Modern.az

İlyas İsmayılovun sözləri kəskin etiraz doğurdu...

İlyas İsmayılovun sözləri kəskin etiraz doğurdu...

Ölkə

27 Aprel 2011, 16:17

Aslan İsmayılov: “Heç vaxt gözləməzdim...”

Novella Cəfəroğlu: “İlyas İsmayılovun öz oğlu haqsız yerə Rusiyada həbsdə oturub”

Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin iclasında millət vəkili İlyas İsmayılov Azərbaycanda ölüm hökmü cəzasının ləğv edilməsinin doğru addım olmadığı barədə fikir səsləndirmişdi. O hesab edir ki, ölüm cəzasının bərpa olunmasına ehtiyac var və bu, cinayətlərin sayının azalmasına təsir göstərə bilər.

Modern.az Azərbyacanın keçmiş ədliyyə nazirinin və hazırkı deputatın fikirlərinə münasibət öyrənmək üçün hüquqşunas və insan hüquqları müdafiəçisinə müraciət edib.

Tanınmış vəkil Aslan İsmayıov millət vəkili İlyas İsmayılovun bu təklifindən təssüfləndiyini bildirdi. “Heç vaxt gözləməzdim ki, onun kimi görkəmli hüquqşunas belə bir təklif səsləndirsin. İndi bütün dünya ölüm hökmünün ləğvinə doğru gedir”.

A.İsmayılov qeyd edib ki, ölüm hökmünün bərpa olunacağı təqdirdə ağır cinayətlərin azalması ilə bağlı qənaətləri bölüşmür.
“Qonşu İranda narkotik alverinə görə ölüm hökmü var, amma əhali sayına görə ən çox narkotikayla məşğul olan elə İrandır. Azərbaycana da elə həmin şeylər İrandan gəlir”.

“Əksinə, ölüm hökmü cəmiyyətdə aqressivliyi artırır. Mən Azərbaycanda ölüm hökmünün bərpa ediləcəyinə inanmıram. Əgər belə qərar qəbul olunarsa, bu Azərbaycanın dünyada biabır olması deməkdir. Onsuz da biz çox şeydə, o cümlədən korrupsiyada özümüzü biabır etmişik. Bu o deməkdir ki, Afrikanın cəngəllik ölkələri cərgəsinə qatılarıq”-deyə vəkil vurğulayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da millət vəkili İlyas İsmayılovun bu fikrinə mənfi münasibətini açıqlayıb. “Bu düzgün deyil. Bütün dünya ölüm hökmünün ləğv edilməsinə başlayıb. Nə ölüm cəzası..? Onun yerinə 40-45 il  həbs vermək olar ki, islah olsunlar. Harda ölüm cəzası ilə oğurluq, insan öldürmək azalıb? ” deyən N.Cəfəroğlu ölüm cəzası ilə heç nəyə nail olmağın mümkün olmadığını vurğulayıb.

Novella Cəfəroğlu hətta ömürlük həbsdə olanların işlərinə yenidən baxılması üçün müraciət etdiklərini də qeyd edib.

“Məsələn, ömürlük azadlıqdan məhkum edilən bir həkim Şəmsi Səmədzadə 15 ildir ki, heç nəyin üstündə Qobustanda həbsdədir. Sadəcə xəta baş verib. Buna görə, onun özünə, qardaşına, atasına ömürlük həbs cəzası veriblər. Qardaşını buraxıblar. O həkim böyük biznesmen olub. Hətta prezident İlham Əliyevlə bir yerdə Yaponiyaya rəsmi səfərə də gedib. Kimsə onun əlindən biznesini almaq üçün ömürlük həbs etdirib. Onun əksinə, yenidən məhkəməsi keçirilməlidir və ətraflı öyrənməlidir ki, bu şəxs kimisə öldürüb, yoxsa yox”-deyə N.Cəfəroğlu qeyd edib. Hüquq müdafiəçisi millət vəkilinin belə fikir irəli sürməsinə çox təəssüf etdiyini söyləyib.

“İlyas İsmayılovun oğlu haqsız yerə Rusiyada həbsdə oturub. Ruslar onun oğlunun üstünə külli miqdarda korrupsiya ittihamı qoyublar. Belə çıxır ki, oğlunun günahı olmaya –olmaya ölüm cəzası verərdilər? Belə bir vəziyyəti hörmətli deputat necə təsəvvür edir? Bunu fikirləşmək lazımdır”-deyə N.Cəfəroğlu bildirib.

Novella Cəfəroğlu ölüm cəzasının adamöldürmə cinayətlərinin qarşısını alamaqda bir vasitə olduğu barədə deyilənləri rədd edib.

“İranda əl kəsmək, ölüm cəzası var. Orda oğurluq, insan öldürmək azalıb? Hamısı yalan sözdür. Cinayətkarın islah olması üçün türmələr düzəltmək lazımdır. Qoy qocalana qədər orda qalsın və başa düşsün ki, nə törədib”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı