Modern.az

Hadi Rəcəbli: “Əli-ayağı olan kişinin ünvanlı sosial yardım istəməsi ayıbdır”

Hadi Rəcəbli: “Əli-ayağı olan kişinin ünvanlı sosial yardım istəməsi ayıbdır”

Ölkə

13 Aprel 2011, 13:47

Hələ də Azərbaycanda bir sıra peşə növlərinə şəxsiyyətin səviyyəsini aşağı salan iş kimi baxılır. Bu sırada süpurgəçilik, bağbanlıq, ofisiantlıq və.s durur. Bu sıranı xeyli genişləndirmək olar. Məsələ ondadır ki, bizlər üçün çox əlçatmaz görünən ölkələrdə bu, başqa cür dəyərləndirilir.
Həmin ölkələrdə ofisiant hər bir kəsin, hətta nazirin belə dostu olur. Çünki insan öz həyatının sağlamlığını ona etibar edir. Dayə insanın ailəsinə daxil olur və demək olar ki, bir ailə üzvu kimi qəbul olunur.
Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin fikrini öyrəndik.

Modern.az saytına açıalamasında deputat öncə dahi Nizami Gəncəvidən bir sitat gətirdi:

“Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan...

Bu sitatı mütləq verin. Hansı sahədə çalışırsan çalış, öz sahənin bilicisi olmalısan. İnsan süpurgəçi, ofisant, hüquqşunas, müəllim, həkim ola bilər. O, öz sahəsinin bilicisi olacaqsa, ona həmişə yer olacaq və çalışdığı sahənin onun səviyyəsini alçadacaq bir iş olmadığını özündə hiss edəcək”.
 
H.Rəcəbli onu da bildirib ki, Azərbaycanda bu tendensiya yavaş-yavaş aradan qalxır: “Müəyyən kəsimlərdə isə bu kompleks hələ də öz varlığını saxlayır. Hesab edirəm ki, bu, sovetlərdən qalma bir məsələdir. Kommunist, sosialist ideologiyasının, düşüncəsinin məsuludur. Sovet dövründə mağazalarda işləyənlərə, mağaza sahiblərinə, sahibkar olmaq istəyənlərə pis baxırdılar. Düzdür, o vaxtlar sahibkarlar yox idi, olmaq istəyən var idisə, ona pis baxırdılar. Ancaq indi baxsaq, görərik ki, hər hansı sahibkara, mağaza sahibinə cəmiyyətdə  münasibət necədir. Artıq cəmiyyətdə bu məsələlər müsbətə doğru öz həllini tapır”.
 
Millət vəkili bu tendensiyanın Azərbaycandan tam aradan qalxmadığını bildirib: “Azərbaycanda aşağılayıcı fəaliyyət növləri kimi qəbul olunan məsələlərlə xaricdə ali təhsilli gənclər məşğul olurlar. Xaricdə avtobuslarda bələdçilər, ofisiantlar çox zaman tələbə olur. Tələbələr dərsdən çıxandan sonra boş qalmırlar, gedib işləyirlər. Bununla da özlərini dolandıra bilirlər. Bu, heç də onların səviyyələrini aşağı salmır. Əksinə, özlərini dolandırırlar. Dünyanın bir çox ölkələrində poçt xidmətlərini tələbələr yerinə yetirirlər. Ancaq Azərbaycanda bu tam əksinədir, hesab edirəm ki, bu məsələlər öz həllini tapmalıdır. Bununla bağlı hər birimiz öz töfhəmizi verməliyik”.

Deputat onu da bildirib ki, bu sahələrdə işləmək ayıb gətirmir: “Ayıb ondadır ki, əli-ayağı olan şəxs unvanlı sosial yardım istəyir. Bax, bu ayıbdır. Bu adam özünə iş tapmalıdır, ailəsini dolandırmalıdır”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı