Ermənistan prezidenti Serj Səkisyan "Exo Moskvı" radiostansiyasına müsahibəsində ağası Rusiyanın şəninə təriflər söyləyib və bildirib ki, "Rusiya Cənubi Qafqazda ən böyük oyunçudur". Dağlıq Qarabağ probleminin özünəməxsus həllindən danışan Serj Sərkisyan deyib ki, "xalq Azərbaycana bir santimetr torpağın da qaytarılmasını istəmir".
Mən Ermənistan prezidentinin sərsəm fikirlərinə şərh verməkdən uzağam. Zatən onun cavabı diplomatik yolla hər zaman verilir, qalır bircə yol ki, o da döyüş yoludur. Azərbaycan bu yola çıxsa, nəinki Dağlıq Qarabağı və ətraf rayonları erməni separatçılarından təmizləyəcək, eyni zamanda, sübut edəcək ki, türk oğulları torpağının hər santimetri uğrunda canından keçməyə hazırdır. Bu zaman Sərkisyanın "böyük oyunçu" hesab elədiyi Rusiya belə, onun harayına hay verməyəcək...
...Uşaqlığımda elə şeyləri müşahidə edərdim ki, bəlkə də həmin vaxt bu müşahidələrim sadəcə hadisənin sonunun nəylə qurtaracağı marağından başqa nəsə deyildi. Ancaq yaşa dolduqca uşaqlığımda müşahidə apardığım hər hansı bir hadisədən nəticə çıxarmağa başladım. Elə qonşularımızın boz itiylə qurd balası arasında baş verən ölüm-dirim savaşında gördüklərim kimi...
...Qonşumuz qurd balasını lap balaca vaxtından saxlayırdı. Elə əhliləşdirmişdi ki, xətrinə dəyən olmasaydı kimsə ilə işi yoxuydu. Vay o gündən ki, hirslənəydi, bax onda gözü heç nəyi görmürdü. Haqqını almayınca sakitləşmirdi. Qonşumuz qurd balası üçün kiçicik bir "ev" də qurmuşdu. Bu "ev" isə bağın baş tərəfində, çinar ağacının yaxınlığında idi. Bir neçə dəfə müşahidə elədim ki, digər qonşumuzun boz iti tez-tez tikanlı çəpərdən tullanaraq qurd balasının yaxınlığında dolanır, ona verilən yeməkdən dadmağa, suyundan içməyə çalışır. Qurd balası da buna imkan verməyəndə, təpki göstərəndə ağzını sahibinin olduğu istiqamətə tutub başlayır hürməyə. Görəndə ki, sahibi harayına gəlmir, o zaman səsini kəsib quyruğunu bulayır və dönüb gedir. Ancaq yenə də səsini kəsmir. Öz həyətinə keçəndən sonra bir xeyli hürür. Sahibini o qədər bezdirir ki, bu sözləri eşidir: "Hə nə var, a it balası, it, başımı-beynimi apardın axı? Cürətin çatır, keç qabağına istədiyini al, yoxsa nə haray-həşir salırsan? Elə edəcəksən, bezib səni öz əllərimlə boğub öldürəcəm. Səni mənə verənə nə deyim, yalan tərifə uyub, səni aldım ki, karıma gələsən. Daha almadım ki, qorxaqlığınla və hürməyinlə məni bezdirəsən?"
Sahibinin sözlərini eşidən boz it də qulaqlarını sallayıb dinləyir, sonra isə sanki "səhər görərsən kim qorxaqdır", deyə hürürdü. Səhərisi gün də eyni hadisə təkrarlanırdı.
Günlərin bir günü boz it yenə də tikanlı çəpəri keçib qurd balasının "ev"inə yaxınlaşdı. Bu dəfə cürətli görünürdü. Qurd balası da sanki onu yoxlayırdı. Əvvəlcə məhəl qoymadı. Bundan ürəklənən boz it arxa ayaqlarıyla eşənək atıb qud balasının "ev"inə torpaq tökməyə başladı. Başını əlləri üstünə qoyub dincələn qurd balası ayağa qalxan kimi boz it kənara çəkilib hürdü və əməlini yenidən təkrarladı. Bu zaman zəncirə vurulmuş qurd balası necə güc gəldisə zənciri qırıldı. Bunu görən boz it sahibinin evinə doğru qaçdı. Qurd balası ona fürsət vermədi və hücum çəkib boğazından yapışdı. Sahibi ha edib özünü yetirincə qurd balası artıq boz iti boğmuşdu. Qurd balası işini sona çatdırıb geriyə döndü və heç nə olmamış kimi yeməyini yeyib yatdı. Boz itin sahibi isə ölmüş itinə nifrətlə baxırdı....