Baş nazirin dörd müavini ölkənin siyasi həyatında çəkisi olan şəxslərdir
Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edib. Modern.az saytı bir müddət öncə nazirlərin yaşı və neçə ildir eyni vəzifədə qaldıqlarını araşdırmışdı. İndisə nazir müavinlərinin kimliyini araşdırırıq.
Beləliklə, nazir müavinləri kimlərdir, onlar neçə ildir eyni vəzifə kürsüsündə əyləşirlər?
Ötən günlərdə təhsil, vergilər və ekologiya və təbii sərvətlər nazirlərinin, Dövlət Gömrük Komitəsi sədrinin müavinləri barədə məlumatları təqdim etmişdik.
Bu dəfəki məlumatlar Baş nazirin müavinləri barədədir. Beləliklə, Baş nazirin müavinləri kimlərdir, onlar neçə ildir eyni vəzifə kürsüsündə əyləşirlər?
Qeyd edək ki, Konstitusiyaya görə, Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi olan Baş nazir Artur Rasizadənin 76 yaşı var. Artur Rasizadə 1996-cı ildən baş nazir postunu tutur. Bu isə o deməkdir ki, cənab Rasizadə 15 ildir Nazirlər Kabinetinə rəhbərlik edir.
Baş nazirin 4 müavini var: Yaqub Eyyubov, Elçin Əfəndiyev, Əli Həsənov və Abid Şərifov.
Yaqub Eyyubov Baş nazirin birinci müavinidir. 1945-ci ildə Bakı şəhərində anadan olan Yaqub Eyyubov ixtisasca inşaat mühəndisidir. Texnika elmləri doktoru, professordur. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilib.
Y. Eyyubov əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb. 1963-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olub. 1964-1967-ci illərdə ordu sıralarında qulluq edib. 1968-1972-ci illərdə Politexnik İnstitutunda təhsilini davam etdirib. 1970-1972-ci illərdə Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972-1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973-1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olub.
1975-1997-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 0.5 ştatla əvəzçilik yolu ilə baş müəllim, dekan müavini, baş müəllim, dosent, dekan vəzifəsini müvəqqəti icra edən, dosent, elmi işlər üzrə prorektor, kafedra müdiri vəzifələrində işləyib.
1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini postunu tutub. 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Yaqub müəllim 8 ildir Baş nazirə müavinlik edir.
Baş nazirin digər müavini Elçin Əfəndiyev müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri və eyni zamanda ictimai və dövlət xadimidir.
13 May 1943-cü ildə, Bakı şəhərində XX əsr Azərbayçan ədəbiyyatının böyük nümayəndələrindən biri, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. Elçin Əfəndiyev Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polşa, xorvat, kürcü, litva, moldav, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib.
E.Əfəndiyev Azərbaycan ədəbiyyatına “60-cı illər nəsli”adlandırdığı nəslin nümayəndələrindəndir. 80-cı illərin sonunda onun rəhbərlik etdiyi “Vətən” Cəmiyyəti Azərbaycanda mühacirət tarixinin xeyli qaranlıq məqamlarına işıq saldı.. Cəmiyyətin nəşri olan “Odlar Yurdu”qəzetində İkinci Dünya müharibəsi nəticəsində vətəndən didrəgin düşən, vətən xaini” adının xofu altında gizlənən soydaşlarımızı üzə çıxarılmasında, ailələri ilə əlaqələr yaratmaqda əhəmiyyətli rol oynayıb.
ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxstanda, İranda, Qanada, Səudiyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.
Azərbaycan Ali Sovetinin deputatı olub.
Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. 1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev 18 ildir eyni hakimiyyət kürsüsündə əyləşir.
Baş nazirin digər müavini Əli Həsənov da uzun illərdir eyni vəzifədə çalışır. Əli müəllim hazırda işğal altında olan Cəbrayıl rayonunda anadan olub. 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavinidir.
Əli Həsənov həm də 17 iyun 1999-cu il tarixindən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyasının sədridir. Onun komissiya sədri kimi ölkədə narkomanlar arasında yüksək vəzifəli şəxslərin uşaqlarının olması barədə verdiyi bəyanatı ciddi rezonans doğurmuşdu.
Əli Həsənov daha bir post tutur, o, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədridir.
Artur Rasizadənin digər müavin Abid Şərifov 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq onun trestlərində tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən həmin idarənin 23 saylı tikinti idarəsinin rəisi işləyib.
Daha sonra A.Şərifov Azərbaycan SSR Nazirlər Sovetinin Əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti Birliyinin rəisi vəzifəsini tutub. 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. SSRİ dönəmindəki fəaliyyətinə görə, "Şərəf nişanı" ordeni(1976), "Oktyabr inqilabı" ordeni (1980)ilə təltif olunub. Həmin illərdə o, "Azərbaycanın əməkdar inşaatçısı" və "Fəxri nəqliyyat inşaatçısı" fəxri adlarına layiq görülüb.
2003-cü ilin noyabr ayından (8 ildir) Azərbaycan Respublikası Baş nazirinin müavinidir.
Modern.az