Yeni partiyanın formalaşması ilə bağlı bu gün Sumqayıtda görüş keçirilib

Müsavatdan istefa verən partiyanın Məclisinin keçmiş sədri Sülhəddin Əkbər və Divanın keçmiş üzvü İbrahim İbrahimli yeni siyasi partiya yaradırlar.
Modern.az saytının əldə etdiyi məlumata görə, hazırda partiyanın qurulması üçün təşkilati işlər aparılır. Bunun üçün ölkədə tanınmış ictimai-siyasi yükü olan adamlarla danışıqlar gedir. Danışıqlar Sülhəddin Əkbər və İbrahim İbrahimlinin rəhbərliyi ilə ayrı-ayrılıqda aparılır.
Məlumatda deyilir ki, ilk olaraq Müsavat Partiyasından istefa vermiş keçmiş üzvlər və partiya fəalları ilə görüşlər keçirilir. Növbəti belə görüş bu gün Sumqayıtda keçirilib. Bir müddət əvvəl partiyadan istefa verərək ayılımış eks müsavatçılarla Sülhəddin Əkbərin görüşündə yeni yaradılacaq partiyanın məqsəd və məramı izah edilib.
Sülhəddin Əkbər Sumqayıtda Müsavatın bu şəhər təşkilatındakı Siyasi Şuranın keçmiş üzvü Kəramət Salayevin başçılığı ilə keçmiş partiya üzvləri ilə görüşüb.
Xatırladaq ki, yanvar ayında Müsavat Partiyasından istefa vermiş Kəramət Salayev o zaman partiya sıralarını tərk etməsini aparılan siyasi kursla razı olmadığı ilə izah etmişdi.
K.Salayev istefasının digər səbəbi kimi partiya daxilindəki ideoloji toqquşmanı göstərib.
Hələ o zaman bu istefaların arxasında Sülhəddin Əkbərin durması barədə məlumatlar səslənsə də o, bunu təkzib etmişdi.
Qeyd edək ki, son parlament seçkiləri zamanı Kəramət Salayev Sülhəddin Əkbərin səlahiyyətli nümayəndəsi olub.
Artıq ölkə siyasəi mühitində tanınmış bir sıra şəxslər yeni siyasi partiyaya qoşulacaqlarına razılıq da veriblər. Məlumatda deyilir ki, yaradılacaq yeni partiyanın adı təşkilatı işlər yekunalşdıqdan sonra elan ediləcək. Partiyanın hansı mövqedə olacağı barədə də məlumatlar yoxdur.
Modern.az