Uşaq oğurluğunda ittiham edilən Elnur Məmmədov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. Modern.az saytı xəbər verir ki, valideynlərinin Azvision.az-a bildirdiyinə görə, E.Məmmədov ehtiyatda olan leytenantdır.
Uşaq oğurluğunda ittiham edilən E.Məmmədovun anası Şərqiyyə Məmmədova bildirib ki, oğlunun İŞİD-çi olması haqda yayılan xəbərlər yalandır.
Oğlum İŞİD-çi deyil. O, hədə-qorxu gəlmək üçün özünü İŞİD-çi kimi təqdim edib. Elnur heç vaxt namaz qılmayıb, saqqal saxlamayıb. Onun İŞİD-lə heç bir əlaqəsi ola bilməz. Oğlum İŞİD-çi olsaydı, özümü öldürərdim`-deyə Ş.Məmmədova bildirib.
Onun sözlərinə görə, oğlu E.Məmmədov borcu olduğuna görə, bu addımı atıb.
`Elnurun Topaz-a borcu var idi. Bir dəfə Topaz-a 15 min manat pul uduzmuşdu. Bundan əlavə o, iki nəfərdən işə düzəltmək adı iə pul alıb. Həmin şəxslər pullarını tələbə edirdilər. Elnur bəlkə də buna görə, Hüseyni qaçıraraq pul tələb edib`.
Şərqiyyə Məmmədova bildirib ki, oğlu cinayəti tək törətməyib, Hüseyni Elnurla yanaşı 3 nəfər qaçırıb:`Onların biri qızdır. Hüseyni qız aldadıb, yanına çağırıb. Elnur bu işi tək görməyib. Onunla birlikdə 2 nəfər də olub`.
Anasının bildirdiyinə görə, E.Məmmədov bu hadisəyədək nazirliklərdən birində mühafizəçi işləyib.
Əldə edilən digər məlumata görə, 8 yaşlı uşağı qaçıran Elnur Məmmədovun atası Kəlbəcərdə girov götürülən Şabhaz Quliyevin bibisi oğludur.
Modern.az