Modern.az

Sumqayıtlı jurnalistlər: “Deputat sarıdan bəxtimiz gətirmir...”

Sumqayıtlı jurnalistlər: “Deputat sarıdan bəxtimiz gətirmir...”

Ölkə

22 Aprel 2011, 14:26

"Gənclik şəhəri"ndə yaşayan media nümayəndələri icra başçısını, təhsil və səhiyyənin vəziyyətini də qiymətləndirdilər


Modern.az
saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsi bu həftə də davam edir. Bu dəfə Sumqayıtdan olan jurnalistlər şəhərin sosial-iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin dolanışığı, təhsil, səhiyyə sistemi və s. barədə bizə danışıblar.

“Rüşvət verməsən, həkim sənə baxan deyil….”

İlk müsahibimiz “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı bildirib ki, Sumqayıt 10-15 ildir ki, çox pis durumdadır. Onun sözlərinə görə, şəhərdə işsizlər ordusu var.

“Sumqayıt əsasən ağır sənaye şəhəri olub və indi  dağıdılıb. Buna görə də şəhərin əksər əhalisi Bakıya gəlib, bəziləri də xaricə, xüsusən də Rusiyaya qazanc dalınca gediblər. Camaat çörəkpulunu Rusiyadan və Bakının qul bazarından qazanıb ailələrini dolandırırlar. Mən bu barədə dəfələrlə yazmışam”.

N.Cavadlı deyir ki, “şəhərdə nə inkişaf ola bilər ki, insanların qarnı acdır”:
“Ola bilər ki, küçələr təmizdir, evlərin üstünə boya çəkirlər. Amma o evlərdə yaşayan insanlar işsizdir, acdırlar, çörəkpulu tapa bilmirlər. Araşdırma aparılsa, görərsiniz ki, Sumqayıtın bütün dükanlarında nisyə dəftərləri var. Bu inkişafdırmı?!.

“Şəhərin yolla bağlı problemləri yoxdur. Qaz, işıq, su ilə bağlı ən son 2005-ci ilə kimi problemlər var idi” deyən həmkarımızn sözlərinə görə işıq problemi ən əsas “Barmek” gələnəcən mövcud idi.

“Sumqayıtın yollarını düzəltməlidirlər də… Şəhərin büdcəsinə hər il pul ayrılır, onu da yeyirlər və müəyyən qədər xərcliyib yolları düzəldirlər. Amma bunu bütün yollar haqqında demək olmaz”.

Naitq Cavadlıdan şəhərdəki təhsil ocaqlarında verilən təhsilin səviyyəsi barədə soruşduqda bynları bildirdi: “Sumqayıt təhsili həmişə respublikada birinci olub. Bunu heç kim gizlədə bilməz.
Eldar Əzizov icra başçısı gələndən sonra Sumqayıt məktəblərinin müəllimlərini, şagirdlərini daha çox ictimai tədbirlərə məcburiyylə apartdırır ki, bu da onların təhsildən ayrılmasına səbəb olur”.
Həmkarımızın fikrincə, əgər bu belə davam etsə, təhsilin səviyyəsi aşağı düşəcək.

“Bunu hətta mənə məktəb direktorları da etiraf edib. Şagirdlər dərsdən ayrılır və qarşıdan da imtahan gəlir. Bu necə olacaq bilinmir. Bəlkə bu il ali məktəblərə qəbul olanlar bir azldı. Amma bütün hallarda Sumqayıt təhsili həmişə öndə olub. Bunu yüksək səviyyədə həmişə nazir də, ondan yuxarılar da etiraf ediblər”.

Jurnalist onu da söyləyib ki, Sumqayıtın səhiyyə sistemi bütün respublikada olduğu kimidir. “Yəni korrupsiya halları var, rüşvət verməsən, həkim sənə baxan deyil. Əhaliyə tibbi xidmətlər göstərilir, aydın məsələdir ki, həkimə də hörmət etməlisən. Onsuz mümkün deyil”.

