“Qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra bərpa edilib”
Modern.az-ın məlumatına görə, hakim partiyanın saytına açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev bildirib ki, qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra bərpa edilib: «Həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm hissəsini təşkil edən məsələlər sırasında işçilərin əmək hüquqlarının müdafiəsinin həyata keçirilməsidir. Təkcə 2010-cu ildə Azərbaycan Həmkarlar İttifaqlarına ümumilikdə daxil olan 158627 ərizə-şikayətin 98,5 faizi işçilərin mənafelərinə uyğun olaraq öz müsbət həllini tapıb».
S.Mehbalıyev qeyd edib ki, bu dövr ərzində rəhbər işçilər tərəfindən 17854 nəfər qəbul edilib. Onun sözlərinə görə, qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra bərpa edilib. İl ərzində işəgötürənlərin həmkarlar ittifaqlarına müraciət etmələrinə baxmayaraq, həmkarlar ittifaqları tərəfindən 452 nəfərin işdən çıxarılmasına razılıq verilməyib.
«Həmkarlar ittifaqlarının bu cür prinsipiallıq və obyektivlik göstərmələri, qərəzsiz olmaları onlara inamı artırır. Bəzi işəgötürənlərin müqavimət göstərmələrinə baxmayaraq, həmkarlar ittifaqlarının bacarığı və fəallığı sayəsində ötən il işəgötürənlərlə 11890 kollektiv müqavilə və 130 saziş bağlanıb»- deyə S.Mehbalıyev vurğulayıb.
Modern.az