
Uzun müddətdir ki, axtarışda olan “Əl-Qaidə” terror qrupunun rəhbəri Üsəma Ben Ladenin öldürülməsi ilə bağlı dəfələrlə xəbərlər yayılsa da, bu dəfə faktı ABŞ prezidenti Barak Obama da təsdiqləyib. ABŞ prezidenti Ağ Evdəki çıxışında bəyan edib ki, Ben Ladenin Pakistanın paytaxtı İslamabad yaxınlarında ABŞ əsgərləri tərəfindən təşkil edilən bir hücum nəticəsində məhv edilib və cəsədi də ABŞ gücləri tərəfindən ələ keçirilib.
Modern.az saytı Ben Ladenin öldürülməsi ilə bağlı Azərbaycan siyasətçilərinin mövqeyini öyrənib.
“Ben Ladeni Amerika özü yaratmışdı, özü də öldürdü”
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadən bildirib ki, Ben Ladenin ölümü heç də təsadüfi deyil.
“Ben Ladeni Amerika özü yaratmışdı, özü də öldürdü. Bu ABŞ-ın yaratdığı bir obraz idi”-deyə qeyd edən siyasətçi vurğulayıb ki, Birləşmiş Ştatların dünyaya gətirdiyi Ben Laden faktoru dünyaya böyük fəsadlar gətirib. Onun sözlərinə görə, ABŞ yaratdığı Ben Laden faktorundan istifadə edərək III dünya müharibəsinə başlayıb:
“ABŞ ondan istifadə edərək dünyada böyük fəsadlara səbəb olan böyük miqyasda III dünya müharibəsinə başladı. Əlbəttə, Ben Ladenin ölümü bundan sonra dünyada heç nəyi dəyişə bilməz. Artıq bu proseslər davam edir, onun qarşısını almaq mümkün olmayacaq”.
“Ben Ladenin ölümü dünyada terrorizmin qarşısını almayacaq”
Azərbaycan Xalq Partiyasının qurucusu, sabiq millət vəkili Pənah Hüseyn “Əl-Qaidə” terror təşkilatının liderinin öldürülməsi ilə bağlı bildirib ki, Ben Ladenin ölümü dünyada terrorizmin qarşısını almayacaq:
“Çoxdandır ki, Ben Laden beynəlxalq terrorizmin əsas personası, simvolu sayılırdı. Bəlkə də, onun ölümü ABŞ-ın qlobal siyasəti baxımından mühüm ola bilər. Ancaq qeyd edim ki, beynəlxalq terrorizm məsələsi çoxdan qoyulub. Bu Ben Ladenlə başlayıb, onunla da qurtarmayacaq”.
Terrorun hazırki dövrdə dünyanın əsas qlobal problemlərindən biri olduğunu deyən P.Hüseyn qeyd edib ki, Ben Ladenin ölmü ilə bu problem aradan qalxmayacaq.
“Şərə qarşı şərlə yox, xeyirlə qalib gəlmək mümkündür”-deyə eks-deputat bildirib.
“Nəhayət ki, ABŞ öz istəyinə çatdı”
Müsavat Partiyasının Məclis sədri, sabiq millət vəkili Arzu Səmədbəyli hesab edir ki, nəhayət Amerika Ben Ladeni öldürməklə öz istəyinə nail ola bildi:
“Bildiyimiz kimi, bir neçə dəfə Ben Ladenin öldürülməsi ilə bağlı xəbərlər yayıldı. Sonradan bəlli oldu ki, bu məlumatlar yanlışdır. İndiki halda ABŞ prezidentinin belə açıqlama verməsi hadisənin doğruluğuna dəlalət edir. Çoxdandır ki, Amerika Ben Ladenin öldürülməsi üçün tədbirlər görürdü. Nəhayət öz östəyinə nail oldu”.
A.Səmədbəyli Ben Ladenin dünyaya heç bir yenilik gətirmədiyini bildirib. Onun sözlərinə görə, Ben Laden faktoru islam dininə böyük təzyiqlər gətirib. “Mənə elə gəlir ki, Ben Ladenin başçılığı ilə baş verən hadisələr müsəlman aləminə böyük təzyiqlər gətirdi. Bunun nəticəsində dünyada müsəlmanlardan terrorçu obrazı formalaşdı. Başqa heç nə gətirmədi.
Ben Ladenin ölümünün dünyada nəyisə dəyişəcəyini zaman göstərəcək. Bundan sonra müəyyən qədər təsiri olacaq. Ben ladenin ölümü onun tərəfdarlarına təsirsiz ötüşməyəvək”-deyə sabiq millət vəkili əlavə edib.
Anar Rüstəmov