N.Cavadlı Sumqayıtın icra başçısının fəaliyyətindən də danışıb.
“Təxminən 2003-cü ildə Sumqayıtın icra başçısı Təvəkkül Məmmədov idi. Heydər Əliyev onu narkoman adlandırmış, öz katibəsinə qarşı pozğun hərəkətlərinə görə suçlamışdı və onu vəzifədən azad etdi. Amma yeni gələn icra başçısı Vaqif Əliyev həmin Təvəkkül Məmmədovu şəhər təsərrüfatının rəhbəri qoydu. Mən bununla bağlı Vaqif Əliyevə sual verəndə o cavab verdi ki, “Təvəkkül Məmmədov şəhəri daha yaxşı tanıyır və biz onun potensialından istifadə etmək istəyirik”.
Dedim “hansı potensialdan danişırsız...?”. O cavab vermədi. Sonra Vaqif Əliyev yeddi il ərzində şəhərin demək olar ki, bütün boş ərazilərini satdı. Hətta buna görə ad da qazandı: “Xətkeş Vaqif”.

İndi Eldar Əzizov gəlib. Gəncəylə bağlı reportajlara baxıram, Gəncədə o vaxt ondan narazılıqlar var idi. İndi gəlib Sumqayıtda söküntü işləri ilə məşğul olur. Məhkəmin qərarı olmadan insanların mülkünü dağıdır. Buna axı məhkəmə qərar verməlidir”.

Natiq Cavadlı Sumqayıtdan seçilən deputatların heç birinin seçiciləri ilə maraqlanmadığını bildirib. Jurnalisin sözlərinə görə, Sumqayıtın deputat sarıdan bəxti gətirməyib.
“Leyla Abdullayeva Vaqif Əliyevin adamıdır. Çünki Vaqif Əliyev icra başçısı gələndən sonra Leyla Abdullayevanı məktəb direktoru qoydu. Sonra onu bələdiyyəyə üzv seçdirdi. Daha sonra isə parlamentə… Bunun hansı işinə, fəaliyyətinə görə mən başa düşmürəm. Hər il bu məktəbin mebeli dəyişdirilir” deyən jurnalist söyləyib ki, o deputat seçiləndən sonra parlamentdə Sumqayıtın problemindən bir dəfə də danışmayıb.

“O cümlədən digərləri, Hacı Salayev və ya Musa Qasımlı. Mənim dairəmdən seçilən Musa Qasımlı da Sumqayıtın problemləri ilə bağlı Milli Məclisdə bir dəfə də kəlmə kəsməyib”.

“Sumqayıtda işsizlər ordusu var…”

Sumqayıtda 6 il siyasi sürgündə olduğunu deyən “Milli.az” xəbər portalının redaktoru Elçin Alıoğlu öncə özünün qeyd etdiyi kimi, siyasi sürgündə olduğu yer barədə xatirələrindən danışıb.

“Sumqayıtda uzun müddət yaşamışam və mənim fikrimcə, Azərbaycanın yaşanılası şəhərləri içərisində ən üstün yerlərdən birini tutur. Sumqayıt insanlarını Azərbaycanın bütün başqa şəhərlərinə fərqləndirən bir neçə məqamlar var. Əvvəla, bu insanlar bir-birilərini, tam əksəriyyətini yaxşı tanıyırlar.

İkincisi, Sumqayıtda günortalar demək olar ki, aktivlik aşağı düşür. Çünki Sumqayıt əhlinin tam əksrəyyəti gündüzlər Bakıya işləməyə gəlir, axşamlar isə Bakıdan evlərinə qayıdırlar. Bu permanent köçkün gün ərzində iki dəfə müşahidə olunur və yetərincə maraqlı prosesdir.

Üçüncüsü, Bakıdakı hiss-pas, boğanaqlıq, darısqallıq, insanların davamlı olaraq tələsməsi sindromu Sumqayıtda yoxdur. Sumqayıtın küçələri çox genişdir və bu küçələrlə gəzmək insana mənəvi cəhətdən rahatlıq verir”.

Sosial-iqtisadi problemlərə gəldikdə isə E.Alıoğlu qeyd edib ki, şəhərdə işsizlik çox güclüdür. Onun sözlərinə görə, bunun səbəbi orda olan iri sənaye müəssisələrinin tam əksəriyyətinin çalışmamasıdır.

“Məmur korrupsiyasına və rüşvətxorluğa gəldikdə isə bu barədə dövlət rəsmilərinin dediklərinə görə, əməli işlər görülüb. Təbii ki, mən şəxsən orda məmur korrupsiyası ilə rastlaşmamışam, bəlkə də bəxtim gətirib. Amma düşünürəm ki, bu işlər məntiqi cəhətdən davam edər” deyən həmkarımız bildirib ki, ən başlıcası Sumqayıt Azərbaycanda yeganə şəhərdir ki, dəniz kənarı ilə uzanıb.

“Sumqayıt özü-özlüyündə ensiz şəhərdir və Xəzər dənizinin ətrafında olduğu üçün yaşayış məhəlləsindən birbaşa yolu keçərək meşə zolağına və dənizə getmək olar. Son olaraq xahiş edərdim ki, meşə zolağında aparılan tikinti işlərinə nəzarət bir qədər güclənsin. Çünki ora Sumqayıt əhasinin istirahət yeridir, sürəkli olaraq orda çayxana, restoran tikməklə əhalini istirahət yerindən məhrum etmək olmaz”.

Redaktorun fikrincə, tam anlamda Sumqayıtın qaz, işıq, yol problemi yoxdur, amma Sumqayıtda Azərbaycanın bütün yerlərində olduğu kimi, təmirə ehtiyacı olan ara yolları var.
“Ciddi təmirə ehtiyacı olan binalar, yəni konstruksiya və kapital təmirə ehtiyac olan tikililər var və ümid edirəm ki, bu təmir işlərini yeni icra başçısı operativ şəkildə və ən başlıcası yerli sakinlərin xahişlərini, təkliflərini nəzərə almaqla yerinə yetirəcək. Sumqayıtda qaz, işığın kəsilməsi Azərbaycanın hər yerində olduğu kimidir. Son vaxtlar da şəxsən mənim yaşadığım məhəllədə belə problem yoxdur. Hətta tam əksinə, Sumqayıtda bəzi binaların mərkəzi istilik sisteminə qoşulmasına başlanılıb”.

E.Alıoğlu Sumqayıtın ümumi təhsil sisteminə nəzər salmaq üçün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın nəticələrinə baxmağın kifayət olduğunu söyləyib. Onun sözlərinə görə, ən yüksək bal toplayan abutiriyentlərin tam əksəriyyəti Sumqayıtdandır.

“Və bu illərlə belə gedir. Sumqayıtda öz işini bilən, öz işini fanatikcəsinə sevən müəllimlər çoxdur. Ümumi təhsil sisteminə gəlincə, yenə deyirəm, Sumqayıt ölkədən ayrı bir yer deyil və ölkədəki ümumi vəziyyət şəhərdə də tamamilə təkrarlanır”.

E.Alıoğlu “Sumqayıtın səhiyyə sistemi barədə yalnız onu deyə bilərəm ki, Sumqayıtda həkimlərin servis haqqı özəl klinakaları nəzərdə tuturam, Bakıdan 70 faiz ucuzdur” deyə əlavə edib.

“Stomotoloqların qiymətləri 40-45 faiz ucuzdur, pediatriya, terapevt, nevrologiya sahələrində xidmətlər Azərbvaycandakı, xüsusiılə Bakıdakı klinikaların bir çoxundan qat-qat yüksək səviyyədədir. Bu səhiyyə sisteminə diqqətdən irəli gəlmir, bu Sumqayıt həkimlərinin peşəkarlığından irəli gəlir. Sumqayıtda olan həkimlər tək regionda yox, bütün Cənubi Qafqazda tanınırlar. Amma bu, problemin yoxluğuna dəlalət etmir”-  deyə həmkarımız vurğulayıb.

Elçin Alıoğlu Sumqayıtın yeni icra başçısının fəaliyyətindən də danışıb. Eldar Əzizovun təyinatına sevindiyini deyən həmkarımızın sözlərinə görə, o, çox yaxşı funksioner, təsərrüfatçıdır.

“Sumqayıta gəldikdən sonra onun keçirdiyi iclaslarda da bunun şahidi olduq. Adam işə ciddi yanaşmanı və işin görülməsini tələb edir. Ondan sonra nə olacağı barədə deyə bilmərəm. Amma ilk addımlar məndə xoş təəssürat yaratdı”.

Şəhərdən seçilən deputatlara gəldikdə isə redaktor öz dairəsindən seçilən deputatın seçiciləri ilə görüşdüyünün şahidi olduğunu qeyd edib.

“Amma millət vəkilinin nə dərəcədə maraqlandığını seçicilərin özlərindən soruşsanız yaxşı olar. Çünki konkret seçicinin problemi ilə əlaqədar olaraq millət vəkilinə müraicəti, ən başlıcası həmin müraciətin yerinə yetirilməsi və hansı cavab alınması ilə bağlı ancaq deputat özü hesabat verməlidir. Ümumiyyətlə, bu barədə millət vəkillərinin özləri danışsalar yaxşı olar, çünki mən onların gördüyü işi qiymətləndirməkdə çətinlik çəkirəm”.

“Sumqayıtda ən acınacaqlı vəziyyət şəhərlə bağlı yazılara reaksiya gəlməməsidir…”

“Var.az” saytının əməkdaşı Aytən Fərhadova hesab edir ki, Sumqayıtın əsas porblemi işsizlikdir. “Sumqayıtda doğulan gənc ilk növbədə harda işləyəcəyini fikirləşir. Oxumayan gənclər əsasən əsgərliyə gedib gələndən sonra ya usta kimi işləyəcək, ya kiminsə yanında nəsə öyrənəcək, ya qul bazarına, ya da ümumiyyətlə, Rusiyaya gedəcək. Universiteti bitirən tələbələrin də  başına bu iş gəlir. Ali təhsilli olmağın, ya da olmamağın fərqi yoxdur, Sumqayıtda iş tapmaq çətindir” deyən həmkarımız adi misal olaraq jurnalistikanı bitirən sumqayıtlı tələblərdən danışıb.

“Mən hələ də jurnalistikanı bitirən tələbələrin Sumqayıta qayıtdığının şahidi olmamışam. “Dünya TV”də (DTV) işləyənləri tanıyıram, necə illərdir orda işləyirlər. Amma hələ də bir düz-əməlli veriliş yoxdur. DTV-nin hələ də inkişaf etməməsinin səbəbi belə düşünürəm ki, elə bir növ bununla əlaqədardır. Sumqayıtın qəzetləri də azdır, hardasa iki-üç dənə olar. Fikrimcə, oxuyanlar ordusu olan şəhərin o qədər qəzeti, o cür telekanalı olamalıdır”.

Jurnalisin sözlərinə görə,  Sumqayıtda əhali əsasən zavodlarda, “Azərkimya”da işləyir.
“Sumqayıt ümumiyyətlə fəhlə şəhəridir. Digər adı isə “Gənclər şəhəri”dir. Amma Sumqayıt şəhərinin gənclərinin digər problemi narkomaniyadır ki, bu şəhərdə dəhşətli səviyyəyə gəlib çatıb”.

A.Fərhədova qeyd edib ki, şəhərin orta məktəblərinin səviyyəsi aşağıdır.
“Düzdür, Sumqayıt məktəbləri hər il universitetlərə qəbul olanların sayına görə, respublika üzrə yuxarı nəticə göstərir. Abituriyentlər əziyyət çəkib qəbul olurlar, amma ali məktəbi bitirdikdən sonra qayıtmaq və işləmək var. Sumqayıt isə bunu təmin edə bilmir. Şəhərdə park salmaqdansa, iş yerləri açmaq lazımdır” deyən həmkarımız Sumqayıtda yaxşı və pis məktəblərin olduğunu və onlardakı təhsilin də buna uyğun olaraq dəyişdiyini vurğulayıb.

Aytən Fərhadova ən acınacaqlı vəziyyətin Sumqayıtla bağlı yazılan yazılara reaksiya gəlməməsi olduğunu bildirib. Onun sözlərinə yazılan yazılardakı problemli məsələlər elə olduğu kimi qalır.

Jurnalist şəhərin uşaq bağçalarının ərzaq təminatının yaxşı olmadığını söyləyib. “Dövlətin qoyduğu standartla bağçalara ərzaq çatdırılmır. İcra başçısı da dəyişilib, amma hələ də şəhərdə yaxşı istiqamətdə dəyişikliyin şahidi olmamışam. Ümumiyyətlə, Sumqayıtda nəyinsə dəyişiləcəyinə, nəyinsə yaxşılaşacağına şübhə edirəm”.

Ailəsində də səhiyyə işçilərinin olduğunu deyən A.Fərhadova Sumqayıtda səhiyyə sisteminin bərbad olduğunu qeyd edib. O hesab edir ki, bu istiqamətdə ölkəyə xas olan problemlər Sumqayıta da xasdır.

“Səhiyyədə rüşvət sözsüz var. İkinci bir tərəfdən 50, 100, 120 manat əməkhaqqı alan tibb bacısının, həkimin, xüsusilə də sitajı az olan həkimlərin maaş az olur, necə deyəsən ki, “sən rüşvət götürdün”. Baxırsan ki, aldığı maaş onun dolanışığına çatmır. Yəni rüşvət almağa şərait yaradılır. Belə götürəndə rüşvət də bölünür və tam olaraq onu götürən adama çatmır. Mən demirəm ki, Sumqayıtda pis həkimlər var. Sumqayıtda həqiqətən də savadlı həkimlər var” deyə həmkarımız əlavə edib.

Jurnalist şəhərin qaz, işıq, su və yol təchizatından da danışıb. “Prezidentin fərmanından sonra suyun kəsilmə saatları artmağa başladı. Qaz, işıqla bağlı isə son illər problem yoxdur. Sumqyaıtın yolları da yaxşıdır”.

A.Fərhadovanın fikrincə, şəhərdə gənclərin əyləncə yeri, əyləncə mərkəzləri yoxdur. “Gənclər şəhərində gənclərlə bağlı hər hansı siyasətə rastlaşmamışam”.

Sumqayıtın icra başçısının əhalinin problemləri ilə necə maraqlandığını soruşduqda isə həmkarımız elementar misal olaraq Qarabağ əlilinin ev almaqda çətinlik çəkdiyini vurğulayıb.
“Əlil müracitə edəndə keçmiş və ya yeni icra başçısı da deyir “sənin problemi həll olunacaq”. Amma demir nə vaxt?! Sumqayıtın İcra Hakimiyyətinə hər gün getsəniz, orda şikayətə gələn yüzlərlə adamla rastlaşacaqsız. İşləyən olsaydı, şikayət edənlər olmazdı. Deməli bu yoxdur”.

Aytən Fərhadova Sumqayıtdan seçilən millət vəkillərinin də fəaliyyətindən narazılıq edib:
“Seçkilər zamanı şəhərdəki bütün seçki məntəqələrini gəzmişəm. Seçilən millət vəkillərindən biri Muxtar Babayev “Azərikimya” İstehsalat Birliyinin rəisidir. Ona səs verənlərin əksəriyyəti həmin zavodlarda işləyən insanlar və onun yaxınlarıdır. Ümumiyyətlə, hansı millət vəkilləri seçiciləri ilə görüşür? Qənirə Paşayeva və bir-iki millət vəkilini çıxmaq şərti ilə. Sumqayıtda mən deputatın seçiciləri ilə görüşməsinə rast gəlməmişəm. Sumqayıtın seçicisi ancaq seçki dövrü yada düşür”.

“Sumqayıtlıların çox hissəsi Bakıda ictimai-siyasi sferalarda çalışır…”

Sumqayıtın gənclər şəhəri və iqtisadi inkişafa, əhalisinin sayına, təmizliyinə görə daim diqqət mərkəzində olduğunu deyən “Lider” televiziyasının İdman departamentinin rəhbəri Rövşən Raqifoğlu şəhərin inkişafını yüksək qiymətləndirir. Onun sözlərinə görə, bütün ölkədə gedən abadlaşma və inkişaf Sumqayıtdan da yan keçməyib.

“Bu gün Sumqayıt şəhəri sakitçilik, havanın təmizliyi baxımından Bakı şəhərini üstələyib. Bakıda işləməyimə baxmayaraq, Sumqayıtda yaşayıram və buna peşman deyiləm. Bakı çox qaynayır, burda nəqliyyat tıxacı var, insanlar daha çoxdur. Amma Sumqayıta gedəndə biz dincəlirik, sözün əsil mənasında rahat nəfəs alırıq”.

“Sovet dövründə şəhərdə çoxlu zavodlar olduğundan şəhərimizin havası da çirkli idi. Amma indi bu müşahidə olunmur” deyən həmkarımız Sumqayıtda yenidənqurma işlərinin getdiyini də qeyd edib.

R.Raqifoğlu şəhər əhalisinin dolanışığından da danışıb. Onun sözlərinə görə, əhalinin bir qismi hələ də şəhərdə fəaliyyət göstərən zavodlarda işləyir.

“Bundan başqa, şəhər əhalisinin biq qismi Suqmayıtda olan orta və ali məktəblərdə pedoqoji işlərlə məşğuldur. Amma insanların çox hissəsi Bakıda mediada, ictimai-siyasi sferalarda çalışır”.

Rövşən Raqifoğlu hesab edir ki, Sumqayıt hər zaman özünün təhsili ilə birinciliyi ələ keçirib.
“Suqmayıtda təhsilin keyfiyyəti məni tam qane edir. Axırıncı il də Sumqayıt yetirməsi ən yüksək balla birinci oldu. Elə bundan əvvəlki ildə də belə olmuşdu. Ümumiyyətlə, ölkədə təhsilin inkişafı istiqamətində müəyyən işlər görülür. Sumqayıt da ölkənin bir parçası kimi bundan geri qalmır” deyə əlavə edən həmkarımız bu cür işlərin səhiyyə sahəsində də müşahidə olunduğunu söyləyib.

“Xüsusən yeni icra başçısının cənab prezident tərəfindən təyin olunmasından sonra səhiyyə sahələrində həm yenidənqurma, həm də ciddi təmir işləri aparılır”.

Jurnalistin fikrincə, Sumqayıt yolları öz genişliyi, rahatlığı ilə fərqlənir. “Şəhərdə qaz, işıq, su ilə bağlı problemlər yoxdur. Ümumiyyətlə, uzun müddətdir ki, belə problemlər Sumqayıtda yaşanmır”.

Gününün böyük hissəsi Bakıda keçdiyi üçün Rövşən Raqifoğlu şəhərin icra başçısının fəaliyyəti barədə məlumatsız olduğunu söyləyib.
“Amma çoxsaylı tanışlar, dostlarla Sumqayıt barədə söhbətimizdə görülən işlərin göz qabağında olduğunu müşahidə edirik. Yolların çəkilməsi, səkilərin təmir olunması işləri aparılır.Düşünürəm ki, yeni icra başçısının gəlməsindən sonra Sumqayıtda çox ciddi dəyişikliklər olacaq”.

Həmsöhbətimiz eyni zamanda bildirib ki, hər hansı deputatın seçiciləri ilə maraqlandığı barədə məlumatlı deyil. “Yenə deyirəm Bakıda işlədiyimiz üçün konkret deyə bilmərəm hansı millət vəkili iş görür, hansı görmür. Hər halda onların fəaliyyəti barədə narahatçılıq yoxdur”.

Sonda Rövşən Raqifoğlu Sumqayıtla bağlı təklifini də səsləndirib. “İstərdim ki, Sumqayıt kanalı DTV-də inkişaf getsin, formalaşsın və Sumqayıtın adına layiq kanal olsun. Yəqin bu təklif mənim jurnalist olmağımdan irəli gəlir”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı