəticəsində tək Boradigahda 1917-ci ildə 708 ev olduğu halda, onların sayı getdikcə kəskin şəkildə azalmış və 1921-ci ilin statistikasına görə 499-a düşmüşdür. Molokan-ruslar tərəfindən evlərin bir çoxu yandırılmış, insanlar qətlə yetirilmiş, əhalinin varidatı talan edilmiş, onların əkin sahələri zorakılıqla əllərindən alınmış, sağ qalanlarının da bir çoxu qonşu İrana və digər yerlərə qaçıb getməyə məcbur olmuşdur. Bu acınacaqlı vəziyyət eynən ətraf kəndləri də əhatə edib.
M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Bağırov Boradigahda...
“Boradigah tarixi qaynaqlarda”nın yazılması üçün aparılan dərin araşdırmalar adı çəkilən kənd-qəsəbənin bütün dövrlərdə Cənub bölgəsinin ictimai-siyasi mərkəzlərindən olduğunu isbat edir. Azərbaycan Demokratik Respublikasınım ideoloqloqlarından olan Məmməd Əmin Rəsulzadənin 21 mart 1917-ci ildə Lənkərana səfəri çərçivəsində o dövrün görkəmli ziyalıları Əsgər xan Talışxanov və Teymur bəy Bayraməlibəyovun müşayiəti ilə Boradigaha gəlməsi, burada yerli əhali ilə görüşlər keçirib Musavat partiyasının məqsəd-məramından söz açması, qurmaq istədikləri Azərbaycan Xalq Cümhuriyyəti üçün nəzərdə tutulan tezislər barədə yerli əhalini məlumatlandırması da təbii ki, sıradan adi bir məsələ deyildi, 1921-ci ilin oktyabr ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri statusunda Nəriman Nərimanovun da məhz Lənkəran səfəri çərçivəsində görüşlərinin Boradigah üzərindən davam etdirilməsi də. Daha sonra Mir Cəfər Bağırov, daha kimlər, kimlər... Bu səfərlərin mütləq Boradigahdan keçməsi isə Cənub bölgəsində Boradigahın bütün dövrlərdə və bütün müstəvilərdə xüsusi əhəmiyyətinin olmasını faktların dili ilə üzə çıxarmış olur. 1925-ci il fevral ayının 2-də isə burada Boradigah tarixində ən böyük siyasi hadisələrdən sayılan Şura Qurultayı keçirilir. 100-dən artıq kəndi əhatə edən Boradigah dairəsində baş tutan Qurultay bu kəndlərin sosial-iqtisadi problemlərinin – bəzi kəndlərdə yandırılmış evlərin bərpası, su anbarlarının təşkili, taxıl bölgüsü, xəstəxana açılması, uşaqların təhsilə cəlb edilməsi və s. kimi problemlərin çözülməsinə aid təklif və qərarların müzakirəsi kimi yaddaşlarda qalıb.
3 məscid, 3 hamam, 1 məktəb, “Cənubun kubinkası”...
Daha sonra Boradigah Xanbudaqov kooperativinin yaradılması, ardıcıl olaraq Boradigah kredit şirkəti, kolxozlaşma barədə bilgilər verən kitabda həmçinin burada təhsilə xüsusi önəm verildiyini sərgiləyən “1938-ci ildə rayonda olan cəmisi 3 orta məktəbdən 1-nin Boradigahda fəaliyyət göstərdiyi” fikri də xüsusi vurğulanır.
