“Diplomatik korpus nümayəndələri İctimai Palatanın təsisçiləri ilə görüşü ilə hakimiyyətə jest edib. Qərb demək istəyir ki, aparılan islahatlar müxalifəti kənara qoymadan keçirilə bilməz”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu beynəlxalaq qurumların son addımını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qərbin iqtidara qarşı bu demarşı Avropa ölkələrində və ABŞ-da aparılan yeni siyasətlə əlaqədardır. ADP sədri qeyd edib ki, Qərb dünyadakı son iqtisadi böhranın səbəblərini avtoritar və diktatura üsul-idarəsi olan ölkələrdə görür və bu vəziyyəti aradan qaldırmaq üçün yeni xətt yürütməyə başlayıb.
“Qərb hakimiyyətlərin inqilab yolu ilə devrilməsini arzulamır. Onlar sadəcə bu taktika ilə hakimiyyətləri islahatlar aparmağa vadar edirlər. Bizim hakimiyyət də bunu nəzərə almalıdır. Qərb “ya islahatlar aparacaqsan, ya da inqilab olacaq” deyir”-deyə ADP sədri vurğulayıb.
S.Cəlaloğlunun sözlərinə görə, Qərbin müxalifətlə belə açıq təmaslar nümayiş etdirməsi səbəbsiz deyil. “Qərb işarə edir ki, aparlacaq islahatlar müxalifətsiz mümkün deyil”.
Modern.az