DİN nümayəndəsi: “Biz heç o qadının şəxsiyyətini də müəyyən etmədik..”
Aprelin 17-də İctimai Palatanın Səbail rayonu ərazisindəki keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanmasına dair bəzi media orqanları məlumat yayıb. Həmin məlumatlarda aksiya zamanı vətəndaş Gülnarə Quluzadənin 5 yaşlı qızı Aysellə birlikdə polis orqanları tərəfindən saxlanıldığı vurğulanır.
Modern.az saytı məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytının sorğusuna cavab olaraq belə deyib:
“Aprelin 17-də paytaxtın mərkəzində radikal müxalifətin təşkilatçılığı ilə asayişin kobud şəkildə pozulmasına yönəlik qanuna zidd hərəkətlərin qarşısı alınarkən yanında azyaşlı uşağı olan bir qadın polis əməkdaşlarının diqqətini cəlb etmiş və təhlükəsizlik məqsədi ilə onlar hadisənin cərəyan etdiyi ərazidən post-patrul xidmətinə məxsus avtomobilə oturdularaq milli dənizkənarı parkın yaxınlığındakı sakit ərazidə sərbəst buraxılmışlar. Bu zaman polis azyaşlı uşaqla olan qadını nəinki inzibati qaydada saxlamağa, heç onların şəxsiyyətlərini də müəyyən etməyə cəhd göstərməmişdir. Təkrar edirəm, asayişi və ictimai təhlükəsizliyi qoruyan polis humanistlik göstərərək ana ilə uşağın qayğısına qalmış sırf təhlükəsizlik baxımından hər hansı xətərin toxunmaması naminə onları oradan uzaqlaşdırmışdır”.
E.Zahidovun sözlərinə görə, istənilən vətəndaşın mitinqdə iştirak etməsi mümkündü.
“Amma valideyn azyaşlı uşağın əlindən tutub onu mitinqə gətirirsə - özü də bilir ki, mitinq qanunsuzdur və qarşıdurma ehtimalı var - bu yolverilməzdir. Ən azından uşağın təhlükəsizliyi və psixoloji sarsıntıya məruz qalmaması baxımından”-deyə mətbuat xidmətinin rəis müavini vurğulayıb.
E.Zahidov daha sonra əlavə edib: “Həmin vaxt polis azyaşlı uşağa fikir verməyib onu həmin ərazidən kənərlaşdırmasaydı o qızcığazın qanunsuz mitinq iştirakçılarının ayaqları altında qalmayacağına kim zəmanət verə bilərdi? heç kim. Əksinə uşağa bir xəsarət yetirilsəydi hamı yenə polisi qınayacaqdı ki, uşağın anası yaxşı valideyn deyil, bəs polis hara baxırdı, niyə vaxtında onu oradan götürmədi...
Görün, insan nə qədər ədalətsiz və qərəzli olmalıdır ki, qadına və uşağa qarşı humanistlik göstərən, onların təhlükəsizliyinin qayğısına qalan polisi zorakırılıqda suçlasın...”.
Modern.az