Səhiyyə sahəsində isə Azərbaycanın əksər bölgələrində olduğu kimi ciddi problemlərin yaşandığı ürək yanğısı ilə qeyd edilir. Əhalinin türkəçarələrlə müalicə olunması, bu səbəbdən professor Qəmərşah Cavadovun qeyd etdiyi “Akademik Qrossqeyin XX əsrin əvvəlində Cənub bölgəsini “flora muzeyi” adlandırması” barədə yazdıqları, kütləvi ölümlərə səbəb olan xəstəliklər, 1929-cu ildə yerli mollaların dilindən “bir daha xəstələri müalicə etməyəcəkləri” barədə iltizamların alınması və səhiyyənin təşəkkül tapması barədə də məlumatların şahidi oluruq kitabda. Yeri gəlmişkən, səhiyyə, yoluxucu xəstəliklərin XIX əsrin əvvəllərində ölkə boyu kütləvi bəlaya çevrilməsi Azərbaycan Demokratik Respublikasının yaradıcısı olan ziyalıları da ciddi şəkildə narahat etdiyindən onlar da Bakı Dövlət Universitetini təsis edərkən bu amili xüsusi nəzərə almış və təcili tibb mütəxəssisləri yetişdirmək üçün ilkin bazada “Tibb” və ölkənin tarixini öyrənib idarəçilikdə yaxından iştirak etməyə savadlı kadrlar yetişdirmək üçün “Tarix” fakültələrini açmışdılar. Bu faktlar o zamanlarda ölkəmizin başdan-başa düşdüyü acınacaqlı durumu bütün çılpaqlığı ilə ortaya qoymuş olur...
SSRİ-nin ilk illərində mədəniyyət tədbirləri, mədəniyyət abidələri, divar qəzetləri üçün yaradılmış “müxbirlər qrupu”, xor dərnəyi, sual-cavab - diskussiya gecələri, kitabxana, Azərbaycan kinematoqraflarının kənddə film çəkilişləri, start götürən idman yarışları, eləcə də poçt, rabitə, xalçaçılıq, ipəkçilik barədə də kitabda kifayət qədər bilgilər oxucuya çatdırılır.
Müxtəlif dövrlərdə bölgənin əsas alış-veriş yerlərindən olan “Boradigah bazarı”nın sovetlər dönəmində “Cənubun kubinkası” adlanması, bu bazarın hətta orta əsrlər səyyahlarının, əcnəbi tacirlərin alış-veriş yeri olması, onun Lənkəran – Ərkivan – Qızılağac kəndi və Qızılağac körfəzi boyu əlverişli şəraitin mərkəzində yerləşməsindən də, XIX əsrin sonu – XX əsrin əvvəllərində Boradigahda artıq 3 hamamın olmasından da söhbət açır müəllif.
Məscidlərlə bağlı xüsusi qeydlər yazan Sücəddin Şərifov hələ Boradigahın 285 evdən ibarət olduğu zamanda burada 3 məscidin fəaliyyət göstərdiyini, bölgədə aşura mərasimlərinin məhz bu kənddə həddən artıq kütləvi şəkildə təşkil edildiyini qeyd edir. O, eyni zamada Boradigahın tanınmış din-üləma alimləri haqqında da məlumatları təfsilatı ilə kitaba daxil edib.
Kitabda taleyi İkinci Dünya Müharibəsindən keçmiş, həlak olan, sağ qayıdan, ümumilikdə 624 döyüşçünün siyahısı, döyüşlərdə qəhrəmanlığı ilə seçilən boradigahlılar və Qarabağ Savaşında şəhid olmuş 12 nəfər boradigahlı haqqında da məlumatlar geniş ictimaiyyətinin diqqətinə çatdırılır.
Kitabda XIX əsrdə Boradigah (Bradiqa) kəndində yaşamış, xəzinə torpaqlarından istifadə edən insanların adları, həmçinin 1966-cı ildə şəhər tipli qəsəbə statusu verilmiş Boradigahdan millət vəkili seçilmiş Azərbaycanın Xalq Artisti Ağasadıq Gəraybəyli, ictimai-siyasi xadim Həsən Həsənov, Xalq yazıçısı Elmira Axundova, tarixçi-alim Anar İsgəndərov və hazırkı deputat, iş adamı Məşhur Məmmədovun da barəsində məlumatlarla tanış ola biləcəksiniz.
“Boradigah tarixi qaynaqlarda”, adından da göründüyü kimi, müfəssəl məlumatlarla zəngin, Cənub bölgəsi və Azərbaycanın keçdiyi tarixi yollara işıq tutan, rezonansları bəzi hissələrdə qürur, bəzi hissələrdə həyəcan yaradan, bütün hallarda tariximizi və taleyimizi əks etdirən sanballı tarixi qaynaqdır. Müəllifinə belə araşdırmaları davam etdirməkdə uğurlar, oxucularına maariflənmək fürsətindən yararlanmaq qisməti arzulayıram!
Nəzirməmməd Zöhrablı,
jurnalist-publisist, AYB üzvü