“İctimai Palatanın hakimiyyətə “Yol xəritəsi” təqdim etməsi qeyri-ciddi bir addımdır. Tərəflərin bir-birini qəbul etmədiyi halda belə sənədin iqtidara təqdim edilməsi qeyri-etikdir”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbyacan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İctimai Palatanın təklifinə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun münasibətini şərh edərkən bildirib. Qeyd edək ki, Əli Həsənov İctimai Palatanın hazırladığı “Yol xəritəsi” layihəsinin vaxt itirməyə dəymədiyini vurğulayıb.
ADP sədrinin sözlərinə görə, öz növbəsində hakimiyyət də neçə illərdir müxalifət düşərgəsinin yeni qüvvələrə verilməsi ilə bağlı müxalifətə “Yol xəritəsi” təqdim edir və bu rədd edilir.
“İqtidar ölkədə siyasi dəyişimlər istəyirsə, o zaman müxalifəti bir kənara qoymaq olmaz. Müxalifət də bu dəyişimlərin bir hissəsi kimi iştirak etməlidir. Tərəfləri bir-birinə yaxınlaşdırmaq üçünsə siyasi dialoq olmalıdır. Bunsuz hər hansı bir “Yol xəritəsi”nin ortaya qoyulması əhəmiyyətsizdir və qeyri-ciddi təsir bağışlayır”-deyə S.Cəlaloğlu vurğulayıb.
ADP sədrinin sözlərinə görə, məhz bu dialoq əsasında “Yol xəritəsi”ni ortaya qoyacaq amillər müzakirəyə çıxarılmalıdır.
“Bunun üçün ilk olaraq demokratik əsasda yeni parlament seçkiləri keçirilməli və Milli Məclisə daxil olan müxalifətlə hakimiyyət həmin sənədi təsdiq etməlidir.”-deyə S.Cəlaloğlu qeyd edib.
Xatırladaq ki, İctimai Palatanın hazırladığı “Yol xəritəsi2nə görə hakimiyyətlə birgə Demokratik İslahatlar Komissiyası yaradılmalı və bütün sahələr üzrə islahatların aparılması təmin edilməlidir.
Modern.az