Prezident İlham Əliyev bildirib ki, bütün sahələrdə işləyən pensiya yaşına çatmış insanlar pensiyaya getməlidirlər. Ölkə başçısı bunu bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən deyib.
”Hazırda pensiyaya çıxanların sosial problemlərinin həlli işində müvafiq göstərişlər verilmişdir. Məsələn, 2006-cı ilə qədər pensiyaya çıxanların pensiya təminatı yaxşılaşdırılacaqdır. Eyni zamanda, digər başqa həvəsləndirici amillərdən də istifadə etmək olar ki, pensiya yaşına çatanlar pensiyaya çıxsınlar. Pensiyanın da məbləği elə olmalıdır ki, onları təmin etsin. Xüsusilə biz bunu Avropada, Asiyada da çox görürük, insanlar tələsirlər ki, pensiyaya çıxsınlar. Hesab edirlər ki, ondan sonra həyat başlayır. Çünki onlar ömür boyu işləyirlər, pul qazanırlar, uşaqları böyüdürlər. Pensiyaya çıxandan sonra gedirlər səyahətlərə, gəzməyə, yəni həyatı görməyə başlayırlar. Bizdə isə əksinədir. Bizdə heç kim pensiyaya çıxmaq istəmir. Hamı, demək olar, əksəriyyət istəyir ki, vəzifələrdə axıra qədər işləsinlər. Beləliklə, həm dediyiniz məsələ ortaya çıxır, eyni zamanda, iş yerləri də boşalmır. Bu, daimi proses olmalıdır, gənc kadrlar üçün iş yerləri olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, müəyyən yaşa çatandan sonra pensiyaya getməlidir, o vəzifədən, o işdən yapışmamalıdır. Pensiya təminatı da elə olmalıdır ki, onu qane etsin. Ona görə bu məsələ ilə bağlı bir müddət əvvəl mənim tərəfimdən ümumi göstəriş verilmişdir ki, yaşı çatmış insanların pensiyaya çıxması ilə əlaqədar çox ciddi və dəqiq siyasət aparılsın ki, bu proses müsbət istiqamətdə getsin”.
Modern.az