Modern.az

Bu nə rəzalət... kimdir günahkar?!

Bu nə rəzalət... kimdir günahkar?!

Ölkə

19 Aprel 2011, 11:01

Böyüklər, cavanlar, yoxsa zəmanə...

Son vaxtlar hara gediriksə eyni söhbətin şahidi oluruq. Hamı gənclərimizin mənəvi tərbiyəsindən gileylənir. Kütləvi informasiya vasitələrində yazırlar, televiziya kanallarında danışırlar. Metroda, avtobusda, küçədə, bir sözlə hər yerdə, mövzu eynidi: indiki gənclərin tərbiyəsindən narazılıq.

Lap bu günlərdə səhər işə gələndə metroda iki ağsaqqalın söhbətinə “qulaq kəsildim”. Yəni, yanaşı oturmuşduq. Biri o birinə deyirdi ki, “Əşşi, bu cavanlar düzələn deyil. Görmürsən metroda yaşlılara yer vermirlər, hərəsinin əlində bir telefon, qulaqcıqları da qulaqlarına taxıb öz aləmlərindədirlər. Guya başlarının üstündə ayaq üstə dayanan qocanı, ahıl qadını, uşaqlı anaları görmürlər. Belələrinə hətta metro vaqonlarında uca səslə təbliğat üçün elan edirlər ki, yaşlılara, əlillərə yer verin. Qulaqlarına tıxadıqları qulaqcıqlardan heç onu da eşitmirlər.” O birisi isə deyirdi ki, indiki gənclərdə günah yoxdu, günah cəmiyyətdədi. İndi internet var, telekanallar çoxdur. Peyk antenaları ilə dünyanın hər yerini tuturlar. Bizim milli mənəvi dəyərlərimizə zidd bayağı verilişlərə, pornoqrafik şəkillərə, açıq-saçıq yataq səhnələrinə, daha nələrə-nələrə baxan yeniyetmələr də, gənclər də özlərini onlara oxşatmaq istəyirlər...

Düzdü, ağsaqqalların söhbətinə axıradək qulaq asa bilmədim. Çünki artıq mənzil başına çatmışdım. Vaqondan düşəndən sonra da xeyli həmin sözlərin təsirindən ayrıla bilmədim. Doğrudanmı günahkar təkcə internetdir, doğrudanmı günahkar təkcə telekanallardı? Birdən bu günlərdə müxalifət liderlərinin birinin yaşadığı binanın qarşısında keçirilən “etiraz” aksiyasını xatırladım. Lap yeniyetmə, növcavan oğlan uşaqları qoltuqlarında xoruz tutub, şüarlar səsləndirirdilər. Biz aşağı siniflərdə oxuduğumuz zaman dərsliklərdən əzbərlədiyimiz “Ay pipiyi qan xoruz” şeirini şüar kimi yazmışdılar. Bunları nə üçün edirdilər, mənası nə idi, tələbləri nə idi, ümumiyyətlə nə anlamı vardı? Kənardan baxanların bəziləri acı-acı gülümsəyir, bəziləri də başını bulayıb keçirdilər. Bütün bu olanları isə əksər televiziya kanalları çəkib xalqa dönə-dönə nümayiş etdirdilər. Başqalarını bilmirəm, mən çox utandım, o gənc oğlanların yerinə. Görəsən onları bu işə sövq edən böyüklər deyildimi? Görəsən gənclərimizi bu hərəkətlə nəyə təhrik edirlər? Azərbaycan kişisinin adına xələl gətirmək, alçaltmaq bu qədərmi asandır? Hanı milli-mənəvi dəyərlərimiz? Bu nə dinimizə, nə əxlaqımıza, nə də xalqımızın mentalitetinə uyğun deyil. Azərbaycan xalqının mentalitetinə uyğun gəlməyən bu cılız “etiraz aksiyası”nı görəsən kim düşünüb? Axı xarici dövlətlərdən də bunu izləyənlər var. Belə səhnələri görən əcnəbilər Azərbaycan xalqı, xüsusən də kişiləri haqqında nə düşünərlər? Xarici dövlətlər demiş, sirr deyil ki, dünyanın hər yerində ixtişaşlar var, toqquşmalar olur, ancaq heç birində belə biabırçı, alçaldıcı “etiraz aksiyası”nın şahidi olmuruq. İndi mən həmin ağsaqqallardan soruşmaq istərdim, o gənclərin əlində xoruz tutub küçədə bağırmağını görəsən necə seyr edirlər? Həmin gənclərin valideynləri, xüsusən də ataları övladlarına necə baxırlar? Başa salmırlarmı ki, kişi kişini bu cür təhqir etməz? Mübarizəni də kişi kimi apararlar, daha “xoruz”la küçəyə çıxmazlar. Bu əsl rəzalətdi. Bəlkə o gənclər etdikləri əməlin nə demək olduğunu heç dərk etmirlər. Bəs ətrafdakılar? Görəsən həmin gündən bir-birinə baxmağa utanırlarmı? Yaxşı olardı ki, gəncləri belə hərəkətlərə təhrik edən böyüklər Azərbaycanın gələcəyini düşünsünlər, öz karyeralarını yox.

Gəncləri tərbiyəsizlikdə günahlandırmaq olar. Bu tərbiyəsizliklərin ən böyük günahkarı elə böyüklərdi, desək yanılmarıq. Biz bilirik ki, həmişə, bütün dövrlərdə yaşlılar gənclərin hər hansı davranışından, tərbiyəsindən gileyləniblər. Yəni biz gənc olanda da bizdən yaşlı nəsil hər hansı işdəsə gənclərdən narazı qaldıqlarını deyib. İndi də bu, başa düşüləndi. Ancaq reallığa əsaslanaraq deməliyik ki, indiki dövrdəki narazılıqlar daha çoxdur və daha qlobaldır.

Son günlərin ən səsli-küylü xəbərlərindən biri də xalq artisti Aygün Kazımovanın qızı, sənətə yenicə qədəm qoyan İlqarənin sosial şəbəkələrdə, telefonlarda yayımlanan video görüntüləri oldu. Telekanallarda, mətbuat konfransında bu hadisəyə kifayət qədər, bəlkə də həddindən çox münasibət bildirildi. Hərə öz fikrini ortaya qoydu. Ancaq burada da söhbət yenə də böyüklərin tutduğu mövqedən gedir. Həmin gənclərin də ailələri var, anası, bacısı, qohumları var. Əgər nə vaxtsa sinif yoldaşı kimi bir-biri ilə “zarafatlaşıb” telefona çəkiblərsə indi onu yayımlamağın nə əhəmiyyəti vardı? Axı bu hərəkətlə başqa gənclərə də pis örnək ola bilərlər. Valideynlər öz övladlarına öyüd versələr, bəlkə də belə hadisələr baş verməzdi. Belə hərəkətlər yolverilməzdi. Gənclərin özlərinə “əyləncə” bildikləri bu cür hərəkətlər bəzən bir ailənin faciəsinə, bir gəncin həyatının məhvinə səbəb olur.

Bir məsələyə də toxunmaq istərdim. Gənclərin tərbiyəsindən danışanda unutmaq olmaz ki, onlar böyüklərdən örnək götürürlər. Ona görə də gərək ehtiyatlı olaq. Əgər kimsə öz məkrli niyyətini həyata keçirmək üçün təcrübəsiz, hələ bərkə-boşa düşməyən, həyatın çirkinliklərindən bixəbər yeniyetmələrdən istifadə edirsə (qoltuğunda toyuq, xoruz tutanlar nəzərdə tutulur), bu, ən böyük səhvdir, özü də bağışlanılmayan. Gələcəyimiz dediyimiz gəncliyimizi şikəst etməyə heç kimin haqqı yoxdur. Sağlam ruhlu gəncin yetişməsi üçün böyüklərin hərəkətləri nümunə olmalıdır.

Bir faktı misal gətirmək istəyirəm. Tanışlardan birinin övladı ali məktəblərin birində təhsil alır. Evdə anasına deyib ki, mən də işləyəndə tabeliyimdə olanlardan pul (yəni rüşvət) alacağam. Anası təəccüblə deyib ki, niyə indidən bu barədə düşünürsən, sən ki, hələ tələbəsən? Deyib nə olsun, niyə məktəbdə məndən müəllimlər pul alır, qiymət yazırlar. Mən də işləyəndə əvəzini çıxaracağam...
Bu reallıqdı. Bu günkü gənc rastlaşdığı, gördüyü, şahidi olduğu işlərdən nümunə götürür. Gəlin bu barədə düşünək. Yoxsa kimisə günahlandırmağa nə var ki? Görək kimdi günahkar, gənclər, yoxsa böyüklər? Əgər bu gün böyüklər, yəni valideynlər rüşvət alırsa, haram pullarla sayı-hesabı bilinməyən villalar tikirsə, kasıb-kusubu əzib keçirsə bunu gənclər də görür. Və yaxud, anası atasının gətirdiyi haram pullardan harınlayıb qonşuları saymırsa, qızıl-brilyantlarının birini çıxarıb birini taxırsa, bu da gənclərin gözü önündə baş verir və örnək götürür. Məhəmməd Peyğəmbərimiz (ə.s.) isə deyib ki, atanın övladına öyrətdiyi ən yaxşı şey ədəbdir. Əgər gənclərimizi ədəbli görmək istəyiriksə, gərək böyüklərdən başlayaq.

Mövzunu davam etdirəcəyəm. Oxucularımın da fikirlərini bilmək istərdim. Məktublarınızı gözləyirik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı