
“Eurovision-2011” beynəlxalq mahnı müsbaiqəsində qələbə çalmaqla Azərbaycanın adını bütün Avropada tanıdan təmsilçilərimiz barədə hər yeni məlumat oxucular üçün də maraq doğurur.
Modern.az saytının məlumatına görə, xarici mətbuat Azərbaycana qələbə qazandıran Eldar Qasımov və Nigar Camal barədə çeşidli məlumatlar dərc etməkdədirlər.
Britaniya mediası isə “Eurovision-2011”in qalib duetindən bu ölkəyə də pay düşdüyünü yazır. Bu da Nigar Camalın Britaniyanın paytaxtı Londonda yaşaması ilə əlaqələndirilir.
Londonda çıxan “Mirror” qəzeti N.Camal barədə belə yazıb: “O Bakıda doğulsa da, Birləşmiş Krallıq onun uğurunu öz qələbəsi saya bilər”.
Britaniyanın digər qəzeti “Telegraph” də yazır ki, müsabiqədə qələbə qazana bilməsə də, Britaniyaya Azərbaycan duetinin uğurundan pay düşür. “Telegraph”da çıxan məqalədə bildirilib ki, Nigar Camal əri Luke və iki uşağı - Jasmin və Saida ilə Londonda yaşayır.
Britaniya mediasındakı məlumatlarda bildirlib ki, Nigar əri və iki uşağı ilə Londonun şimalında – Enfilddə yaşayır. Şimali London Azərbaycan diasporunun yaşadığı əsas ərazidir.
BBC radisosu isə Londonun şimalında yaşayan azərbaycanlıların Nigar Camalın qələbəsini birlikdə qey etdiyini bildirib.
“Britaniyalıların heç olmasa təsəllisi budur ki, yarışın qalibi Nigar Camal Londonludur”-deyə BBC bildirib.
«Eurovision TV» hələ final öncəsi Nigar Camalla Eldar Qasımovun məşqini izləyərkən təmsilçilərimizə şəxsi həyatları barədə də suallar verib.
«Mən 2 uşaqlı evdar qadın idim. Altı ay əvvəl bunu heç arzulaya bilməzdim» deyə Nigar Camal «Eurovision TV»nin sualını cavablandırarkən söyləyib. Nigar «həyat yoldaşınız başqa bir oğlanla romantik mahnı ifa etməzinə etiraz etmir ki» sualına isə belə cavab verib: «Əlbəttə ki, yox».
Mayın 17-də Bakıda keçirilən mətbuat konfransında Nigar Camal ailəsi barədə sualı xəsisliklə cavablandırıb: “Həyat yoldaşım Böyük Britaniya vətəndaşı olan türkdür. Türkiyə bayrağı ilə səhnəyə çıxmağımla onu göstərmək istədim ki, bu, bütün türk dünyasının qələbəsidir”.
Nigar Aydın qızı Camal 7 sentyabr 1980-ci ildə Bakıda dünyaya gəlib. 1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak etmiş, 1996-cı ilin may ayında müsabiqənin fəxri diplomunu qazanıb. 1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirib. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil alıb. 2005-ci ailə həyatı qurub və Londona köçüb. İki uşaq anasıdır. RB (ritm bluz ), Soul və Pop janrlarında musiqilər ifa edir.
A.Qorxmaz