Modern.az

«Yarımaçıq» məktub…

«Yarımaçıq» məktub…

Ölkə

27 Aprel 2011, 17:25

«Axı müxalifət nə istəyir» soran Rəbiyyət Aslanovaya …

Bəri başdan sizi əmin etmək istəyirəm ki,  Azərbaycanda hal-hazırda mövcud olan ənənəvi müxalifətə heç bir bağıllığım və aidiyyatım yoxdur. Sözlərimin doğruluğunu sübut etmək üçün sizə bir neçə ay bundan əvvəl yazdığım «Başqanın qəlyanının tüstüsü» yazısını misal çəkə bilərəm. Əvvəlki illərdəki fəaliyyətimi də tədqiq etmək həvəsiniz olsa, Əli Kərimlini də kifayət qədər tənqid etdiyimin şahidi olarsınız. Sözlərimin həqiqət olduğunu daha dərindən sübut etmək üçün Prezident Administrasiyasında işləyən Elnur Aslanlının Dağlıq Qarabağ məsələsiylə bağlı verdiyi məntiqli şərhləri qəzetmizdə yazarkən, özümü saxlaya bilməyib, janrın tələblərindən kənara çıxaraq, onun açıqlamasını tərif edən cümlələri də yazıya salmağımı misal göstərə bilərəm. Xoş təsadüf elə gətirib ki, Elnur Aslanov sizin oğlunuzdur və mən belə zəkalı oğul dünyaya gətirmiş qadının yazdıqlarıma səmimi və soyuq ağılla yanaşacağına inanıram.

Yox, əgər yuxarıda qeyd etdiklərim sizi mənim bitərəfliyimə inandırmayacaqsa, Allaha və Qurana and içirəm ki, bu yazını yazarkən, nə «xarici dairələrin dəstəyinə» arxalanmışam, nə də «beynəlxalq təşkilatların qrant layihələriylə bağlı ciblərində gəzdirdikləri məlum siyahıya» düşmək niyyətim var. 

Bir sözlə, o adamlardanam ki, nə indiki müxalifətdə, nə də indiki iqtidarda yerim yoxdur. Zənnimcə, siz də cəmiyyətdəki problemləri öyrənmək üçün müxalifətdən yox, məhz bizim kimilərdən soruşmalısınız: «Sən nə istəyirsən?»

Məsələn, mən istəyirəm ki, evimizin yanındakı döngədə tikilmiş «Yuyucu sexi» - «moyka» sökülsün. Çünki o sex səkidə tikilib, mən uşaqlarımla hər səhər o səkidən keçəndə moykadakı maşınlarla bahəm iki uşağım və özüm cum-culuq su oluruq. Sonra uşaqlarımı o vəziyyətdə aparıb, uşaq bağçasına qoyub, işə gəlirəm. Bunun bir ana üçün nə demək olduğunu hiss edirsinizmi, Rəbiyyət xanım?

Ya da üstümüz-başımız su olmasın deyə, düşüb şosse yolla getməli oluruq. Düz asfalt yolun ortasıyla. Söhbət döngədən gedirsə, asfaltda iki uşaqla yol getməyin hansı təhlükələr yaratdığını yəqin ki, təsəvvür edirsiniz. Mən istəyirəm biləm ki, insanların gedib-gəldikləri səkinin bələdiyyə və ya icra hakimiyyəti tərəfindən satılması hansı qanunda yazılıb?

Mən daha nə istəyirəm? Soruşmasanız da, deyim. Mən istəyirəm ki, 7 ildən bəri yaşadığım, artıq çoxdan «JEK»in balansına keçmiş yataqxana evinə sənəd alım. Məni istəyirəm ki, mənə bu sənədi almaq üçün lazım olan arayışı verməyən «JEK» müdiri ildə bir dəfə üstümüzə adam göndərib, bizi yaşadığımız evdən bayıra tökəcəyi ilə hədələməsin. Və mənim də 300, 500 manatım cibimdə qalsın. Bundan da yuxarıda qeyd etdiyim səbəbdən tez-tez qızdıran uşaqlarımın həkiminin «cibinə basmağa» 5-10 manatım olsun.

İstəyirəm ki, Dövlət Qulluğuna qəbul üçün imtahandan və müsahibədən uğurla keçmiş, lakin Komitə sədrinin heç bir səbəb göstərmədən «burnundan vurub» geri qaytardığı həyat yoldaşım öz halalca qazandığı müvəffəqiyyətin dadını görsün. Qanuni surətdə qazandığı iş yeri ilə təmin olunsun.

Və nəhayət, mən istəyirəm ki, mənim bu problemlərimlə mən yox, bu vəzifələri yerinə yetirmək üçün dövlətdən yüksək maaş alan «çinovniklər», «məmurlar» ordusu məşğul olsun. Daha doğrusu, onlar öz işlərilə məşğul olsunlar ki, mən və mənim simamda milyonlarla Azərbaycan vətəndaşı problemlər məngənəsində ömrünü-gününü çürütməsinlər. Onlar anlasınlar ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, mənim mənzil hüququm, balarımın təhsil hüququ, həyat yoldaşımın işləmək hüququ, bizim hamımızın tibbi xidmət hüququmuz…bunlar olmayanda, heç olmasa səki ilə gedib-gəlmək hüququmuz var. Mən bu hüquqlarımın bərpasını istəyirəm. Başqa heç nə…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı