Modern.az

Fəzail Ağamalı: “Bu informasiyanı kifayət qədər mötəbər mənbələrdən əldə etmişəm”

Fəzail Ağamalı: “Bu informasiyanı kifayət qədər mötəbər mənbələrdən əldə etmişəm”

Ölkə

21 Aprel 2011, 12:00

“Azərbaycan müxalifətinə xaricdən külli miqdarda pulun ayrılması barədə informasiyam dəqiqdir və bunun araşdırılmasını tələb etmişəm”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bir müddət öncə bu məsələ ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib.

AVP sədri Azərbaycan müxalifətinə xaricdən küllü miqdarda vəsaitin ayrılması ilə bağlı dəqiq məlumata malik olduğunu desə də, lakin həmin maddi vəsaitin mənbəyini açıqlamayıb. “Mən bu qüvvələrin adlarını açıqlaya bilmərəm. Bunun üçün araşdırma aparmaq lazımdır. Əlbəttə ki, mən bu informasiyanı kifayət qədər mötəbər mənbələrdən əldə etmişəm. Ona görə də, mətbuata verdiyim müsahibələrdə bu məsələnin araşdırılmasını təklif edirəm. Qeyd edim ki, bu məsələnin dəqiqləşməsi mənim imkanlarım və səlahiyyətim çərçivəsində deyil. Bunlar dəqiq məlumatlardır. Son hadisələr göstərdi ki, bir çox dövlətlərin Azərbaycanda ciddi maraqları var”.

F.Ağamalı ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusla müxalifət partiyaları arasında keçirilən görüşlərə də münasibət bildirərək qeyd edib ki, onların hansı məsələlər ətrafında görüşməsi hələ də məlum deyil:
“Nəzərə alsaq ki, bir müddət öncə Müsavat Partiyasının qərargahında 20 ölkənin diplomatik nümayəndələri ilə görüş keçirildi. Bu görüş bütün mahiyyəti ilə mətbuata açıqlanmadı. Qapalı keçirilən görüşdə hansı məsələlər müzakirə olunub, bu haqda nə diplomatik korpus tərəfindən, nə də orda iştirak edən partiyalar tərəfindən açıqlanma verildi”.

Fəzail Ağamalının sözlərinə görə, bir çox dövlətlər Azərbaycanda qarmaqarışıqlıq yaratmağa çalışırlar: “Azərbaycanda qarmaqarışıqlıq, xaos yaratmaq və eləcə də siyasi proseslərin radikal müstəvi üzərində inkişafında maraqlı olan bir çox dövlətlər, qüvvələr var. Həmin qüvvələrin Azərbaycanda maraqları var, onlar Azərbaycanı zəif dövlət olaraq görmək istəyirlər”

F.Ağamalı erməni lobbisinin bir sıra dövlətlərdə kifayət qədər təsir gücünə malik olduğunu vurğulayaraq bildirib ki, ölkəmizdə vəziyyətin gərginləşməsində erməni lobbisinin təsiri heç də istisna deyil.

“Nəzərə alsaq ki, bəzi dövlətlərdə erməni lobbisi kifayət qədər təsir gücünə malikdir. Bu da istisna olunmur ki, Azərbaycanda vəziyyəti mürəkkəbləşdirməkdə digər dövlətlərdən daha çox ermənilərin maraqları var. Bütün bunları konkretləşdirəndə belə qənaətə gəlmək olar ki, ayrı-ayrı dövlətlər müxalifətə mənəvi və siyasi dəstəklə yanaşı, həm də maddi dəstək də verirlər”-deyə deputat qeyd edib.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı