İyun ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsi gözlənilir. Bu zaman əsas müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən qurumlarla bağlı olacaq. Büdcəyə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanın 2011-ci ilin dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 mlrd. manata qədər artırılacaq. Bu sırada pensiyaların artımı da planlaşdırılır.
Modern.az saytı pensiyaların artımı ilə bağlı işlərin nə yerdə olduğunu dəqiqləşdirməyə çalışıb.
Saytımıza verilən məlumata görə, hökumətdə pensiyaları artırılacaq təqaüdçülərlə bağlı məsələ araşdırılarkən bunun üçün tələb olunan vəsaitin həddindən çox olması çaşqınlıq yaradıb. İndi bəzi hökumət üzvləri hesab edirlər ki, 2006-cı ilə qədər pensiyaya çıxan 900 mindən artıq vətəndaşın pensiyasının artımına bir ildə 400 milyon manatdan çox vəsaitin tələb olunması böyük rəqəmdir.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) isə Modern.az saytına verilən məlumata görə, hazırda sözegedən kateqoriyadan olan təqaüdçülərin pensiyalarının artırılması ilə bağlı layihə üzərində iş gedir. Bununla bağlı hazırlanan layihə Milli Məclisin yaz sesiyasında müzakirəyə çıxarılacaq.
“Milli Məclisin yaz sesiyasında dövlət büdcəsindən maliyələşən qurumlarda çalışanların əmək haqlarının artırılması gündəliyə çıxarılacaq və pensiyaların artırılması da həmin vaxt müzakirə olunacaq”. Bu barədə isə parlamentin Sosial siyasət komitəsindən saytımıza bildirilib.
DSMF sədri Səlim Müslümov mediaya açıqlamasında bu məsələni belə şərh edib:
“Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev 2008-ci ilin dekabrında “2009-2015- ci illərdə sığorta-pensiya sisteminin inkişafı haqqında” proqram təsdiq edib. Həmin proqramda yer alan əsas məsələlərdən biri də əvvəlki sistemlə pensiyaya çıxmış şəxslərin pensiyalarının məbləği ilə yeni sistemlə (2006-cı ildən sonra pensiyaya çıxanlar) təqaüd alanların pensiya məbləği arasındakı fərqin aradan qaldırılmasıdır. Bu gün əvvəlki sistemlə pensiyaya çıxanların pensiyalarının orta aylıq məbləği 102 manatdır. 2006-cı ildən 2010-cu ilin 1 yanvarına kimi pensiyaya çıxanların pensiyalarının orta aylıq məbləği isə 122 manatdır. 2010-cu il ərzində pensiyaya çıxanların pensiyalarının orta aylıq məbləği isə 150 manat təşkil edir. Biz bütün sistemi vahid bir sistemə gətirməliyik. Bu məsələ cənab Prezident tərəfindən qoyulmuşdu. Ona görə də biz neçə vaxt idi ki, bunun üzərində çalışırdıq. Sözügedən işləri başa çatdırdıq və nəticələri cənab Prezident İlham Əliyevə məruzə etdik. Görsüyünüz kimi, cənab Prezident, qərar qəbul etdi ki, vahid prinsip əsasında pensiya təyinatı aparılsın. Yəni təkcə indi pensiyaya çıxanlar yox, əvvəl çıxanlara da bu şamil olunmalıdır. 2006-cı ilin 1 yanvarına kimi pensiyaya çıxanların sayı təxminən 900 min nəfərdir.
Hazırda pensiyanın hesablanması zamanı 3 element - pensiyanın baza hissəsi, 2006-cı ilədək hər il üçün 1 manat 93 qəpik hesablanmaqla staj, 2006-cı ildən sonra fərdi hesablarda toplanan sığorta haqqı əsas götürülür.
2006-cı ilədək pensiya çıxanların pensiyası hesablanarkən isə son 2 ilin əmək haqqı əsas götürülüb. Amma həmin illərdə əmək haqqı çox aşağı olduğu üçün pensiyaya çıxanların böyük hissəsi minimum pensiya alıb. Məsələn, vətəndaş 2006-cı ilə qədər pensiyaya çıxıb və onun 40 il stajı olub. Tutaq ki, ona 92 manat pensiya təyin edilib. İndi onun pensiyası yenidən staja görə hesablanacaq. Yəni 40 il vurulacaq 1 manat 93 qəpiyə və alınan məbləğin üzərinə 85 manat gəlinəcək, nəticədə onun pensiyası 170 manat olacaq. Gördüyünüz kimi, 40 il stajı olan şəxsin pensiyası birdən-birə 77-78 manat artacaqdır. Kimin 5 il stajı varsa, onda onun pensiyası 10 manat artacaqdır. Bir sözlə, biz stajlara görə pensiyanı yenidən hesablayacağıq və onu indi aldığı məbləğlə müqayisə edəcəyik. Əgər indi aldığı məbləğ çoxdursa, onda o məbləğ saxlanılacaqdır, azdırsa təzə məbləğ yazılacaqdır.
900 min insanın hər birinə fərdi yanaşma olacaq. İlkin hesablamalara görə, bu yeniliyin reallaşmasına böyük vəsait tələb olunacaq. Bunun üçün 1 il ərzində 400 milyon manata yaxın vəsait lazım olacaq.
Dəyişikliyin həyata keçirilməsi müəyyən vaxt aparacaq. Cənab Prezidentin tapşırığına uyğun olaraq dərhal qanunvericilik istiqamətində işlərə başlamışıq. Bunun üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. Bütün orqanların razılığı olduqdan sonra layihə cənab Prezidentə təqdim olunacaq. Müvafiq prosedurlardan sonra Cənab Prezidentin imzası ilə qanuna dəyişikliklər təsdiqlənəndən sonra icra yönümündə müvafiq işlər aparılacaqdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılacağını vurğulayıb: “...Pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaqdır. Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır.
Bütövlükdə 1 milyon 300 nəfərə qədər pensiyaçı vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxmışdır. Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq”.
Modern.az