Modern.az

4-cü kurs tələbələri buraxılış işi və dövlət imtahanı verməyəcəklər

4-cü kurs tələbələri buraxılış işi və dövlət imtahanı verməyəcəklər

25 Aprel 2011, 16:24

Səməd Seyidov: "Bu, çətin qərar oldu..."


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov IV kurs tələbələri ilə görüş keçirib. Universitetin akt zalında görüşdə universitetin prorektorları, dekanları da iştirak edib. Məlumatı Modern.az-a ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova verib. 

Qısa müddətdən sonra 1000-dən artıq tələbənin universitetlə vidalaşacağını bildirən rektor Səməd Seyidov universitetdə əldə etdikləri bilik və vərdişlərin tələbələrə kömək edəcəyini bildirib. ADU haqqında danışanda insanın gözü önünə islahatların, müasirliyin və bir çox dildə danışa bilən insanların gəldiyini deyən rektor rəhbərlik etdiyi universiteti gəncliyə yaradılan şəraitə görə öndə gedən ali məktəb kimi xarakterizə edib.
“Müxtəlif illərdə Azərbaycan hökuməti fərmanlar verərək, islahatlar apararaq Azərbaycan təhsilinin dünya və Avropa təhsil sisteminə yaxınlaşdırmaq üçün  fəaliyyət göstərdi. Qəbul edilmiş dövlət proqramı əsasında hər bir azərbaycanlı tələbə öz biliyini dünyanın nüfuzlu universitetlərində sınamaq şansı qazandı”. 

Rektor deyib ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminə uyğunlaşdırmaq üçün universitetdə Təhsil Nazirliyi ilə birgə islahatlar həyata keçirilir. ADU-nun Azərbaycanda ilk dəfə olaraq Bolonya təhsil prosesinə qoşulmasından danışan S.Seyidov 2005-ci ildə bu prosesin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tətbiq edildiyini, 2006-cı ildə isə tam olaraq bu prosesə qoşulduqlarını söyləyib:
“Ümumiyyətlə, universitetdə müxtəlif istiqamətlərdə aparılan islahatlar nəticəsində tələbələrimiz tədris prosesinin iştirakçısından idarə edənə çevrildilər. Biz bu sahədə öz fəaliyyətimizi davam etdiririk”.

IV kurslarda dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi məsələsindən danışan rektor bildirib ki, təhsil prosesində bəzi məsələlər öz aktuallığını itirib və tələbələrə problem yaradır. Dövlət imtahanı və buraxılış işlərinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinə edilən müraciətlərə müsbət cavab verildiyini deyən S. Seyidov ilk olaraq ADU-da gerçəkləşən bu addımın tələbələrə xeyirli olacağını digər ali məktəblərə də göstərmək fikrində olduqlarını söyləyib:
“Bu, çətin qərar oldu. Amma bilin ki, ADU-nun IV kurs tələbələri üçün dövlət imtahanı və buraxılış işləri ləğv olunub. Üzərində iş aparılan buraxılış işləri Attestasiya Komissiyasına təqdim ediləcək və tələbələrə avtomatik 9 kredit balı veriləcək”.

Dövlət imtahanları və buraxılış işlərinin əvəzinə tələbələrin hesabat hazırlayacaqlarını deyən rektor bu hesabatda tələbələrin oxuduqları müddətdə universitetin təhsil sistemi, tələbələrin bu və ya digər konfrans və olimpiadalarda fəaliyyətlərinin əks olunacağını diqqətə çatdırıb.  
Bundan əlavə, o, qeyd edib ki, buraxılış işlərini başa çatdırmaq istəyən tələbələr üçün heç bir əngəl olmayacaq və  ən yaxşı hesab olunan buraxılış işləri universitetin elmi nəşrlərində dərc olunacaq.  

Sonra universitetin Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov sözügedən məsələ barədə hazırlanan sənədlə tələbələri tanış edib.

Sonda rektor Səməd Seyidov tələbələri maraqlandıran sualları cavablandırıb.





Modern.az

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı