Modern.az saytı xəbər verir ki, Gəncə şəhərində ağır qətl hadisəsi törədilib. Hadisə hüquq-mühafizə orqanında işləyən iki polis işçisinin iştirakı ilə baş verib. DİN mətbuat xidmətinin məlumatına görə, olay mayın 17-də saat 14.00 radələrində Gəncə şəhərinin Avtozavod adlandırılan ərazisində törədilib.
Kəpəz RPŞ-nin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirib.
Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov Modern.az-a bildirib ki, hadisə Avtozavod qəsəbəsində polis serjantı Mehdi Həsənova məxsus maşında qeydə alınıb. Nahar etməyə gedən qohumların söhbəti çəpləşdiyindən polis kapitanı İnqilab Sadıqov Mehdi Həsənova bıçaqla xəsarət yetirib. İnqilab hadisəni törətdikdən sonra Mehdi Həsənovu xəstəxanaya aparsa da, gec olub.
Qeyd edək ki, polis kapitanı İnqilab Sadıqov saxlanılaraq artıq istintaqa təhvil verilib. Kəpəz Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov və onun köməkçisi Mehdi Həsənov bir neçə illərdir ki, Gəncə bazarlarının birində xidmətlərini davam etdirirdilər.
Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır.
Modern.az