Modern.az

Mədəniyyət yazarları muğam müsabiqəsindən danışırlar...

Mədəniyyət yazarları muğam müsabiqəsindən danışırlar...

Ölkə

28 Aprel 2011, 13:52


AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi” iki  aydan çoxdur davam edir.
Modern.az-ın məlumatına görə, fevralın 14-dən başlayaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən yarışmada 12 iştirakçı qalıb.
Təşkilatçıların verdiyi məlumata görə, müsabiqənin növbəti mərhələsi bu axşam baş tutacaq. Müsabiqənin şərtlərinə uyğun olaraq ən az xal toplayan iştirakçı yarışmanı tərk edəcək.
“Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

Bu arada  müsabiqə barədə cəmiyyətdə müxtəlif fikirlər dolaşır. Yarışmanı izləyən tamaşaçılar deyirlər ki, münsiflər heyəti bəzi məqamlarda obyektiv olmur, iştirakçılar arasında ayrı-seçkilik  edir, öz tələbələrinə və özlərinə yaxın müəllim-xanəndələrin tələbələrinə yüksək xal verirlər. Bu da tamaşacılar və digər müsabiqə iştirakçıları arasında müəyyən narazılıqlar yaradıb.

Modern.az-ın əməkdaşı müsabiqəni izləyən mədəniyyət yazarlarının da deyilənlərlə bağlı fikirlərini öyrənib.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı muğam müsabiqəsinin davamlı olaraq keşirilməsini dəstəklədiyini və belə yarışmaların Azərbaycan muğamının inkişafına müsbət təsir etdiyini bildirdi. Muğam müsabiqəni uğurlu lahiyə hesab edən həmkarımız müsabiqədə olan bir məqamla razılaşmadığını vurğuladı. Onun sözlərinə görə, müsabiqədə əyləşən münsiflərin tələbələri yarışmada iştirak etməməlidir. Bu amil münsiflər heyətinin iştirakçıları qeyri-obyektiv qiymətləndirməsinə səbəb ola bilir.
“Yarışma əvvəlcədən elə təşkil olunmalı idi ki, orada münsiflər heyətinin tərkibində əyləşən sənətçilərin tələbələri iştirak etməsinlər. Necə ola bilər ki, müəllim öz tələbəsinə qiymət versin. Burada obyektivlikdən söhbət gedə bilməz”.
C.Səlimqızının sözlərinə görə, yarışmanın münsiflər heyətinə daxil olan tanınmış musiqişünas Ramiz Zöhrabov ədalətli qiymətləndirməsilə digər həmkarlarından fərqlənir.
“Bəzən olur ki, münsiflər heyətinin hansısa üzvü iştirakçını tənqid edir, ancaq yenə də yüksək xal verir. Ramiz Zöhrabov isə öz qiymətləndirməsilə bu məqamlara öz etirazını bildirir. Zaman-zaman digər münsiflər Ramiz Zöhrabova ögey münasibət bəsləyirlər”.

“Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı muğam müsabiqəsinin keçirilməsinin Azərbaycan mədəniyyətinə, muğamına yüksək təsir etdiyini bildirdi. Onun sözlərinə görə, ümumilikdə muğam müsabiqəsi çərçivəsində 2-3 güclü səsin üzə çıxarılmasının özü mədəyyətin inkişafına yönələn addımdır.
“Bir neçə gün bundan əvvəl müsabiqə haqqında reportaj yazdım. Və bu məqsədlə də televiziyanın özünə getdim. Hadisələrin pərdəarxasını da izləmək imkanım olub. Son günlər mətbuatda müsabiqə barədə, münsiflərin qeyri-obyektiv olması barədə fikirlər dərc olunur”.
Müsabiqədə münsiflər heyətinin qeyri-obyektiv olması ilə bağlı deyilənlərlə T.Məmmədqızı razı deyil. “İstər son həftələr olsun, istər əvvəllər münsiflər iştirakçıların qüsurları olanda onları deyiblər. Ola bilsin hansısa iştirakçıcının həmin gün ifa tərzində müəyyən qüsurlar olsun, münsiflər onu qeyd etsin, amma buna baxmayaraq ona yüksək xal versinlər”.
T.Məmmədqızının sözlərinə görə, iştirakıcının bir günlük ifasına görə, qiymətləndirilməsi də iştirakçılara qarşı qeyri-obyektiv addım olar. Çünki, ümumilikdə güclü səsə malik ifacı hər hansı problemə görə, yaxşı çıxış etməyə və müsabiqədən kənarlaşdırıla bilər. Əvəzində isə zəif   iştirakcı müsabiqədə qalar.
“Müsabiqə iştirakçılarının əksəriyyəti oradakı ayrı-ayrı münsiflərin tələbələridir. Onlar öz tələbələrinin səs imkanlarını yaxşı bilirlər”.
Münsiflərdən Arif Babayevin iştirakçılara qeyri-obyektiv yanaşması ilə müəyyən qədər razı olduğunu bildirən müsahibimiz söylədi ki, A.Babayevin qarabağlılara qarşı münasibəti ilə fərqlənir və o, bu bölgənin iştirakçılarına hər zaman yüksək xal verir. 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevil Hilalaqızı hasab edir ki, müsabiqəni kütləviləşdirməyə eytiyac yoxdur. “Muğam müsabiqəsi son zamanlar kütləviləşdirilib, buna ehtiyac yoxdur”.
Son prosesləri izləmədiyini bildirən S.Hilalqızının sözlərinə görə, münsiflər arasında Əlibaba Məmmədov iştirakçılara qeyri-obyektiv yanaşması ilə fərqlənir.
Yarışmada qeyri-obyektivliyin olub-olmamsına gəlincə, həmkarımız bildirdi ki, yarışmaya istedadı olan, amma ora çıxa bilməyən insanların cəlb olunmamasın qeyri-obyektivlik doğuran səbəbdir.
“Yaxşı olardı ki, yarışmaya orda əyləşən münsiflər heyətinin tələbələri yox, ucqar rayonlardan olan istedadlı gənclər cəlb olunardı. Qeyri-obyektivlik istedadı olan, amma, onu üzə çıxara bilməyən imkansız gənclərin yarışmaya cəlb olunmamasındadır”.   

“Kulis.az” saytının əməkdaşı Ramilə Qurbanlı da digər həmkarları kimi belə bir müsabiqənin keçirilməsini yaxşı hal kimi qiymətləndirir. Ancaq Ramilə Qurbanlı da bu dəfə keçirilən muğam müsabiqəsindən narazıdır.

Qeyd edək ki, muğam müsabiqəsinin münsiflər heyətinə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Nadir Axundov daxildir.

 Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı