Mirmahmud Mirəlioğlu bildirib ki, hər hansı partiya ilə birlikdə siyasi qurumun yaradılması məsələsi gündəmdə deyil
“Əməkdaşlıq etdiyimiz partiyalarla birlikdə heç bir siyasi qurum yaratmayacağıq”. Bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu rəhbərlik etdiyi partiyanın Liberal Partiyası və VİP-lə birlikdə siyasi qurum yaradacaqları ilə bağlı səslənən fikirləri Modern.az saytına şərh edərkən deyib. O, bu fikirləri təkzib edib və bildirib ki, hər hansı partiya ilə birlikdə siyasi qurumun yaradılması məsələsi gündəmdə deyil:
“Müzakirələrin sonunda hər hansı siyasi qurumun yaradılması gündəmdə yoxdur. Görüşdüyümüz partiyaların bir neçəsinin əməkdaşlıq etdikləri siyasi qurumlar, təşkilatlar var. Biz isə bunların hamısı ilə birlikdə toplaşıb bir məsləhətləşmə və əgər alınacaqsa, daha geniş tərkibdə əməkdaşlıq etməyə çalışırıq. Qeyd edim ki, biz təkcə görüşdüklərimizlə deyil, görüşmədiklərimizlə birgə əməkdaşlığa nail olmaq istəyirik. Bu istiqamətdə işlər davam edir”.
KXCP sədri vurğulayıb ki, onlar təkcə VİP və Liberal Partiyası ilə deyil, digər siyasi partiyalarla da görüşlər keçirirlər.
“Biz ADP və Ümid Partiyası ilə də bir sıra görüşlər keçirmişik. Hazırda da görüşlərimizi davam etdiririk. Biz aparıcı partiyaların məsləhətləşməsini vacib hesab edirik və Azərbaycanın problemlərini həmin məsləhətləşmə masasında müzakirə edirik”-deyə M.Mirəlioğlu qeyd edib.
Anar Rüstəmov