Modern.az

Azərbaycanda eynəkli kobralar peyda olub

Azərbaycanda eynəkli kobralar peyda olub

Ölkə

26 Aprel 2011, 15:02

Azərbaycanın Qazax, Tovuz bölgəsində yeni eynəkli kobralar peyda olub. Bu barədə Modern.az saytına məlumat verən həvəskar ovçular Azərbaycan da belə bir ilan növünü ilk dəfə gördüklərini bildiriblər. Onların sözlərinə görə, daha çox çöllüklərdə görünən eynəkli kobralar adi ilanlardan fərqli olaraq olduqca zəhərli və təhlükəlidirlər. Ovçuların sözlərinə görə, həmin ilanların Qazaxıstandan Azərbaycana gətirilən taxılın içindən çıxması barədə məlumatlar var.

Modern.az saytının əməkdaşı məsələ ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu ilə əlaq saxlayıb. İnstitutun ilanlar üzrə mütəxəssisi Sahib Heydərov mövzu ilə sualımıza cavabında bildirib ki, Azərbaycanda eynəkli kobralara rast gəlmək mümkün deyil, bu məlumatlar yanlışdır:
“Azərbaycanda heç vaxt eynəkli kobra ola bilməz. Çünki onlar bizim təbiətimiz üçün xarakterik deyillər. Eynəkli kobralar daha çox Hindistanda yaşayırlar. Bu növ kobraların Qazaxıstan və eləcə də digər Orta Asiya ölkələrindən Azərbaycanda taxıl vasitəsi ilə gəlməsi də mümkün deyil. Yəqin ki, hansısa həvəskar o kobranı xaricdən gətirib. Bizdə belə hallar tez-tez olur. Məsələn, həmin insanlar təbiətimizə yad olan heyvanları gətirirlər, amma sonradan onlara baxa bilmirlər. Məcbur olub onları təbiətə buraxırlar. Sonda da belə məlumatlar yayılır. Amma yenə də deyirəm ki, bizdə belə bir məlumat yoxdur, əgər bizə dəqiq məlumat daxil olarsa, tərəfimizdən lazımı işlər görüləcək”.

S.Heydərov bildirib ki, insanlar adi ilanları bir-birlərindən fərqləndirə bilmirlər. “Bizdə insanlar arasında ilanlar haqda məlumat çox azdır. Hətta, bəzən meşədə hər hansı ilan görüb deyirlər ki, “anakonda görmüşəm, kobra görmüşəm”. Qeyd edim ki, eynəkli kobralar daha çox Hindistanda yaşayırlar. Bu kobraların arxa tərəfində eynək naxışı olduğu üçün onlara eynəkli kobra deyirik. Orta Asiya də digər ölkələrdə isə eynəkli yox, adi kobralara rast gəlmək olar”-deyə mütəxəssis əlavə edib.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı