2010- cu ilin yazında baş verən daşqınlar zamanı təsirə məruz qalan rayonlardan biri də İmişli rayonu olub. Araz çayının sahilində yerləşən İmişli rayonu daha çox qrunt sularının təsirinə məruz qalıb. Ötən müddət ərzində daşqınların vurduğu ziyanın aradan qaldırılması istiqamətində Nazirlər Kabinetinin 09 iyul 2010- cu il sərəncamı əsasında sözü gedən rayonda da müəyyən işlər görülüb. Görülən işlərdən biri də rayonun özündə və ətraf kəndlərində yeni evlərin tikilməsi olub.
“Amma evlərin tikintisi zamanı insanlar arasında ayrı- seçkiliyə yol verilib, daha çox təsirə məruz qalan, qəzalı evlər deyil, tikintisinə o qədər də ehtiyac olmayan evlər tikilib və bu evlərin sahibləri daha çox imkanlı insanlardır”.
Bunu 26 İmişli sakini fövqaladə hallar naziri Kəmaləddin Heydərov və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına etdiyi müraciətdə bildiriblər. Müraciətdə daha sonra deyilir^
“Rayonda bir qisim evlər düzgün tikilməyib. Rayona gələn komissiya rayon İcra Hakimiyyətinin müavinləri və şəhər icra nümayəndəsi ilə əlbir olaraq özlərinə sərf edən insanlara evlər tikirlər. Dediklərimiz faktlara əsaslanır, biz sizə onlarla fakt göstərə bilərik... Bizim hər birimizin evləri müəyyən formada qəzalı vəziyyətdədir. Evlərimizə obyektiv baxış keçirilsə həqiqətən bizlərə də ev tikilər”.
Sakinlər müraciətin sonunda Fövqaladə Hallar Nazirliyi və vətəndaş cəmiyyətinin iştirakı ilə evlərə obyektiv baxışın keçirilməsini xahiş edirlər.
Müraciətdə qeyd olunan məsələlərin sakinlərin, yerli İcra Hakimiyyəti və digər aidiyyatı qurumların iştirakı ilə araşdırılması və müzakirə olunması üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvlərinin bölgəyə səfəri planlaşdırılır.
Bu barədə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a məlumat verilib.
Modern.az